Gömrük Komitəsinin idarə rəisi Qarabağ əlilini döyüb

gomruk-komitesi1Hadisə ilə bağlı prokurorluğa şikayət olunub; ekspertiza zamanı əlilin üzərində xəsarətlər aşkarlanıb

Dövlət Gömrük Komitəsinin Yalama Dəmir Yol Yük stansiyasının rəisi Valid Nəsirov Qarabağ müharibəsi əlili Zakir Əliyevi öz kabinetində döyüb. Iki qolu olmayan Qarabağ qazisi bu barədə dövlət orqanlarına müraciət edib. Zakir Əliyevin Xaçmaz Rayon Prokurorluğuna, Dövlət Gömrük Komitəsinə, Milli Məclisin sədri Oqtay Əsədova, Xaçmaz və Qubadan olan deputatlar Ilham Əliyev və Vahid Əhmədova göndərdiyi şikayət məktubunun surəti “Azadlıq”a da daxil olub.

Qarabağ əlili məktubunda yazır ki, gömrük rəisi onu kabinetinə çağırtdıraraq, ətrafındakı idmançıların yanında döyüb, əynindəki paltarları cırıb.

Məlumata görə, Zakir Əliyev və qardaşları Rusiyaya meyvə-tərəvəz məhsulları aparıb, orada satırlar.

Məlumatda o da bildirilir ki, Zakir Əliyev başına gələnlərlə bağlı Xaçmaz Rayon Prokurorluğuna müraciət etdikdən sonra prokurorluğun göndərişilə tibbi ekspertizadan keçirilib. Ekspertiza zamanı boyun nahiyəsində xəsarətlər aşkar olunub.

Xəbər “Azadlıq”a istirahət günü daxil olduğundan məsələ ilə əlaqədar dövlət orqanlarının mövqeyini öyrənmək mümkün olmadı.

Mövzuya qayıdacağıq.

İnformasiya şöbəsi