Azərbaycan məhkum sayına görə Avropada 3-cü yeri tutur

mehkumluq

Məhkumlarının sayına görə Rusiya dünyada liderdir

Müzəffər Baxışov: «Azərbaycanda insanlar hətta cinayət törətmədiyi halda belə cinayət məsuliyyətinə cəlb olunurlar»

Avropa Şurası qitə ölkələrindəki qadın həbsxanaları ilə bağlı xüsusi hesabat yayıb. Azərbaycan 100 min nəfər vətəndaşa düşən məhkum sayına görə (238 nəfər) Avropada 3-cü pillədə qərarlaşıb.

Məhkum sayına görə, Rusiya 1-ci (467), Litva 2-ci (305), Gürcüstan 4-cü (227,9 nəfər), Estoniya 5-ci (225 nəfər) və Ukrayna 6-cı (204 nəfər) pillədə qərar tutub.

Avropa Şurasının məlumatına görə, Rusiya 100 min nəfərə düşən narkotiklə bağlı cinayətlərə görə də Avropa lideridir. Bu statistikada 2-ci yeri Gürcüstan, 3-cü yeri isə Azərbaycan tutur.

Avropada 100 min nəfərə düşən ortalama məhkum sayı 124, məhkumlar arasında ölüm halları isə 10 min nəfərə 28 ölüm epizodundan ibarətdir.

Rusiya Penitensiar Xidmətə ildə 6,4 milyard avro vəsait xərcləyib və bu göstəriciyə görə də liderdir (modern.az).

Məhkumların sayına təsir göstərən əsas faktorlardan biri də ölkədə ədalət məhkəməsinin olmamasıdır. Məhz bu üzdən hazırda həbsxanalarda cəza çəkən xeyli sayda günahsız vətəndaşlar var. Onlar sırasında şərlənərək həbs olunanlar xüsusi üstünlük təşkil edir. Bundan başqa, bu siyahını formalaşdıran faktorlara nəzər salanda ölkədə 100-dən artıq siyasi məhbusun olması faktını da unutmaq olmaz.

Belə bir hesabatın meydana gəlməsi eyni zamanda hökumət rəsmilərinin açıqladığı rəqəmlərin də reallıqdan uzaq olduğunu göstərir. Belə ki, hökumət rəsmiləri bəyan edir ki, Azərbaycanda hər ötən il cinayətkarlığa qarşı mübarizənin güclənməsi nəticəsində, cinayətkarlığın qarşısı alınıb. Əgər bu açıqlama doğrudursa, o zaman ölkənin siyahıda 3-cü yer tutması nəylə bağlıdır.

Hüquqşünas Müzəffər Baxışov hesab edir ki, Azərbaycanın cinayət qanunvericiliyi həddindən artıq qüsurludur. M.Baxışovun sözlərinə görə, Azərbaycanın Cinayət Məcəlləsi Rusiyanın eyni qanunundan olduğu kimi köçürmədir. Azərbaycanın Cinayət Məcəlləsində yalnız bir-iki istisnanın olduğunu deyən M.Baxışov bildirdi ki, elə əməllər var ki, onlar Avropada cinayət sayılmasa da, ölkəmizdə cinayət məsuliyyəti yaradır: “Amma dünyanın demokratik, hüquqi dövlətlərində cinayət əməlləri mütamadi olaraq yenilənir. Onlar cinayət kateqoriyasından çıxardılaraq inzibati pozuntu və ya mülki məsuliyyət kimi qanuna salınır. Azərbaycanda hüquqi dövlət olmadığına görə Rusiya Cinayət Məcəlləsi olduğu kimi köçürüldüyündən inzibati hüquqi pozuntu kimi təsbit olunan əməllər də cinayət sayılır”.

Azərbaycanda insanların hətta cinayət törətmədiyi halda belə cinayət məsuliyyətinə cəlb olunduğunu deyən M.Baxışov vurğuladı ki, bu da sayın artmasına səbəb olur. M.Baxışovun fikrincə, məhbusların sayının azaldılması üçün Azərbaycanın yeganə çıxış yolu Cinayət Məcəlləsini dünya ölkələrinin qanunlarına uyğunlaşdırmaqdır: “Bu yaxınlarda Azərbaycanda Cinayət Məcəlləsinə 318-2-ci maddə əlavə olundu. Bu maddənin mahiyyətinə görə, əgər konkret bir şəxs digər dövlətin vətəndaşlığını əldə edirsə və bir ay müddətinə bu barədə icra hakimiyyəti orqanına məlumat vermirsə, o, cinayət məsuliyyətinə cəlb olunur. Bu absurd və dünyanın heç yerində tətbiq olunmayan normadır”.

Xəyal