“Nə Amerika, nə Türkiyə, nə də “KQB” deyəcək ki, o, bizim agentimizdir”
Maliyyə naziri Samir Şərifovun Rusiya, Türkiyə və ABŞ xüsusi xidmətlərinə işlədiyi haqda Amerikaya sığınan sabiq sovet kəşfiyyatçısı Yuri Şvetsin açıqlaması ciddi rezonans doğurub.
Modern.az bu iddia ilə bağlı təhlükəsizlik məsələləri üzrə ekspert, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçmiş əməkdaşı İlham İsmayılın fikirlərini öyrənib.
İ.İsmayıl deyib ki, məxfi məsələlərin üzə çıxması qeyri-mümkündür. Onun sözlərinə görə, ortada maliyyə naziri ilə əks mövqedə dayananlar var.
“Bəzi adamlar kənar mənbələrə əsaslanıb deyirlər ki, 3 ölkənin agentidir. 3, bəzən də 4 ölkənin agenti olmaq mümkündür. Maraqlıdır, onun bu 3 ölkənin agenti olmasını kim öyrəndi? Bu, açıq olan məsələ deyil. Çünki ABŞ, Türkiyə kimi dövlətlərdən, keçmiş DTK kimi bir sistemdən kim açıqlayıb deyər ki, bu, bizim agentdir. Kim bu cür məxfi baryerləri aşıb?
Hesab edirəm ki, bu, siyasi mübarizədə Samir Şərifova rəqib olan adamların iddiasıdır. Sabah nə Amerika, nə Türkiyə, nə də “KQB” deyəcək ki, o, bizim agentimizdir. Və ya olub, olmayıb. Belə bir şey mümkün deyil. Həmin adamlar bunu sübut belə, edə bilməzlər. Bu gün Azərbaycanda baş nazirlik uğrunda faktiki olaraq əl altından mübarizə gedir. Namizədlərdən biri kimi maliyyə naziri Samir Şərifovun adı çəkilir. Ona görə də bu, Samir Şərifovun rəqibləri, əks mövqedə dayananların ortaya atdıqları oyundur”, – deyə İ.İsmayıl fikrini açıqlayıb.