Nərgiz Paşayevadan Rəsulzadə və Cümhuriyyəti tərifləyən çıxış

nergiz pashayeva resulzadeMartın 3-də Londonda, Böyük Britaniya parlamentinin Lordlar Palatasının yüksək səviyyəli tədbirləri keçirilən və İngiltərənin keçmiş Baş naziri Aleksandr Duqlas-Hyumun şərəfinə “Hоme Room” adlandırılan məşhur zalda İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri, Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin Azərbaycan tərəfdən rəhbəri, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva və İngiltərə-Azərbaycan Cəmiyyətinin Böyük Britaniyadan olan həmsədri, Britaniya parlamentinin Lordlar Palatasının üzvü Lord German birgə “dəyirmi masa” keçiriblər.

Tədbirdə Britaniya parlamenti Lordlar Palatasının üzvləri, görkəmli ictimai və siyasi xadimlər, jurnalistlər, alimlər, məşhur Britaniya tarixçisi, yazıçı-ssenarist, BBC telekanalında və radiolarda aparıcı kimi çalışmış, Ssenaristlər Gildiyasının mükafatı ilə təltif edilmiş, bir çox elmi-fəlsəfi kitab və əsərlərin müəllifi xanım Bettani Hyuz, Britaniya parlamenti Lordlar Palatasının üzvləri Lord Qrin, baronessa Endryus, baronessa O’Kahoyn, Oxford Universitetinin Şərqşünaslıq İnstitutunda iki il əvvəl yaradılmış Nizami Gəncəvi Mərkəzinin Böyük Britaniya tərəfdən rəhbəri, şərqşünas-alim, institutun aparıcı professoru Robert Hoyland iştirak ediblər.

Cəmiyyətin həmsədri, professor Nərgiz Paşayeva iştirakçılara bu tədbirə qatıldıqlarına görə təşəkkürünü bildirdi. Humanitar əlaqələrin dünyada çox böyük əhəmiyyət kəsb etdiyini, onların sarsılmaz və qırılmaz olduğunu bildirən professor Nərgiz Paşayeva dedi: “İqtisadi-siyasi əlaqələr qurula da bilər, qırıla da bilər. İnsani münasibətlər, vətəndaş cəmiyyətinin münasibətləri isə bir təməl kimi həmişə etibarlı, yararlı olur. Artıq on ilə yaxındır ki, mən İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədriyəm. Bu illər ərzində çox şey qazanmışam. Söhbət yalnız bizim daxilində çalışdığımız, hələ 1997-ci ildə yaradılmış qeyri-hökumət təşkilatından getmir, mən böyük mənada İngiltərə cəmiyyətini nəzərdə tuturam. Qədim ənənələrə, şanlı tarixə və mədəniyyətə malik olan bu cəmiyyəti yaxından, daxildən tanımağıma çox şadam. Əminəm ki, bu gün biliklərin mübadiləsi çox vacibdir. İnsanlar öz biliklərinin və müsbət arzularının ardınca gedəndə mənəvi dəyərlərini də aparırlar”.

