Böhranı cilovlamaq mümkün olmur

nemet-eliyev

Nemət Əliyev

Böhranı cilovlamaq mümkün olmur, dostlar! Bir çox qeyri-neft istehsal sahələrinin fəaliyyəti iflic həddinə çatıb. İnkişaf səviyyəsi onsuz da ürəkaçan olmayan emal sahələrinin göstəriciləri daha da pisləşib.

Bu ilin yanvar ayında (ötən ilin yanvar ayına nəzərən) aşılanmış xəz dəri istehsalı 88%, dəri ayaqqabı istehsalı 81%, xalça və xalça məmulatlarının istehsalı 72%, geyim istehsalı 41% azalıb. Yanvar ayında əsas kimya məhsullarından sayılan yuyucu maddələrin istehsalı 87%, kalsium-karbonat istehsalı 94%, sabun istehsalı 39%, rezin və plastmas məmulatlardan bərk polietilen boru istehsalı 47% düşüb. Tikinti materiallarından sement istehsalı 47%, beton qarışığının istehsalı 53%, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərin istehsalı 81% enib. Armaturların, polad boruların, elektrik avadanlıqlarının, elektrik cərəyan naqillərinin istehsalı da xeyli azalıb. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında da oxşar vəziyyət yaşanır.

Belə məlum olur ki, daha çox iş yerləri bağlana, daha böyük gəlirlərdən məhrum ola bilərik. Həyat səviyyəsinin daha da pisləşəcəyi, işsizlik və yoxsulluq səviyyəsinin sürətlə artacağı gözləniləndir. Çünki mənfi iqtisadi proseslər xeyli dərinə işləyib.

 

Yazı iqtisadçının Facebook səhifəsindən götürülüb.