Ölkəni qumara qoymaq olmaz

vidadi-mirkamal2Bir neçə gün əvvəl Milli Məclisdə ölkədə kazinoların fəaliyyətinin bərpası ilə bağlı təklif səslənib. Milli Şura üzvü Vidadi Mirkamal Facebook səhifəsində bu təklifə münasibət bildirib:

“Kazinoların açılması ilə bağlı verilən təkliflər absurddur. Dövlətin iqtisadiyyatının özülünü iqtisadi islahatlar təşkil etməlidir. İndiki halda dövlətin təxirəsalmadan həyata keçirməli olduğu addımlardan biri anti-böhran tədbirləri keçirməkdir.
Bildiyiniz kimi, dünya bazarında neftin qiymətinin düşməsi ilə əlaqədar neftə bağlı ölkə kimi Azərbaycanda ciddi maliyyə-iqtisadi problemlər yaranıb. Insanlar sürətlə yoxsullaşırlar. Onların banka olan borcları günü-gündən şişir. Vətəndaşların sosial durumu getdikcə pisləşir. Belə olan halda dövlətin, hökumətin borcu dərhal anti-böhran tədbirləri həyata keçirməkdir.
Hal-hazırda Azərbaycanda ciddi maliyyə-iqtisdi islahatı keçirməyə ehtiyac var. Çünki ölkənin maliyyə-iqtisadi sistemi çökür. Bu tədbirləri görməmiş hansısa əlavə tədbirlərin görülməsi yanlışdır.
Onu da nəzərə alaq ki, qumar oyunlarının təşkili vaxtiylə indiki dövlət başçısının atası tərəfindən ləğv olunmuşdu. Bu, həm o vaxt, həm də bu gün üçün çox aktual və doğru tədbir idi. Ac və ciddi maliyyə çətinlikləri çəkən vətəndaşlara sahib ölkədə kazinolar kimə lazımdır?”
Dövlət büdcəsinə vəsaitlərin gəlməsini təmin etmək, turist axınına nail olmaq üçün ölkədə turizmi inkişaf etdirmək lazımdır. Turizm obyektləri tikməlidirlər, bu obyektlərdə xidmət qiymətlərini aşağı salmalıdırlar. Xidmətin keyfiyyətini yüksəltməlidirlər. Bütün bu tədbirlərin hamısın bir kənara qoyub ölkəni kazinoların ümidinə qoymaq həmin şəxslərin ölkəyə qeyri-ciddi yanaşmasının göstəricisidir. Bu, həm də həmin şəxslərin ölkəni bir növ qumara qoymasıdır. Bu cür təkliflərin verilməsi Azərbaycan xalqına həqarətdir. Bu qəbildən olan təklifləri ciddiyə almaq həm jurnalistlər, həm də siyasətçilər üçün başucalığı gətirmir. Dövlət iqtisadi-maliyyə islahatları hesabına ölkəni bu böhrandan çıxarmalıdır”.