Dollar və manatda yeni rekord gözlənilir

nemet-eliyev1Bir dollar sürətlə iki manata yaxınlaşır

Nemət Əliyev: «Manat dəyərini itirdikcə, idxal olunan malların qiyməti yüksəlir, nəticədə qiymət sabitliyi pozulur»

Dünən keçirilən növbəti valyuta hərracında kommersiya banklarının cari valyuta tələbatı Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) satışa çıxardığı valyuta kütləsini təxminən 4 dəfə üstələyib.

Bank dairələrindən verilən məlumata görə, ARDNF dünənki hərraca 50 mln. ABŞ dolları məbləğində vəsait çıxarsa da, kommersiya banklarının sifarişləri toplam olaraq 200 mln. dollara yaxın olub. Nəticədə, hərracın yekununda tələb təqribən 25% səviyyəsində təmin edilib.

Sövdələşmələr 1,6309 AZN/USD məzənnəsi ilə aparılıb və artıq martın 10-da rəsmi məzənnənin də ən azı bu səviyyədə müəyyənləşdiriləcəyi gözlənilir. “Marja”nın bank sektorundan əldə etdiyi məlumata görə, ehtimal olunur ki, bu gün üçün rəsmi USD/AZN məzənnəsi 1,6312 ətrafında elan olunacaqdır.

Bəzi kredit təşkilatlarında problemli kreditlər 30%-ə çatıb

Azərbaycandakı bank olmayan kredit təşkilatlarının (BOKT) əksəriyyətində vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı 12-20% civarındadır. Bu barədə Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) icraçı direktoru Jalə Hacıyeva bildirib. Bununla belə, onun sözlərinə görə, bəzi böyük BOKT-larda bu nisbət 30%-ə çatır: “Onların müştəri bazası böyük olduğuna görə, avtomatik olaraq problemli kreditləri də çoxdur”.

AMFA rəsmisi onu da bildirib ki, son vaxtlar BOKT-da kreditlərin ödəniş səviyyəsi ilə bağlı artım hiss olunur: “Bəzi təşkilatlar deyir ki, ödənişlərdə aktivlik var. Bu da yazın gəlməsi ilə bağlıdır. Işsiz borcalanlar müvəqqəti də olsa, muzdlu işlərə düzələ bilirlər” (Fins.az).

Baş verənlər bir daha çılpaqlığı ilə göstərir ki, manatın məzənnəsinin əvvəlki kursda saxlanması mümkünsüzə çevrilib. Hər gün MB və Neft Fondu hərracda milyonlar itirsə də, bu, gündəlik tələbatı ödəməyə bəs etmir. Problemli kreditlərin həcminin artması da manatın taleyi ilə bağlı yaxşı proqnozlar vəd etmir.

Iqtisadçı Nemət Əliyev bildirdi ki, MB-nin yürütdüyü siyasət nəticəsində son 15 gün ərzində dollara nisbətdə manat 4 faiz dəyər itirib. Qısa zamanda milli valyutanın bu dərəcədə dəyərdən salınmasının perspektiv baxımından yaxşı heç nə vəd etmədiyini deyən N.Əliyev vurğuladı ki, manatın digər valyutalara nisbətdə dəyər itirməsi ölkə daxilində qiymətlərə təsirini göstərir. Qiymətlərdə bahalaşmanın bu üzdən böyük vüsət aldığını söyləyən N.Əliyev bildirdi ki, qanuna görə MB-nin əsas fəaliyyəti ölkədə qiymətlərin qorunub saxlanmasından ibarətdir: “Bir halda ki ölkə daxilində manat dəyərini çox sürətlə itirir, bu, avtomatik olaraq idxal olunan malların təsiri ilə qiymətlərdə sabitliyi pozur. Bu isə iqtisadi fəaliyyətdə oturuşmuş nisbi sakitliyi dağıdır. Deməli, MB qanunla müəyyən edilmiş əsas vəzifəsini unudub. Manatın sürətlə bahalaşması qiymətləri, xidmət sektorunun təqdim etdiyi maların dəyərini artırır, əhalinin sosial vəziyyətini ağırlaşdırır. Dövlət başçısının fərmanı ilə əmək haqları ən yaxşı halda 10 faiz artırılıb. Dekabra nəzərən əhalinin alıcılıq qabiliyyəti 44 faiz pisləşib. Bu, özlüyündə bir göstəricidir. Hökumət bu göstəricinin fərqində olmalıdır. Qiymətlərin artırılmasına rəvac verən hər bir addım əhalinin sosial vəziyyətini daha da ağırlaşdırır”.

N.Əliyev bildirdi ki, bundan sonrakı mərhələdə yaranmış vəziyyət dollarla kredit götürənlərin vəziyyətini ağırlaşdıracaqdır. Iki devalvasiya qərarı ilə dollar krediti olanların çiyninə beş milyarddan artıq vəsaitin yükləndiyini vurğulayan ekspert qeyd etdi ki, manatın dəyər itirməsi problemli kreditlərin faizinə də neqativ təsir edəcək. “Manatın dəyər itirməsi devalvasiya hadisəsidir. Əgər əvvəl manat 34 və 48 faiz devalvasiya etmişdisə, üzən məzənnə formasında manat daha bir neçə faiz dəyər itirib. Bu tendensiya Azərbaycan iqtisadiyyatına yaxşı heç nə vəd etmir”.

Xəyal