Ziya Məmmədovun daha bir səlahiyyəti əlindən alındı

ziya-memmedov1

Nəqliyyat naziri niyə hissə-hissə «sökülür»?

Nazirlər Kabineti “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nda dəyişikliklər edib. Bu məlumatı “Report” yayıb.

İndiyədək avtomobil nəqliyyatı ilə sərnişin və baqaj (əl yükünün) daşımalarının yerinə yetirilməsinə, o cümlədən bu sahədə Azərbaycan Respublikasının qanunvericiliyinin və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə riayət edilməsinə nəzarət Nəqliyyat Nazirliyi və onun səlahiyyətli qurumları, habelə səlahiyyətləri daxilində digər dövlət orqanları tərəfindən həyata keçirilirdi.

Dəyişikliklə, avtomobil nəqliyyatı ilə sərnişin və baqaj (əl yükünün) daşımalarının yerinə yetirilməsinə, o cümlədən bu sahədə Azərbaycan Respublikasının qanunvericiliyinin və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə riayət edilməsinə nəzarət Daxili Işlər Nazirliyi və Nəqliyyat Nazirliyi səlahiyyətləri çərçivəsində həyata keçiriləcək.

Avtomobil nəqliyyatı ilə sərnişin daşımalarının lisenziya (lisenziya kartı) olmadan və ya lisenziyalaşdırma şərtlərinin pozulması ilə yerinə yetirilməsi aşkar edildikdə, Daxili Işlər Nazirliyi qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlərin görülməsini təmin edəcək.

Bundan başqa, “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi Qaydası”nda da dəyişiklik edilib.

Belə ki, iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin avtomobil yolları ilə hərəkət etməsinə nəzarət də Daxili Işlər Nazirliyi tərəfindən səlahiyyətləri daxilində qanunvericilikləəyyən edilmiş qaydada həyata keçiriləcək.

Beləliklə, Ziya Məmmədovun daha bir səlahiyyəti əlindən alınıb. Qeyd edək ki, bundan əvvəl taksilərə lisenziya verilməsi, “Azərbaycan Dəmir Yolları”, “Azəryolsevris”, sərnişidaşıma, Nəqliyyatın Intellektual Idarəetmə Mərkəzi Nəqliyyat Nazirliyindən alınıb. Bütün bunlar Ziya Məmmədovun “vurulmasının” tərkib hissəsi kimi qiymətləndirilir. Nazirin biznes imperiyasının çökdürülməsi də bu ehtimalları gücləndirir. Bəs niyə Ziya Məmmədov hissə-hissə “sökülür”?

Bəzi iddialara görə, nazirin hələ ki, “vurulmamasının” səbəbi ABŞ-dakı prezident seçkilərilə bağlıdır. Məsələ burasındadır ki, ABŞ prezidentliyinə namizədliyini irəli sürən Donald Trampla nəqliyyat naziri arasında biznes əlaqələri var. Təsadüfi deyil ki, Anar Məmmədov “Tramp” brendi ilə Bakıda binalar inşa edirdi. Buna görə Donald Trampa 2.5 milyon dollar ödənildiyi barədə iddalar var. Hakimiyyət də Trampın qalib gələcəyi təqdirdə Ziya Məmmədov kartından istifadə etməyi düşünür. Əks təqdirdə nəqliyyat nazirinin “vurulacağı” bildirilir.