«Ərdoğan Avropa Birliyinə barmaq silkələyir»

guardian3«The Guardian»dan AKP hökumətini sərt tənqid edən məqalə

“The Guardian” qəzeti Türkiyənin Avropa Birliyinə üzvlüyünü mübahisələndirən məqalə ilə çıxış edib. BBC xəbər verir ki, “Despotizmə və senzuraya yuvarlanan Türkiyə Avropa Birliyinə üzv olmalıdırmı? Buna bir cavab var: yox” adlı məqalədə Ankaranın ünvanına xeyli tənqidlər var: “Zaman” qəzetinə olan son basqılardan bəhs olunur: “Türkiyə etnik azlığa qarşı müharibə elan edib, ən böyük qəzetin ofisinə basqın həyata keçirib. Hökumətin  məxfi xidmətləri IŞID-lə işbirliyində ittiham edilir, təyyarələri Rusiya təyyarəsini vurub salıb. Bütün bunlarla, Türkiyə Avropa Birliyinə qoşulmaq istəyir?!”.

“Getdikcə despotizmə yuvarlanır”

Qəzet yazır ki, Türkiyənin getdikcə daha çox despotizmə yuvarlanması onu Qərb üçün ciddi problemə çevirir: “Avropa liderlərinin, onları “qaçqın dənizində boğmaqla” hədələyən Ərdoğanın qarşısında dik durması ürək bulandırır. Türkiyə məhkəməsi “Zaman” qəzetinin polis tərəfindən zəbtinə hökm verəndən, polis curnalistlərə gözyaşardıcı qaz tətbiq edəndən  və redaktorları işdən qovandan sonra qəzetin yeni rəhbərliyi Ərdoğanın gülümsəyən fotosunu birinci səhifəyə çıxarıb. Onun gülmək üçün əsası çoxdur. Ərdoğanın Türkiyədə böyük  dəstəyə sahib olduğu aşkardır. Onilliklər ərzində bir-birini əvəz edən hərbi-dünyəvi hökumətlərin basqı altında saxladığı mühafizəkar dindar zümrə üçün Ərdoğan arzuolunan şəxsiyyətdir. Belə düşünülürdü ki, Ərdoğanın gəlişi ilə liberal, şəbəkələnmiş, mütərəqqi Türkiyə irticaçı, partiarxal və dindar Türkiyənin yaxasından əl çəkəcək. Kürdlər parlamentdə normal müxalifət olmaq üçün partizan müharibəsini dayandıracaq.

Hesab olunurdu ki, Ərdoğan Türkiyəni Avropa Birliyi üzvlüyünə doğru aparacaq. Lakin hər şey tərsinə getdi”.

“Ağsaqqalların Islamı, gənclərin mikroazadlığı”

Məqalədə deyilir ki, 2013-cü ilin iyununda Türkiyə şəhərlərinin küçələrini bürüyən etirazlara səbəb Ərdoğanın və onun ağsaqqalsayağı Islamının gənc nəslin istədiyi mikroazadlıqlara dözümsüzlüyü oldu: “Mikroazadlıqlar dedikdə, tələbə şəhərciklərində alkoqollu içkilər içmək, senzurasız sosial mediadan istifadə etmək və Avropa gənclərinin etiraz etdiklərinə etiraz etmək hüququnu nəzərdə tutur. “Gəzi parkı”ndakı yaşıllıqların məhvinə etirazlar da bu qəbildən idi. O zamandan bəri Ərdoğan bir çox sədləri aşmalı olub. Etirazlar ABŞ-da istehsal olunmuş gözyaşardıcı qazlarla yatırılıb.

Ərdoğan 2015-ci ilin iyununda parlament seçkilərində parlament çoxluğunu itirdikdən sonra ötən ilin sonunda bu çoxluğu bərpa edib. Lakin bunun üçün apardığı kampaniyada kürdpərəst HDP-nin ofisləri yandırılıb”.

“Avropa Ankaranın yanlış siyasətinə göz yumur”

“The Guardian” yazır ki, sammit ərəfəsində müxalifət qəzetinin redaksiyasını zəbt etməklə Ərdoğan Brüsselə barmaq silkələyib: “Bütün bunlar Ərdoğanın hələ bundan sonra edəcəklərinin yanında heç nədir. Elə bir vəziyyət yaranıb ki, Qərb Əfqanıstan, Suriya, Yəmən və Iraqda olduğu kimi, Türkiyədə də demokratiya iflasa uğradıqca hökuməti dəstəkləməli olacaq. Avropa Komissiyası Türkiyənin bir gün Avropa Birliyi üzvü olacağını ucadan dedikcə bu ittifaqı tərk etmək istəyənlərin sayı artacaq. Avropa Türkiyədə demokratiyanın aşınmasına göz yumur.

Avropa Birliyinin hökumətləri öz xalqlarına həqiqəti bildirməlidir”.

Müəllifin fikrincə, ötən noyabrda Avropa Komissiyası Türkiyənin despotizm, senzura və qəddarlığa yuvarlanmasına baxmayaraq, onun iqtisadi tərəqqisini tərifləmişdi:

“Şərqi Avropa irqçiləri”

“Əsas sual Şərqi Avropa irqçilərinin qoyduğu kimi – 75 milyonluq müsəlman ölkəsi Avropa Ittifaqına üzv ola bilərmi? Şəklində deyil. Əslində sual başqa cür qoyulmalıdır – Kopenhagen prinsiplərini fundamental şəkildə pozan ölkə ilə üzvlük danışqıları aparılmalıdırmı? Bu sualın cavabı qəti “yox” olmalıdır. Türkiyədə hakimiyyətə gələ bilmələri üçün dünyəvi demokratik qüvvələr dəstəklənməlidir. Yalnız bundan sonra üzvlük danışıqları bərpa oluna bilər”.

Qəzet yazır ki, Avropa Birliyi öz üzvü olan Yunanıstanı qeyri-üzvün hədələrindən qorumağa, Ərdoğanın hədələdiyi “qaçqın dənizinin” qarşısını almağa ikiqat hazır olmalıdır: “Belə perspektiv mərkəzçi siyasətçiləri istəmədikləri seçim qarşısında qoyardı: ya demokratik dəyərlər, ya da bazar məntiqi. “Hər şey yaxşı olacaq” xəyallarına qarşı mənəvi qətiyyət”.