Hansı qadınları təbrik edirdiniz, cənab prezident?

zumrud-yagmur-yeniZümrüd Yağmur

Açığı Qarabağ qazilərinin protezlərini çıxarıb yara olmuş, kəsik ayaqlarını göstərərək etdikləri etirazın videosuna baxdıqda düşünmüşdüm ki, doğrudan da bu ölkə daha sözün bitdiyi yerə gəlib. Bu etirazla bağlı yazı da yazmaq istəmişdim, amma alınmamışdı, nə yazmışdımsa, sönük qalmışdı o yara, qaralıb çürüməkdə olan ayaqların, bir də yola düzülmüş protezlərin yanında…

Keçən günlərdə “Azərbaycan saatı”ında morqda yaşayan qaçqınların həyat şərtlərini əks etdirən süjetə baxandasa, anladım ki, yenə yanılmışam. Bu ölkə hələ sözün bitdiyi yerə gələ bilməyib. Çünki bitdiyi yerə gəlib çıxana qədər o söz özü tükənir bu məmləkətdə….

Əli Həsənov adlı birinin qaçqınların güya problemləri ilə məşğul olduğu bir ölkədə diri insanların morqda yaşamağa məhkum olmasına heyrətlənmədim, amma səbrimizə lənət oxumaqdan da özümü saxlaya bilmədim.

Yadımdadır, məmurların dollar bahalaşanda bölgələrə səfəri zamanı “Qaçqınkom”un sədri Əli Həsənov demişdi ki, ermənilər bizim düşmənimiz deyil. O zaman bu sözlərinə görə onu qınayanlar oldu. Amma Əli Həsənov düz deyirdi. O bilir ki, qaçqınların çoxunun faciəsi orda, Qarabağda, Xocalıda, Ağdamda bitməyib, burda, doğma hesab etdiklərinin yanında da davam edir.

Hər kəs özünü bilir, Əli Həsənov da yaxşı bilir ki, qaçqınların problemləri ilə özü kimi biri məşğul olursa, demək, onların əsirliyi, işgəncəsi bitməyib.

Orda erməninin əsiri idilərsə, burda da bu iqtidarın və Əli Həsənov kimilərinin girovlarıdır.

Orda tövlədə, zirzəmidə saxlanılırdılarsa, burda da morqda yaşamağa məhkum ediliblər.

Xocalıda ermənilərin qadınlarımızla necə davrandığını dilə gətirə bilmədikləri kimi, məmurların da onların hesabına ailələri, məşuqələri, harın övladları, nəvələri üçün hansı şəraiti yaratdıqlarını dilə gətirə bilmirlər.

Orda etiraz etsəydilər, erməni öldürərdi, burda etsələr, ən yaxşı halda o morqdan da çölə atıb həbs edəcəklər.

Süjetə baxdıqdan sonra mediaya göz atdım. İntiharlar, etirazlr, aclıq, səfalət, təcavüz xəbərləri, qətllər, bağlanan iş yerləri, dollar qıtlığı, ölkə sərhəddində basa- basda ölən, aşağılanan insanların görüntüləri, kürəyinə yük vurub Rusiyadan, İrandan ərzaq daşıyan yaşlı, möhnətli qadınların gözlərindəki ümidsizlik…

Sonra 8 Mart Qadınlar Günü… Prezdentin qadınları təltif və təbrik fərmanları…

Hansı qadınları təbrik edirdi cənab prezident? İranın sərhəddində ucuzdur deyə min bir təhqir, aşağılanmalara dücür olaraq aldığı ərzaqlarla güya Novruzda bayram edəcək qadınlarımı?

Ya bəlkə hər gün intihar xəbərlərini oxuduğumuz qadınların yolunu izləyəcək olan, problemlərin caynağında bütün taleyi məhv olmuş qadınları?

Məmurların harınlığı fonunda övladının ən adi sağlamlıq xərclərini ödəyə bilməyib carəsiz qalan qadınlarımı?

Ucaldılan qəsrlərin kölgəsində günəş işığından, havadan belə məhrum olan kif basmış daxmalarda canı çürüyən, zibil qutularından quru çörək toplayan, dilənən, ağzında dişləri tökülüb deyə dodaqları gülüşə həsrət qalan qadınlarımı?

Bu təbriklər kimə?

O morqda yaşayan, hər səhər qalxanda bir gün səliqəli evi olacağının xəyalı ilə yaşayıb əziyyətlə qazandığı tikəni udquna-udquna, zorla udan qadınlardı bu ölkənin qadınları…

Harın, oğru, qumarxana açmaq üçün sinəsi yananların özlərinə bənzər qadınlarının ölkəsi deyil. TV-lərdə dəbdəbəli və bayağı səhnələrin iştirakçısı olan “sənətkarların” da ölkəsi deyil. İrişərək, ya da hansısa başqa yolla vəzifələrə gedən, yaxşı yaşamağın yolunu “tapan”, layiq olmadığı halda özünü Milli Məclisin kürsüsündə deputat görən qadınların da ölkəsi deyil Azərbaycan!

Bura yoxsul, zibil zavodunda zibil ayıraraq günəmuzd 5 manata çalışan, səfalətdə əyilib sınan, soyuqda üşüyüb, istidə təntiyən küçə süpürən qadınların ölkəsidir.

İndi deyin, onlara – diriykən Azərbaycan adlı morqda yaşayan qadınlara lazımdırmı o təbriklər, fərmanlar?!

Məncə, yox!