Manat Neft Fondunu da əridir

nemet-eliyev1Ekspertlərin fikrincə, hazırkı gedişlə qısa müddətə Neft Fondunun da vəsaitləri tükənəcək

Manat son günlər dollara nisbətdə yenə məzənnədə geriləyib. Mərkəzi Bankla Neft Fondunun bazara intervensiyası manatın kursunun sabit saxlanmasına yardım etmir. Məsələn, dünən AzərbaycanÿDövlət Neft Fondu (ARDNF) Mərkəzi Bankın (MB) vasitəsi ilə martın 7-də keçirilən hərracda satışa 50 mln dolları həcmində valyuta çıxarıb.

Amma çıxarılan bu vəsait dollara olan tələbatı tam ödəməyib. Kommersiya banklarının dollara olan faktikiÿ tələbatı ARDNF-nin təklif etdiyi məbləğdən 6 dəfə çox, təxminənÿ 300 mln. dollar olub. Artıq bununla neçənci dəfədir ki, MB-nin vasitəsilə Neft Fondu hərraclarda iştirak edir. Bu əməliyyatlar Neft Fondunun yanvarda təxminən 600 milyon itirməsiylə nəticələnmişdi. MB və NF-nin itkisi ümumilikdə 1.2 milyard olmuşdu.

NF-nin rezervlərinin manatın stabil saxlanmasına xərclənməsi daha bir yanlış addım sayıla bilər. Çünki NF-nin rezervlərinin effektsiz istifadəsi buna qədər baş verirdi. Buna misal olaraq NF rezervlərinin büdcəyə transfert edilməsini göstərmək olar.

Eyni zamanda NF aktivlərinin illik idarəetməsindən əldə olunan gəlir də kifayət qədər cüzidir. Il ərzində bu aktivlərdən istifadə yalnız 0.89 gəlir qazandırır. Bundan başqa, xarici valyutalardakı uğursuz əməlyyatlar da ötən müddət ərzində NF resurslarına ciddi zərbə vurub. Belə olan halda NF-nin büdcəsinin üzərinə manatın stabil saxlanılmasının da yüklənməsi nə dərəcədə məntiqlidir?

Iqtisadçı Nemət Əliyev hesab edir ki, Azərbaycan hökuməti əli hər yerdən üzüləndən sonra NF-nin rezervlərini çıxış yolu görür. N.Əliyevin sözlərinə görə, halbuki o fonda yığılan vəsaitlər gələcək nəsillər üçün nəzərdə tutulmuşdu: “Fonda indiyə qədər 120 milyard dollar daxil olub. Onun yetmiş beş faizə yaxınını xərcləyiblər. Özü də nəzərə almaq lazımdır ki, bu vəsait qısa müddət ərzində xərclənib. Heç olmasa bu xərclənən vəsaitin müqabilində dayanıqlı iqtisadiyyat olsaydı, bunu anlamaq olardı. Amma bu vəsaitin xərclənməsinin heç bir nəticəsi yoxdur. Əhaliyə təminatlı sosial sistem qurmaq mümkün olmayıb. Azərbaycan xalqı niyə buna göz yummalıdır ki, bu ağıl ilə idarə edənlər bundan sonrakı dövrdə Neft Fondunda qalan 37.6 milyard dolları də səmərəsiz xərcləsin. Əgər bunlara ”dayan” deyən tapılmasa, qısa müddətə Neft Fondunun da vəsaitləri tükənəcək. Özünüz nəticə çıxarın, Mərkəzi Bankın 10 milyarddan artıq vəsaiti yoxa çıxdı. Ona görə də bunların iştahı üçün 37 milyard dollar o qədər də böyük vəsait deyil. Çünki ortada yarıtmaz idarəçilik var”.

N.Əliyev onu da bildirdi ki, NF-nin vəsaitlərinin xaricdə yerləşdirilməsi hesabına əldə olunan vəsait həddindən artıq cüzidir və burada hər hansı gəlirlilikdən söhbət gedə bilməz.

Xəyal