Bayram günlərində yeni dollar şoku yaşana bilər

dollar novbeDollara tələbat təklifi 6 dəfə üstələyib

Nemət Əliyev: «Valyutaya olan tələbatın ödənilməməsi çox ciddi fəsadlara yol açır, ölkə qıtlığın bir addımlığındadır»

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Mərkəzi Bankın (MB) vasitəsi ilə martın 7-də keçirilən hərracda satışa 50 mln dollar həcmində valyuta çıxarıb.

“Report” bu xəbəri bank dairələrindəki mənbələrə istinadən yayıb. Xəbərdə qeyd edilir ki, hərracdaÿ kommersiya banklarının dollara olan faktiki ÿtələbatı ARDNF-nin təklif etdiyi məbləğdən 6 dəfə çox, təxminənÿ 300 mln dollar olub.

Ötən həftənin cümə günü ARDNF hərracda satışa 100 mln dollarÿ həcmində valyuta çıxarmışdı. Kommersiya banklarının tələbatı isə bundan ÿtəxminən 3 dəfə artıq, yəni 290 mln dollar olmuşdu.

Ancaq ötən həftə Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov bildirmişdi ki, bankların bütün dollar tələbatı ödənilir.

Artıq açıq şəkildə görünür ki, hər ötən gün dollara olan tələbat artır. MB isə bu artan tələbatı qarşılamaqda acizdir. Əgər dekabrın 21-dən sonra keçirilən hərraclarda satışa çıxarılan 200 milyon dolların cəmi 10-20 faizinin alındığı bəyan edilirdisə, artıq mənzərə tam başqa cürdür. Bundan başqa, bir məqamı da qeyd etmək yerinə düşər.

Martda Azərbaycanda bayramlarla əlaqədar olaraq edilən bazarlıq bir neçə ayın bazarlığının həcminə bərabər olur. Bu isə tələbatı artıran faktordur.

Digər tərəfdən o da nəzərə alınmalıdır ki, Novruz Bayramı ilə əlaqədar olaraq 8 gün qeyri-iş günü elan olunur. Əgər dollara olan təlabat hazırkı səviyyədə qalarsa, bu, 8 gün üçün 2 milyard 400 milyon dollar tələbat anlamına gəlir. Bəs, bankların bağlı olduğu günlərdə bazarı nə gözləyir? Manatın dollara nisbətdə məzənnəsi nələri yaşaya bilər?

nemet-eliyev1

Iqtisadçı Nemət Əliyev bildirdi ki, hazırda Azərbaycanda dollara olan tələbatın hər ötən gün artması və bu tələbatın ödənilməməsi acınacaqlı vəziyyət yaradıb. N.Əliyevin sözlərinə görə, bayram günləri bankların işləməməsi sahibkar fəaliyyəti ilə məşğul olanların dollar ehtiyacının ödənilməməsinə gətirib çıxaracaq. N.Əliyev hesab edir ki, əslində buna MB rəhbərliyi bir fürsət kimi baxır: “Nəzərə almaq lazımdır ki, bayram günlərinin sayının çox olması vəziyyəti daha da ağırlaşdırır. Bu müddət ərzində nə baş verəcək? Anbarlarda olan mallar daha sürətlə satılacaq və onun yeri dolmayacaq. Əslində Mərkəzi Bank bunun tədarükünü əvvəlcədən görməliydi. Nəzərə almalıdır ki, bir həftə, on gün müddətində ehtiyatlar sürətlə tükənəcək. Azalanın yeri doldurulmasa, bu, bazarda daha ağır fəsadlar törədəcək. Diqqət yetirin, dollara tələbatın ödənilməməsi hansı problemlər yaradır”.

N.Əliyev vurğuladı ki, Statistika Komitəsinin məlumatlarından məlum olur ki, qeyri-neft sahələrində istehsal göstəriciləri xeyli aşağı düşüb. Daxili istehsal dövriyyəsinin də həddindən artıq azaldığını deyən N.Əliyev vurğuladı ki, əgər belədirsə, tənəzzüldə olan sahələrin ixrac yönümlü fəaliyyətlə məşğul ola biləcəyini necə təsəvvür etmək mümkündür: “Son günlər aparılan müzakirələrdən məlum olur ki, Azərbaycan parlamenti də bu hökumətdən geri qalmır. Bunların əllərində maliyyə böhranından çıxmaq üçün konkret yol yoxdur. Ölkəyə valyuta axınını stimullaşdırmaq üçün hətta qumar oyunlarını da gündəmə gətirirlər. Ona görə düşünürəm ki, valyutaya olan tələbatın ödənilməməsi çox ciddi fəsadlara yol açır. Ölkə qıtlığın bir addımlığındadır. Nə qədər ixracyönümlü fəaliyyət stimullaşdırılmayıb, yaşanan böhrandan çıxmaq mümkün deyil. Vəziyyətdən real çıxış yolu ölkənin qeyri-neft sahəsinin inkişaf etdirilməsindən keçir. Amma bu sahədə vəziyyət çox bərbaddır. Böhran bütün istehsal sektorunu başına alıb. Yəni belə bir vəziyyətdə təzad yaranır. Bir tərəfdən ölkənin qeyri-neft sektoru batır, digər tərəfdən isə bütün ümidlər bu sahənin inkişaf etdirilməsinə yönəlib”.

N.Əliyev hesab edir ki, gömrük orqanlarının, vergilərin sahibkarlara qarşı təzyiqlərinə aydınlıq gətirilməlidir. N.Əliyevin sözlərinə görə, bu orqanlar sahibkarlara təzyiqlərini azaltsa, bəlkə də iqtisadiyyat normal nəfəs ala bilər. “Amma biz bu istiqamətdə ciddi nəticələrin şahidi olmuruq. Mərkəzi Bankın ehtiyatları sürətlə tükənir. Onların yerini doldurmaq istiqamətində real addım yoxdur”, deyə N.Əliyev vurğuladı.

Xəyal