Türkiyə Azərbaycana viza rejimi tətbiq edə bilər

viza

Mehman Əliyev: «Türkiyə ilə Azərbaycan arasında liberal viza rejiminin qalması üçün Bakının da Avropa ilə yaxınlaşmasına ehtiyac var»

Türkiyə 89 ölkə ilə həyata keçirdiyi viza razılaşmasını ləğv edə bilər. Türkiyənin “Milliyyət” qəzeti yazır ki, iyunda həmin ölkələrlə razılaşdırılmış viza qaydalarına yenidən baxılacaq.

Avropa Birliyi ilə razılaşma çərçivəsində Türkiyə vətəndaşlarının Şengen bölgələrinə vizasız gediş-gəliş proseslərini sürətləndirmək qərarı verilib. AB-nin qapılarını Türkiyənin üzünə açması üçün şərtlərdən biri də Ankaranın 89 ölkə ilə viza rejiminə yenidən baxmasıdır.

Son illərdə həm turizmi, həm də ticarət əlaqələrini canlandırmaqdan ötrü Türkiyə Yaxın Şərq, türk dövlətləri, keçmiş sovet respublikaları ilə viza rejimini qaldırmışdı. Həmin ölkələrdən biri də Azərbaycan idi. Qısa müddətə (1 aylıq) qonşu ölkəyə gedən azərbaycanlılara yalnız bilet almaq lazım idi.

Indi Türkiyənin viza rejimini tətbiq edəcəyi gözlənən ölkələr arasında Azərbaycanın da adı çəkilir.

elxan-shahinoglu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, əgər Azərbaycan da vaxtında Türkiyəyə qarşı viza rejimini aradan qaldırsaydı, indi bu məsələ o qədər aktual olmazdı: “Düzdür, inanmıram ki, Türkiyə-Avropa Birliyi arasında əldə edilən saziş belə tezliklə icra edilsin. Amma tələb olsa, Türkiyə buna gedəcək. Əgər Azərbaycan vaxtında Türkiyə vətəndaşlarına viza rejimini ləğv etsəydi, bu məsələdə Azərbaycan istisna ola bilərdi. Avropa Birliyinin tələbi qarşısında artıq Türkiyə hakimiyyətinin əlində arqument olacaq ki, onsuz da Azərbaycan da onun vətəndaşlarına viza tətbiq edir”.

Ekspert hesab edir ki, viza rejiminin bərpası turist və ticarət əlaqələrinə təsir edəcək. O ümid eləyir ki, Türkiyə, ən yaxşı halda, Azərbaycan vətəndaşlarının pasportuna hava limanlarında viza vuracaq: “Əksi olsa, biz əvvəlki illərdəki kimi, Türkiyənin Azərbaycanın səfirliyində böyük növbələr görəcəyik. Viza alan zaman növbələrdə dayanmalıyıq, açıqlama verməliyik ki, niyə gedirik, nə müddətə gedirik, prosedurlar mürəkkəbləşəcək”.

Elxan Şahinoğlu deyir, azərbaycanlılar üçün Türkiyə vacib ölkədir: “Azərbaycanlılar Türkiyəyə gəzməyə, alış-verişə, həkimə, iş dalınca gedirlər. Adətən, bu kateqoriyaya mənsub insanlar Türkiyədə bir aydan artıq qalmırlar və bunun üçün viza lazım deyil. Indi viza rejiminin tətbiqi həm maliyyə, həm də vaxt itkisidir. Viza üçün müəyyən sənədlər tətbiq etməyə ehtiyac yaranacaq”.

O vurğulayır ki, Gürcüstan Türkiyənin strateji müttəfiqi olmadığı halda iki ölkə vətəndaşları bir-birinə, sadəcə, şəxsiyyət vəsiqəsi ilə gedə bilirlər. Elxan Şahinoğlu deyir ki, bəlkə də Azərbaycanı viza recimindən xilas etməkdən ötrü rəsmi Bakının Türkiyəyə qarşı viza rejimində dəyişiklik etməsinə fürsət yaranıb.

Türkiyənin Turizm Nazirliyinin məlumatına görə, ötən ilin yanvar-iyun aylarında Azərbaycandan qonşu ölkəyə bir milyona yaxın adam gedib (azadliq.org).

Ekspertlərin fikrincə, yaranmış vəziyyətdə Azərbaycanın çıxış yolu Avropa Birliyi ilə münasibətləri normallaşdırmaqdan keçir. Şərq Tərəfdaşlığı layihəsi çərçivəsində götürülən öhdəliklərin icrası rəsmi Bakını Brüssel ilə yaxınlaşdıra bilər ki, bu da öz növbəsində Türkiyə ilə mümkün viza rejiminin aradan qalxmasına gətirib çıxara bilər. AB ilə əlaqələrin inkişafı Azərbaycana həm iqtisadi, həm də siyasi yönümdə xeyli dvidentlər gətirə bilər. Lakin bu münasibətlərin inkişafında başlıca maneə hakimiyyətin maraqlarıdır.

mehman-aliyev-yeni1

“Turan” Informasiya Agentliyinin direktoru Mehman Əliyev də hesab edir ki, Türkiyənin yaranmış vəziyyətdə Azərbaycana qarşı da viza rejimini tətbiq etməsi qaçılmaz olub. M.Əliyevin sözlərinə görə, Türkiyə ilə Azərbaycan arasında liberal viza rejiminin qalması üçün Bakının da Avropa ilə viza rejimini liberallaşdırmasına ehtiyac var: “Əks halda Azərbaycan vətəndaşlarının Türkiyəyə gedib-gəlməsiylə bağlı problem avtomatik olaraq yaranacaq. Ona görə Azərbaycan Avropa Birliyi ilə əməkdaşlığa fikir verərək, bu təşkilata daxil olan ölkələrlə viza rejiminin sadələşdirilməsinə keçməlidir”.

Xəyal