Ölkədə elə bir məmur varmı, onu işdən azad etsələr, təəssüf hissi keçirəsiniz? Sual daha çox hökumətlə hər hansı maraq bağı olmayan sadə insanlara aiddir. Gündəlik həyatını qayğılar içində çalışıb-vuruşan, adi hüquqlarının bərpası üçün günlərlə hökumət idarələrinə ayaq döyən, bürokratik əngəllərin nə olduğunu yaxşı bilən insanlara. O insanlara ki, sözün həqiqi mənasında, məmur süründürməçiliyi üzündən qan ağlayır. Şəxsən, mən özüm ölkədə belə “itkilərə” görə təəssüf hissi keçirən insanlarımızın olduğuna inanmıram. Illərdir bir önəmli kürsünü qamarlayıb oturmuş bu adamlar tabeliyində olan insanlara nə gün ağlayıblar ki, hələ onların arxasınca köks ötürən də tapılsın? Buna ötən həftə tutduqları vəzifələrdən azad edilən icra başçılarının timsalında da şahid olduq. Sosial şəbəkələrdə sadə insanlarımızın onları necə “təntənə” ilə yola saldığını, ünvanlarına necə “təriflər” yağdırdığını hamınız gördünüz. Başqa necə ola bilərdi ki? Təyin olunduğu vəzifəyə birmənalı şəkildə qazanc və səlahiyyət imkanı kimi baxan bu adamlar xalqla elə davranmırlar ki, gedəndə kimsə onların arxasınca baxıb köksünü ötürsün.
Əslində, bir ölkənin ən böyük faciəsidir elə budur, bilirmisiniz? 9 milyonluq bir məmləkətdə xalqın dərdinə ağlayan bir məmur yoxsa, orda insanlıq və mərhəmət, hüquq və ədalət çoxdan ölüb getmiş deməkdir. Bir hökmdar çox çalışqan və dürüst baş vəzirini haqqında yayılan dedi-qodular üzündən işdən azad edir. Göstəriş verir ki, o zamana qədər göstərdiyi xidmətlərə qarşılıq olaraq ona bəyəndiyi gözəl, bərəkətli və abad bir kənd versinlər, orda istədiyi kimi yaşasın. Vəzir hökmdardan xahiş edir ki, ona viranə bir kənd bağışlasın. Bu istəyinə səbəb kimi də orada darıxmaması üçün abadlıq işləri ilə başını qatmaq istədiyini əsas gətirir. Hökmdar razılaşır və adamlarına belə bir kənd tapmağı tapşırır. Adamlar ölkənin ən ucqar yerlərinə qədər gəzib, viranə kənd tapmadan geri qayıdırlar. Hökmdar vəziri çağırıb: “Ölkədə istədiyin kimi viranə bir yer yoxmuş, nə edək indi?” deyə soruşur. Vəzir: “Hökmdarım, mən bunu onsuz da bilirdim. Çünki mən gecəmi gündüzümə qatıb ölkənin hər tərəfini abadlaşdırmışam. Məqsədim oydu ki, bunu siz də öyrənəsiniz. Ayrıca, istədim mənim yerimə təyin edəcəyiniz baş vəzirə də bu yolu davam etməyi tapşırasınız”. Hökmdar səhv etdiyini anlayıb, müdrik vəzirini öz yerinə qaytardı…
Bu ölkədə belə bir məmur tapa bilərsinizmi? Bu ölkədə dərdi-səri olmayan, problem içində boğulmayan, yoxsulluq, ehtiyac çəkməyən bir kənd və ya kəndli tanıyırsınızmı? On illərdir dövlətin xəzinəsindən abadlaşma adıyla həmin kəndlərə axan milyonlar hara gedir, hamınız bilirsiniz. Hamınız bilirsiniz ki, o vəsaitlər yuxarıdan aşağı bəlli bir sxem əsasında pay-püşk edilir, yazıq kəndliyə bir çöp də gəlib çatmır. O üzdən torpağını əkib-becərmək, heyvandarlıqla məşğul olmaq imkanları əlindən çıxan işsiz-gücsüz insanlar kəndi buraxıb, paytaxta axışır. Təbii, paytaxtda da onları yüksək maaşlı kabinetlər gözləmir. Burda tapdıqları uzağı tikintilərdə günəmuzd fəhləlik və ya usta işləridir. Böhran başlayandan bəri tikinti işləri xeyli azaldığına görə, daha o da yoxdur. Şəhərin məlum nöqtələrindəki “qul bazarları”nda artan tünlükdən də hiss edə bilərsiniz. Bir sözlə, məmləkətin halı bərbaddır, qardaşım, bərbad. Bütün vəzifə sahiblərinin özünə və yeddi arxa dönəninə gün ağladığı ölkədəyik. Yaxşı bir ağı deyən lazımdır, dəsmal götürüb bizi də ağlasın…