Hakimiyyət mövqeyini yenə dəyişdi – “Nə Rusiya, nə İran…”

 

aliyev-ruhani-putin

Araz Əzimovdan növbəti ziddiyyətli açıqlama

Diplomatın açıqlaması ilə Əliyevin İranda verdiyi bəyanat və Putinlə danışıqları zidiyyət təşkil edir

Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimovun qalmaqal yarada biləcək daha bir fikri mətbuatda yer alıb. A.Əzimovun son dedikləri rəsmi Bakının Suriya böhranına dair mövqeyinə və diplomatın Avstriyanın “Die Presse” qəzetinə verdiyi müsahibədə Əsədə dəstək kimi şərh edilən fikirlərinə aid olub.

Təzadlı mövqe

A.Əzimov bu haqda ötən bazar günü axşam ANS telekanalına müsahibəsində danışıb. “Azərbaycanın Suriyaya dair mövqeyi Rusiyanın, İranın mövqeyi ilə üst-üstə düşmür. Mən belə hesab etmirəm. Ümumiyyətlə, orada situasiya çox mürəkkəbdir, gərgindir və birmənalı deyil”, deyə  Araz Əzimov deyib.

Nazir müavinin sözlərinə görə, Suriya məsələsində Bakı bir neçə prinsipdən çıxış edir. Bunlardan birincisi Suriyanın  ərazi bütövlüyü prinsipidir: «Bu, Azərbaycan üçün mühüm məsələlərdən biridir. İkincisi, orada təhlükəsizliyi təmin etmək, daha sonra bütün tərəflərin iştirakı ilə siyasi proseslərə başlamaq lazımdır. İndiki şərtlərdə bu siyasi prosesi başlamaq mümkün deyil. Və buna görə də əldə edilmiş atəşkəsin davamlı olması çox vacibdir. Bizim üçün Suriyanın müttəfiqimiz Türkiyə ilə sərhədlərinin təhlükəsizliyi də çox mühümdür”.

«Əsəd siyasi iradəsini nümayiş etdirir, iradəsini ortaya qoyur»

araz-ezimov

Əsədə gəldiksə isə A.Əzimov deyib ki, onun hakimiyyətdə qalması, yaxud getməsi məsələsini son vaxtlar çox sadələşdirirlər: “Bu məsələ həddən artıq sadə formada qoyulur. Belə olmamalıdır. Çünki baxın, əgər bir neçə il əvvəl Bəşər Əsədin gedəcəyini deyirdilərsə o hələ də hakimiyyətdədir. Bir tərəfdən o öz siyasi iradəsini nümayiş etdirir, digər tərəfdən rəhbər kimi iradəsini ortaya qoyur. Bu faktı nəzərə almaq lazımdır ki, Bəşər Əsəd hələ də qalır. Əsəd oradan getməyib. Situasiya belədir ki, onun gedişi Suriyadakı situasiyanı həll etmir. Bunu nəzərə almaq lazımdır. Beləliklə, Əsədin arxalandığı qüvvələr var, onu dəstəkləyən ordu var. Demək olmaz ki, bütün ölkə ona qarşıdır. Onun dəstəyi var”.

Bir müddət əvvəlki fikirlər və indi deyilənlər…

Amma A.Əzimovun son müsahibəsi təzadlı məqamlarla boldur. Bu təzadlı məqamlar həm A.Əzimovun bir müddət əvəl səsləndirdiyi fikirlərlər, həm də dövlət başçısı İlham Əliyevin İrana səfəri zamanı verdiyi bəyanatlarla əlaqəlidir. Çünki İ.Əliyev İranda olarkən Azərbaycanın Suriya məsələsində mövqeyinin İranla üst-üstə düşdüyünü söyləmişdi.

Bundan başqa onu da vurğulamaq yerinə düşər ki, İ.Əliyev İrana səfərindən dərhal sonra Rusiya prezidenti Putinlə intensiv danışıqlar aparır. Təkcə Tehrandan qayıtdıqdan bir həftə ərzində dövlət başçılarının iki dəfə telefon danışığı olub. Eyni zamanda İ.Əliyev Suriyada baş verənlərə reaksiyası ilə bu məsələdə də Rusiyanın yanında olduğunu sərgiləmişdi.

A.Əzimov Vyanaya səfəri zamanı Avstriyanın nüfuzlu “Die Presse” qəzetinə müsahibəsi zamanı məhz Rusiya və İranın mövqeyi ilə səsləşən fikirlər demişdi: “Biz Suriyada koalisiyaların qarşıdurmasının şahidi oluruq. İslam dünyasının bir hissəsi və region ölkəsi olaraq baş verənlərdən narahatıq.  Biz islam dünyasında şiələrlə sünnülər arasında dərinləşməkdə olan parçalanmalardan da narahatlıq keçiririk. Azərbaycan tolerant ölkədir, bizdə bütün dinlər bir yerdə problemsiz yaşayır. Suriyada 200-300 azərbaycanlı döyüşür. Rusiyanın və digərlərinin hava zərbələri o qədər də effektiv deyil, həm də baha başa gəlir. Yerüstü qüvvələr yeritmək isə riskli olardı və çoxlu itkilər hesabına başa gələrdi. Atı arabadan qabağa qoşmaq olmaz».

Ekspertlərin fikrincə, xarici siyasət prioritetlərinin müəyyənləşdirilməsi bilavasitə mövcud siyasi rejimin xarateri ilə bağlıdır. Biz dəfələrlə eyni məsələlərlə bağlı Azərbaycan hakimiyyətinin eyni məsələlərlə bağlı müxtəlif mövqelər nümayiş etdirməsinin şahidi olmuşuq. Azərbaycanda demokratik rejim olsaydı, suriyada vətəndaşlarını qıran bir rejimə qarşı birmənalı münasibət olardı, Əsədin xalqı qırğın siyasəti açıq şəkildə pislənərdi. Hakimiyyətin Rusiya ilə yaxınlığı hətta Türkiyə-Rusiya münasibətləri son dərəcədə pisləşmiş vaxtda belə Ankaranı müdafiə etməyə imkan vermədi. Məsələnin sadə və mürəkkəb olmasından asılı olmayaraq dövlətin xarici siyasət kursu qəti və birmənalı olmalıdır. Xarici işlər nazirinin müavini Araz Əzimov belə mövqeyin ortaya qoyulmamasını pərdələmək üçün problemin mürəkkəb və çətin olduğuna istinad edir.

Xəyal