Hesabımıza İlham Əliyev yeniyetmə oğlan kimi kef etsin…

melahat_agacanqiziMəlahət Ağacan Rübabə

Hər il olduğu kimi, bu il də 8 Mart Beynəlxalq Qadınlar Bayramından əvvəl hədiyyə, medal, təbrik tozanağından ölkəmizdə göz-gözü görmədi, qulaq-qulağı eşitmədi. Sanki 8 Mart camaatımız üçün milli bayramımız olan Novruzun birinci hissəsidir:   martın 1-i  Mehriban Əliyevanı ANS “İlin adamı” elan etdi. Martın 2-si pulu olan kişilər arvadlarını, yüksək vəzifəlilər katibələrini, deputatlar isə alt paltarlarında ən çox seçki bülleteni gizlədən seçicilərini təbrik etdilər.

 

Əcəba, niyə hər il ölkəmizdə 8 Mart yeddi gün əvvəldən başlayır? Bəlkə, ona görə ki, Azərbaycanda qadınları çox sevirlər?! Bəlkə, ona görə ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev demişkən, YAP-a xidmət edən hər bir qadın qəhrəmandır, qurbandır, şəhiddir. Onları altı-yeddi gün tez təbrik etmək çox vacibdir, axı adını bilmədiyimiz, üzünü görmədiyimiz yeni “qəhrəmanlar” medallarını yaxalarına vurub, müxtəlif pozalarda şəkillər çəkdirib, “facebook”, “instaqram”, “vatsap”  səhifələrində 8 Marta kimi paylaşmalıdırlar, qoy düşmənlər onları görüb, qısqanclıqdan partlayıb məhv olsunlar. Məsələn, müğənni İlhamə Quliyeva son nəfəsinə kimi üzüklərinin parıltısı, gözlərinin sürməsi, dodaqlarının boyası, paltarlarının daş-qaşı ilə minlərlə YAP düşməninə ağır, sağalmaz zərbələr endirdi, sevimli prezidentinə sədaqətlə xidmət etdi.  Elə ona görə də Əbülfəs Qarayev ölümündən sonra ona şəhid dedi. Əgər bir ölkədə mədəniyyət naziri kimə ŞƏHİD deyildiyini bilmirsə, o ölkənin hökuməti ədəbsizlik, əxlaqsızlıq bataqlığında can verir.

Martın 3-ü İlham Əliyev “Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətlərinə görə” bir qrup qadını “əməkdar müəllim”, “əməkdar həkim”, “əməkdar mühəndis”… orden və medallarla təltif etdi. Yaxşı olardı ki, sərəncam imzalananda “Azərbaycan Respublikasının” yox, “YAP-ın ictimai həyatındakı fəaliyyətləri” qeyd olunaydı, çünki ölkənin fədakar, dəyərli qadınlarını İlham Əliyev “həbs olunsun”, “ərinə həbs”, “oğluna həbs”, “atasına həbs” orden-medalları ilə təltif edib. Əri, atanı, oğulu günahsız yerə həbs edib, həsrətdən üzülən qadınları, uşaqları təbrik etməyi ancaq İlham Əliyev bacarar. Əslində isə nəinki prezidentin, azadlıqda kef edən heç bir kişinin Azərbaycan qadınlarını təbrik etməyə haqqı yoxdur. Cənnət torpağı düşmən tapdağında olan, ən cəsur qadını zindana salınan , ana və uşaqları göz yaşı içində boğulan məmləkətin kişisinin etdiyi təbrik daş olub başına dəysin, sonra da ürəyinə girsin…

Ay saxtakarlar, əmin olun, sizin təbriklərinizi gülə-gülə qəbul edənlər də elə sizin tayınızdır. Onlar Elmira İsmayılovanın,  Leyla Yunusun, Xədicə İsmayılın, Ruşaniyyə Hüseynovanın, Maya Yaqublunun, Mətanət Axundovanın, Qızqala Həziyevanın,  Nurcahan Əbilovanın… ayaqlarına qonan toz da deyil. Mərd kişinin anası da,  qızı da,  qadını da mərd olar!

Martın 4-ü isə prezident bütün Azərbaycan qadınlarını 8 Mart münasibətilə təbrik etdi. Həmin təbriki on altı yaşlı oğlum oxuyandan sonra dedi ki, “ana, sən bilirsən İlham Əliyev bu təbriki intrenetdən “kopiravat” edib, paylaşıb?” Mən gülüb dedim ki, internetdən götürməyib, sadəcə, bütün təbrikləri onun adından yazırlar, sonra da yayırlar. Oğlum əlini yelləyib dedi ki, “ana, sən çox safsan, xəbərin var ki, indi bütün oğlanlar  ürək sözlərini internetdən götürüb, qızlara yollayır?”

Nə deyim vallah, əgər yaşa dolmuş qadınlar prezidentin təbriklərindən, fərmanlarından, harın, rüşvətxor müdirlərinin hədiyyələrindən 15-16 yaşlı qızlar kimi xumarlanırsa, onda İlham Əliyev də yeniyetmə oğlan kimi kefinə davam etsin…