Magistraturaya qəbulun nəticələri açıqlanıb

telebeƏn yüksək bal toplayan tələbələr “Azadlıq”da

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2016/2017-ci tədris ili üçün ali təhsilin magistratura səviyyəsinə martın 6-da keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələri elan edib.
Martın 7-dən imtahan protokolları və cavab kartlarının emalına başlanılıb və həmin gün saat 19:40-dan etibarən nəticələr TQDK-nın internet səhifəsində yerləşdirilib.

Bakalavrlar imtahan nəticələri haqda məlumatı Komissiyanın internet səhifəsindən və bütün mobil operatorlardan iş nömrəsini 7727-yə SMS-lə göndərməklə öyrənə bilərlər.

Hər bir bakalavr həmçinin TQDK-nın internet saytına daxil olaraq öz cavab kartlarının qrafik təsviri ilə də tanış ola bilər.

İmtahanda iştirak etmək üçün 24110 bakalavr qeydiyyatdan keçmişdir. Onlardan 1695 nəfər imtahana gəlməmiş, 4 nəfər qaydalara zidd hərəkətlərə yol verdikləri üçün imtahandan xaric olunmuşdur. 10 nəfər bakalavr isə qaydalara zidd olaraq sual kitabçalarını imtahandan sonra özləri ilə apardığı üçün imtahan nəticələri araşdırılır.

İmtahanda ən yüksək bal toplayanlar   Tural İsmayılzadə (96 bal),  Xeyransa Əiiyeva (94) , Türkan Qurbanlı (93 bal) olmuşlar.

Ən yüksək bal toplayan tələbələrdən ikisi,  Dövlət İdarəçilik Akademiyasının məzunları Tural İsmayılzadə və Xeyransa Əliyeva Azadlıq.info-ya qısa açıqlama veriblər.

Tural İsmayılzadə: “Kainat hazırlıq mərkəzində”  5 aylıq  kurs keçdikdən sonra yüksək nəticə toplamağa inamım artmışdı. Çünki burada həm dərslər zamanı, həm də sınaq imtahanları zamanı nəticələrimiz bunu deməyə imkan verirdi. Hazırlıq mərkəzinə imtahan zamanı yüksək nəticə göstərdiyimə görə 100 faizlik güzəştlə oxumuşam. Maddiyyat bir yana, buradakı doğma münasibətə görə də müəllimlərə təşəkkürümü bildirirəm.

Magistraturaya qəbul üzrə hazırlıq keçmədən yüksək nəticə toplamaq bir qədər çətindir. Çünki ali məktəbə qəbul imtahanları orta məktəb proqramları çərçivəsində hazırlanır. Amma magistraturanın birinci mərhələsində imtah verdiyimiz fənlər, məsələn məntiq fənni heç bir yerdə keçirilmir, informatika fənni xüsusi olaraq ixtisas fənləri arasında yoxdur.”

İkinci yeri tutmuş Xeyrənsa Əliyeva da “Kainat Hazırlıq Mərkəzində” hazırlıq kursu keçib. Onu da xatırladırıq ki,  Xeyransa Əliyeva 2012-ci ildə Ali məktəbə qəbul üzrə 700 bal toplamış abuturientlərdən biridir.

Magistratura imtahahında maksimum bal toplaya bilməməsinə belə aydınlıq gətirdi: “Düzü həmişəki kimi yenə birincilik iddiasında idim. Amma onu da qeyd etməliyəm ki, mənim ixtisasım hüquqşünaslıq olduğu üçün texniki fənlərdən bir qədər uzaqlaşmışdım. Məntiq fənni daha çox riyaziyyatla əlaqəli olduğundan bu özünü nəticədə də göstərdi. Amma müəllimlərimizə təşəkkür edirəm ki,  bu imtahanları da yüksək səviyyədə verməyimizə bizə yardımçı oldular. Mən də Turalın dediyi  kimi, elə düşünürəm ki, xüsusi hazırlıq keçmədən magistratura imtahanlarında yüksək nəticə toplamaq çətindir.”

Onu da xatırladaq ki, bir neçə ay önçə Azadlıq radiosunun araşdırmasından  məlum olmuşdu ki,  qəbul imtahanlarında maksimum bal toplayanların çoxu sonradan təhsilini xaricdə davam etdirməyə üstünlük verirlər. Ölkədə qalıb təhsilini davam etdirənlərdən biri də Xeyransa Əliyeva olub.