Nemət Əliyev: «Dolların uçot dərəcəsinin qaldırılması manatın dəyərini bir qədər də aşağı salacaq, iqtisadi problemləri dərinləşdirəcək»
Fevralın 29-na Mərkəzi Bankın valyuta ehtiyatları 4 milyard 26.3 milyon dollar təşkil edib. Fevralda valyuta ehtiyatları 372,2 milyon dollar azalıb.
Ilin əvvəlindən ötən 2 ay ərzində valyuta ehtiyatları 990,4 milyon dollar “əriyib”. Valyuta ehtiyatları 2014-cü ilin Iyul ayından bəri isə 11 milyard 167.1 milyon dollar azalıb.
Bu arada beynəlxalq bazarların maraqla gözlədiyi ABŞ-da kənd təsərrüfatı xaric məşğulluq göstəricisi açıqlanıb.
Fevral ayında ölkədə kənd təsərrüfatı xaric məşğulluq 242 min artıb. Iqtisadşılar 190 min artım gözləyirdilər. Beləliklə, açıqlanan məlumat proqnozdan yüksək çıxıb.
ABŞ-da işsizlik nisbəti dəyişməyərək 4,9%-də qalıb.
Kənd təsərrüfatı xaric məşğulluq ABŞ-da ən mühüm məlumatlardan biridir. Fed faiz artırımı prosesində bu məlumatı da qiymətləndirir.
ABŞ-da kənd təsərrüfatı xaric məşğulluq məlumatı, ölkə iqtisadiyyatının inkişaf vəziyyətinə və Mərkəzi Bank Fed-in növbəti faiz artıracağı tarix ilə bağlı ipucları verir.
ABŞ Mərkəzi Bankı Fed-in bu il faizləri artırmaqda davam edəcəyi gözlənilir.
Belə bir artıma gedilməsi dünya üzrə dolların dəyər qazanmasına səbəb olacaq ki, Azərbaycan valyutası da istisna təşkil etməyəcək. Bəs dolların dəyər qazanması Azərbaycan manatına nə vəd edir? Yaxın aylar üçün biz hansı proseslərə hazır olmalıyıq?
Iqtisadçı Nemət Əliyev bildirdi ki, ABŞ-ın Mərkəzi Bakının dolların uçot dərəcəsini qaldırması şübhəsiz dünya ölkələri valyutalarının dəyərinin ucuzlaşmasına səbəb olacaqdır. N.Əliyevin sözlərinə görə, milli valyutamız da bu sıradan istisna deyil: “Manatın ucuzlaşması hesabına Azərbaycan iqtisadiyyatının çəkdiyi problemlər daha da böyüyəcəkdir. Çünki Azərbaycanda iqtisadiyyat zamanında rəqabət qabiliyyətli, möhkəm əsaslara söykənən şəkildə qurulmayıb. Ona görə mili valyutanın məzənnəsində yüngül titrəmə baş verən kimi Azərbaycan iqtisadiyyatı dağılır. Ona görə bu ilin yanvar ayı ərzində ötən ilin dekabrı ilə müqayisədə bütün göstəricilər kəskin pisləşib. Konkret halda tikinti materiallarının, geyim, toxuculluq mallarının istehsalı aşağı düşüb. Bu Azərbaycanın valyuta ehtiyatlarının kəskin şəkildə azalmasına səbəb olub. Hətta Neft Fondunun ehtiyatları da milli valyutanın qorunub, saxlanması məqsədlərinə xidmət edib. Bütün bunlar onun nəticəsində baş verib ki, milli valyuta dəyərdən düşüb. Manatın dəyərdən düşməsi iqtisadiyyatımızı haldan-hala salıb. Xarici ticarət dövriyyəsində azalmalar meydana gəlib. Əhalinin gəlirləri kəskin şəkildə azalıb”.
N.Əliyev onu da bildirdi ki, Azərbaycan iqtisadiyyatının belə bir vəziyyətində dolların uçot dərəcəsinin qaldırılması manatın dəyərini bir qədər də aşağı salacaq. Bu da problemlərin bir qədər də dərinləşməsinə səbəb olur: “Bu qərar ABŞ-a məxsusdur. Amma Azərbaycan hökuməti işini elə qurmalıdır ki, onu gözləyən təhlükələrin miqyasının artmasının qarşısını alsın. Əhalinin gəlirlərinin azalmasının tempini azaltsın. Burada hökumətin üzərinə böyük məsuliyyət düşür. Iqtisadiyyatı boğan korrupsiya, inhisarçılıq aradan qaldırılmalıdır”.
Xəyal