İnstitut direktorundan siyasi repressiyanın etirafı

sahveled_cobanogluŞahvələd Çobanoğlu

 

Özü vaxtilə Heydər Əliyevin avtoritarlığından, onun üsyançı Surət Hüseynovla müttəfiqliyindən, yerliçiliyindən, ailə-bürokratiya kapitalizmi qurmasından yazan Ilham Məmmədzadə  M.Ə.Rəsulzadə araşdırıcısı Yadigar Türkeli Heydər Əliyev haqda tənqidi cümləsinə görə işdən çıxarıb…

Azərbaycan cəmiyyəti olayın detallarından tam xəbərdar deyil. Orda-burda yazdılar ki, AMEA-nın Fəlsəfə və Hüquq Institutunun direktoru Ilham Məmmədzadə işdə az olduğuna görə alimi tutduğu vəzifədən çıxarıb. Vəzifə dedikdə, fəlsəfə doktoru Yadigar Türkelin institutdakı aparıcı elmi işçi vəzifəsindən söhbət gedir. Onun bütün həyatını kitabxanalara bağlayan vəzifəsindən.

Heç bilirsiniz, bu Yadigar Türkel kimdir? Axırıncı dəfə onu Yasamalda bir məhəllə məclis evində keçirdiyi tədbirdə görmüşəm. Həmkarlarımdan biri məni M.Ə.Rəsulzadənin yeni kitabının təqdimatına çağırmışdı. Təbii ki, tədbirin yeri qəribə gəldi mənə, amma indiki gerçəklikdə bunu anlamağa çalışdım. Orda bildim ki, cümhuriyyət qurucusunun yeni kitabını Yadigar bəy nəşrə hazırlayıb. Hətta xərcini də özü çəkib. Təqdimatı açanda çıxış etdi və söylədi ki, imkanı olsaydı, M.Ə.Rəsulzadə ilə bağlı tədbiri ən parlaq saraylarda keçirərdi, ən azı şadlıq evlərinin birini kirayələyərdi. Amma hələ Məmməd Əmin bəyin neçə kitabı imkansızlıqdan nəşrini gözləyir və ona görə tədbiri burada keçirməyi qüsur bilməyək.

Düzünü deyim, çox təsirləndim…

Tədbir ağ köynəkli məktəblilərin Azərbaycan haqda şeirləri ilə başladı. Rəsmən bitəndə isə ayağa durduq, amma Yadigar bəy hamını yenidən əyləşdirdi. Sonra çay və qutab gətirdilər stollara. Dedi ki, Məmməd Əmin bəyin tədbirindən ağzımız dadlı getsin – özü evdə hazırlatdırıb. Mən bu sadə, fədakar insana heyran qaldım. Ölkəmizi bu cür sevən bir yurddaşımın olması ilə qürur duydum.

Indi Yadigar bəyi işdən qovublar. Elə bilirsiniz işə az gəldiyinə görə?! AMEA Fəlsəfə və Hüquq Institutunun  direktorunun KIV-ə açıqlaması var, müxtəlif saytlarda yayılıb. Orada əvvəlcə deyir ki, Yadigar Türkel işə çox az gəlib, ona görə işdən çıxarılıb, amma nə hikmətdirsə, dərhal hər şeyi özü açıb tökür və yazır: “Bundan başqa, Aleksandr Şepetyevinÿ”Azərbaycan türklərinin hüququ olan Qafqazdakı mübahisəli ərazilər haqqında məruzə”ÿkitabının AMEA Fəlsəfə və Hüquq Institutunun “Siyasi nəzəriyyələr” şöbəsinin aparıcı elmi işçisi Yadigar Türkel Sahibəli oğlu tərəfindən yazılmış “Ön söz”ündəÿ”Heydər Əliyevin dövlət çevrilişi nəticəsində hakimiyyətə gəlməsi”ÿifadəsinin işlədilməsi ilə Azərbaycan Respublikasının prezidenti olmuş Heydər Əliyevin şərəf və ləyaqətinin ləkələnmə və alçaldılması əməlinə yol verilmişdir”.

Indiyədək heç bir qurum, heç bir rəsmi şəxs Azərbaycanda kiminsə siyasi təqibə məruz qaldığını bu cür etiraf etməmişdi. Bu da sübut. Siyasi repressiya deyilmi? YAP-çılar oxuyub sussunlar. Hüquq institutunun direktorudur bu adam. Fundamental hüquq olan ifadə azadlığının necə ayaqlar altına atıldığını etiraf edir. 37-ci ildirmi? Heydər Əliyev hazırda prezident deyil, olsa belə hər kəsin söz azadlığı var, Yadigar Türkelin fikirlərində heç bir şəxsi təhqir, şərəfi ləkələmə halı yoxdur və hər kəs kimi o da Heydər Əliyevin necə hakimiyyətə gəlməsi barədə sərbəst fikir söyləyə bilər.  Bir də ki, Fəlsəfə və Hüquq Institutu şərəf və ləyaqətin ləkələnmə və alçaldılması məsələsi ilə məşğuldur? Məhkəmədir?

Ona qalsa, Ilham Məmmədzadənin özünün yazdığı nə hesab olunmalıdır? Yadigar bəyin açıqlamasından oxudum ki, o da  Heydər Əliyev haqda az yazmayıb – Heydər Əliyevin avtoritarlığından, üsyançı Surət Hüseynovla müttəfiqliyindən, yerliçiliyindən, ailə-bürokratiya kapitalizmi qurmasından. Gözlərimlə görmək üçün internetdə axtarış etdim və Ilham Məmmədzadənin 2001-ci ildə yayılmış “AVTORITARNIY REJIM V AZERBAYDJANE I PROBLEMI EQO TRANSFORMATSII” adlı yazısını gözlərimlə gördüm.

Lap yaxşı! Yazmaq onun hüququdur. Bəs Yadigar Türkel niyə yaza bilməz?!

Mən nəyə təəssüf edirəm? Cəmiyyət Yadigar bəyin hüquqlarını müdafiə etməlidir. Ömrünü Rəsulzadəyə həsr etmiş, təmənnasız, özünü gözə soxmayan, reklam eləməyən fədakar bir alimi həm insan haqlarına görə, həm cümhuriyyət babalarımıza görə, həm də öz dəyərlərimizə görə müdafiə etməliyik.