Azərbaycan haqqında növbəti görüşlərdə daha ətraflı müzakirələr aparılacağına ümidvar olduğunu bildirən professor N.Paşayeva dedi: “Mən bir fililoq kimi XX əsrin əvvələrindən başlayaraq 20 ili əhatə edən dövrü araşdırıram və deyə bilərəm ki, 1905-1920-ci illər Azərbaycan tarixində intibah, yüksəliş, keyfiyyətcə yenilənmə dövrü, tarixə qızıl hərflərlə yazılan bir zaman oldu. Bu illərdə baş verən tarixi hadisələr, yaranan dəyərlər olmasaydı, indi gördüyümüz müasir Azərbaycan dövlətinin və cəmiyyətinin mövcudluğu şübhə altında ola bilərdi. Müasir, mədəni, bədii-estetik, proqressiv, elmi-intellektual, insani və ləyaqətli, mənəvi dəyərlərin məhz o zaman, o dövr çərçivəsində bugünkü təməli qoyuldu.Müsəlman Şərqində ilk respublika – Azərbaycan Xalq Cumhuriyyəti (AXC) yarandı. Respublikanın ömrü, əfsuslar ki, 23 ay çəkdi. Amma bu 23 ay tariximizin milli qəhrəmanlıq kvintessensiyasına çevrildi. Azərbaycanda çoxpartiyalı hakimi-mütləq parlament yaradıldı. Qadın və kişilərin bərabərhüquqluluğu, qadınların seçki hüququ, söz və fikir azadlığı elan olundu, bütün vətəndaşlar bərabər hüquqda yaşamaq imkanı əldə etdi, senzuradan azad mətbuat yaradıldı. 60-dan çox jurnal və qəzet nəşr olunmağa başladı, tənqidi, realist və demokratik ədəbiyyatımızın təməli qoyuldu, Şərq ədəbiyyatı üçün yeni ədəbi janrlar və formalar yaradıldı, satirik mətbuat və karikatura janrı inkişaf etdi. Şərqdə ilk opera yazıldı və 1908-ci ildə tamaşa səhnəyə qoyuldu. Qadınlar çadradan azad oldular, onlar aktrisa kimi səhnəyə çıxa bildilər, qızlar üçün gimnaziya yaradıldı. Teatr sənəti inkişaf mərhələsinə qədəm qoydu, siyasi, hərbi, hüquqi və iqtisadi islahatlar aparılmağa başladı, vacib qanunlar qəbul edildi. Birinci dünyavi universitet yaradıldi, konservatoriya açıldı. Avropa memarlıq üslubunda binalar tikildi.

Azərbaycanda demokratik düşüncəli ziyalı elita hakimiyyətə gəldi. Onlar akademik təhsil almış yüksək mənəvi dəyərlərə malik insanlar idı. Böyük vətənpərvər və dövlət xadimi Məhəmməd Əmin Rəsulzadə və onun parlaq çevrəsi Şərqdə ilk demokratik respublikanın yaradıcıları kimi ali ideyaları təlqin edirdilər. Bu, azadlıq və hürriyət, demokratiya və bərabərlik ideyaları idi. Respublikanın əsas üstün cəhətlərindən biri də onun Avropa inkişaf yoluna üstünlük verməsində idi. Bir çox məqamlarda həmin ideyalar öz bəhrəsini verdi.

Beləliklə, Şimali Azərbaycanda demokratik və müasir ideyalar kök saldı. Təməli o zaman qoyulan ideya və ənənələri biz hazırda qorumağa çalışırıq. Tarixçilər yaxşı bilirlər, 70 ildə bolşeviklərin əldə edə bilmədiklərinə 23 ayda bu respublika nail oldu. Ədalətin, azadlığın, vətənpərvərliyin, mədəni millətlər ailəsinə qovuşmaq istəyinin əməldə, real həyatda təzahürünü verə bildi. Bu dəyərlər həqiqi, unudulmaz dəyərlər idi. Ona görə də heç zaman sovet sisteminin 70 illik saxta ideologiyası gücünə unudula bilməzdi və unudulmadı. Dövlətin himni yazıldı, bayrağı qaldırıldı. Onu da xüsusi qeyd etmək istərdim ki, 1918-ci il dekabrın 7-də üçrəngli bayraq parlament binasında ucaldıldı. Üçrəngli bayrağın qaldırılmasına o zaman Azərbaycanda olan ingilis qubernatoru general Tomsonun böyük dəstəyi olub. O, Bakının qubernatoru olan müddətdə insanlar özünü daha rahat hiss edirdilər. Məhz onun təlimatı əsasında üçrəngli bayrağımız respublika devrilənə qədər daim parlamentin binasında ucaldıldı. Həmin bayraq indi də milli bayrağımızdır”.

(turkustan.info)