İpoteka kreditlərinin həcmi 7 dəfə azalıb

ipoteka2016-cı ilin yanvar ayında Azərbaycan İpoteka Fondunun (AİF) vəsaitləri hesabına ipoteka kreditləşməsinin həcmi 0,6 mln. manat təşkil edib ki, bu da 2015-ci ilin yanvar ayının göstəricisindən 7 dəfə azdır. Bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.

AMB-nin məlumatına əsasən, yanvar ayında AİF 4,2 mln. manat məbləğində krediti təkrar maliyyələşdirib (azalma 16%).

AİF 2005-ci ilin dekabr ayında yaradılıb və 2006-cı ilin martında ipoteka kreditlərinin verilməsinə başlayıb.

Azərbaycanda sosial ipotekanın verilməsinə 2007-ci ildən başlanılıb və 6 ay davam edib. AİF 2009-cu il iyunun 1-dən 30 agent bank vasitəsilə kommersiya şərtləri ilə ipoteka kreditlərinin verilməsi prosesini bərpa edib. Kommersiya şərtləri ilə ipoteka kreditləri dövlət büdcəsi vəsaitlərinin hesabına deyil, fondun öz istiqrazlarını buraxmasından cəlb etdiyi vəsaitlər hesabına verilir.

Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 50 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir.

Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği 50 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil.

2015-ci ildə AİF-in agent bankları 97,2 mln. manat məbləğində ipoteka krediti veriblər.

Mənbə: “İnterfaks-Azərbaycan”