Əhməd Davudoğlu: «Bölgənin taleyini kənar oyunçuların ixtiyarına verməyəcəyik»
İshaq Cahangiri: «Fikir ayrılıqlarını birlikdə aradan qaldırmağa qərar verdik»
Ötən həftənin sonlarında Türkiyə baş naziri Əhməd Davudoğlu geniş tərkibli nümayəndə heyəti ilə Irana iki günlük səfər edib. Nümayəndə heyətində Türkiyənin iqtisadiyyat naziri Mustafa Əlitaş, enerji və təbii qaynaqlar naziri Berat Albayrak, gömrük və ticarət naziri Bülənt Tüfənkçi, inkişaf naziri Cevdet Yılmaz, nəqliyyat naziri Binali Yıldırım, AKP baş katibi Əbdülhəmiş Gül, Türkiyə Böyük Millət Məclisində AKP deputat qrupunun rəhbəri Bülənt Turan olub.
Səfər zamanı Davudoğlu Iran prezidenti Həsən Ruhani, xarici işlər naziri Məhəmməd Cavad Cərif və digər rəsmi şəxslərlə görüşüb.
Görüşlərdə əsas müzakirə mövzusu regional təhlükəsizlik məsələləri və Suriya münaqişəsi olub. Baş nazir özü səfərdən əvvəl açıqlama vermişdi ki, danışıqlar zamanı Suriya və Iraqdakı hərbi-siyasi vəziyyətlə yanaşı, Qafqazdakı münaqişələr də müzakirə olunacaq.
Hədəf ticarət dövriyyəsini 30 milyarda yüksəltməkdir
Iran mətbuatının yazdığına görə, regionda baş verən münaqişələrə dair rəsmi Tehranla Ankaranın mövqeyində ziddiyyətlər olsa da, iqtisadi əməkdaşlıq siyasi qarşıdurmanı arxa plana keçirir.
Türkiyə ilə Iran arasında çox geniş iqtisadi əlaqələr var. Enerji, ticarət, kənd təsərrüfatı, nəqliyyat və bir çox başqa sahələrdəki qarşılıqlı əməkdaşlıq əlaqələri hər iki tərəfin maraqlarına uyğundur. Iran Qərbin iqtisadi sanksiyalarına məruz qalarkən Türkiyə hökuməti beynəlxalq qadağalara baxmayaraq, neft-qaz da daxil olmaqla, bir çox sahələrdə bu ölkə ilə əməkdaşlığını davam etdirdi. Artıq sanksiyalar aradan qaldırılıb və Türkiyənin Irana sərmayə qoyması üçün yaxşı imkan yaranıb. Hazırda iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 20 milyard dollardır. Tərəflər bu məbləği 30 milyard dollara yüksəltmək istəyirlər.
Ruhani: “Müsəlman ölkələrinin birliyi zəruridir”
Tehrana iki günlük səfərinin ilk günü Əhməd Davudoğlu Iran prezidenti Həsən Ruhani ilə görüşüb. Görüşdə regional təhlükəsizlik məsələsi ilə yanaşı, ikitərəfli əlaqələrin inkişafı da müzakirə edilib. Qeyd olunub ki, Türkiyə və Iranın əməkdaşlığı bütün region ölkələri üçün əhəmiyyətlidir. Və regionda sabitliyin bərpası və beynəlxalq terrorçuluğa qarşı mübarizə yalnız qarşılıqlı əməkdaşlıqla səmərəli ola bilər.
H.Ruhani bildirib ki, regiondan çox uzaq olan dövlətlərin terrorla mübarizə adı altında bölgədəki problemlərə müdaxilə edib öz geosiyasi maraqlarını reallaşdırmağa çalışmaları vəziyyəti daha da qəlizləşdirir: “Bu gün müsəlman ölkələrinin birliyi zəruridir. Əgər müsəlman dövlətləri terrorla mübarizədə vahid mövqedən çıxış etsələr Suriya və Iraqdakı qarşıdurmalar aradan qaldırılar”.
Ə.Davudoğlu isə bildirib ki, Türkiyə terrorla mübarizədə hər zaman Iranla əməkdaşlığa hazırdır. “Iki dövlət bölgədə biri-birini tamamlayır”, – deyən baş nazir rəsmi Ankaranın Tehranla əlaqələri daha da genişləndirmək istədiyini vurğulayıb.
Siyasi müşahidəçilər qeyd edirlər ki, geniş iqtisadi əlaqələrə malik olan iki ölkənin Suriya məsələsinə dair fikir ayrılıqları tədricən aradan qalxmaqdadır. Lakin kimin kimə güzəşt edəcəyi hələlik məlum deyil.
Davudoğlu onu da əlavə edib ki, Iran və Türkiyə qeyri-sabitlik və terror təhlükəsi, etnik və təriqətlərarası münaqişələr kimi, problemlərin öhdəsindən gəlmək üçün ümumi konsepsiya işləyib hazırlamalıdır.
“Fikir ayrılıqları var, amma…”
Iranın vitse-prezidenti Ishaq Cahangirilə görüşün yekunlarına həsr olunmuş mətbuat konfransında isə Türkiyənin baş naziri deyib ki, Ankara ilə Tehran arasında fərqli baxışlar olsa da, ölkələr bölgə problemlərini birgə, xarici müdaxilə olmadan həll etməlidirlər: “Qarşıdakı dönəmdə Iranla əlaqələr Türkiyə ilə prioritet məsələlərdən olacaq. Aramızda fikir ayrılıqları var. Amma bölgənin taleyini bölgədən kənar oyunçuların ixtiyarına verə bilmərik. Tehran və Ankara Yaxın Şərqdə təhlükəsizlik və stabilliyi bərpa etmək üçün birgə səy göstərməlidir”.
Ishaq Cahangiri qeyd edib ki, qonşular arasında problemlər danışıqlar masası arxasında razılaşdırılmalıdır: “Türkiyə ilə Iranın ortaq mənfəəti bölgəyə sülhün gəlməsidir. Fikir ayrılıqları olan məsələlərlə bağlı müzakirələr aparıb problemi birlikdə həll etməyə qərar verdik”.



