Məhəmməd Talıblı: «2016-cı il neft qiymətlərinin ən aşağı olduğu il kimi yaddaşlarda qalacaq»
Ilham Şaban: «Azərbaycanın OPEK-in tədbirində iştirak etməsinə ehtiyac yoxdur»
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında Azərbaycanın neft hasilatının 2016-cı ilin yanvar ayı səviyyəsində “dondurulması” təklifinin gerçəkləşdirilməsinə hazır olduğunu bildirib.
Xatırladaq ki, bu günlərdə Rusiyanın energetika naziri Aleksandr Novak ümid etdiyini bildirmişdi ki, Azərbaycan və Qazaxıstan neft hasilatının “dondurulması” təşəbbüsünə qoşulacaq və OPEK üzvü olan və olmayan neft hasil edən ölkələrin yaxın günlərdə keçirilməsi planlaşdırılan görüşündə iştirak edəcəklər (virtualaz.org).
Xatırladaq ki, Novak açıqlamasında qeyd etmişdi ki, Azərbaycan da neft hasilatının dondurulmasına qoşulacaq. “Ümid edirik ki, bütün OPEK üzvü olan və olmayan ölkələr – Rusiya, Qazaxıstan, Azərbaycan, yəni neft ixrac edən ölkələr müvafiq qərarın çıxarılmasında iştirak edəcəklər”, – RF energetika naziri belə deyib.
2016-cı ilin fevral ayının 16-da Doxada keçirilmiş görüşdə Rusiya, Səudiyyə Ərəbistanı, Qətər və Venesuela neft hasilatının yanvar ayı səviyyəsində dondurulması barədə razılığa gəliblər, amma o şərtlə ki, digər istehsalçılar da bu təşəbbüsə qoşulsunlar. Buna hazır olduqlarını bildirən ölkələr arasında Ekvador, Əlcəzair, Nigeriya, Oman, Küveyt, BƏƏ var. Iran və Iraq bu atılan addımlara dəstək verdiklıərini bildirsələr də, hələlik neft hasilatının dondurulmasına qoşulmaq barədə danışmaqdan çəkinirlər.
Belə bir addımın atılması nə vəd edir? Azərbaycan hasilatını aşağı sala bilərmi?
Hazırda Azərbaycan cəmiyyətində dünya bazarında neftin qiymətindəki dəyişiklik ciddi izlənilir. Nəzərdə tutulan addım neftin qiymətinə necə təsir edəcək? Son günlər neftin qiymətində yaşanan yüksəlmə davam edə bilərmi?
Iqtisadçı Məhəmməd Talıblı bildirdi ki, hökumət daha çox özündən və onun siyasi iradəsindən asılı olan tədbirləri həyata keçirib səmərə gözləməkdənsə, kənar konyukturaya daha çox ümid edir. Nəticədə Azərbaycan hökuməti kənar səslərə daha çox həssas kimi görünür: “Növbəti devalvasiya da, büdcə daxilolmaları da daha çox neft amilindən asılıdır. Dünyadakı neftin qiymətinin dəyişməsində müxtəlif amillər mühüm rol oynayır. OPEK-in hasilat kvotasını aşağı salması hesabına əvvəllər neftin qiymətinin yüksəlməsinə yönəlik siyasət aparılırdı. Indi bu siyasət yox, daha çox iqtisadiyyatları neftdən asılı olan ölkələri, o cümlədən Iran və Rusiyanın iqtisadiyyatının zəiflədilməsi tendensiyası açıq görünür”.
M.Talıblının sözlərinə görə, neft bazarında OPEK-in rolu ən mühüm mövqeyə malik olduğunu nəzərə alsaq, o zaman bəlli olacaq ki, hər gün neftin qiymət səviyyəsi haqqında soruşulanda diqqətlər OPEK “üzündə” qalır: “OPEK dünya neft bazarında hasilatın 40 faizinə yaxın paya malik olduğu halda, OPEK-in özü də Səudiyyə Ərəbistanın da mövqeyini kartal daxilində nəzərə almaq məcburiyyətindədir. Səudiyyə Ərəbistanı OPEK-də belə deyək ki, elə bil 3 tikədən biridir. 2016-cı ildə çoxsaylı təhlillər göstərir ki, yaxın illərin daxilində neft qiymətlərinin ən aşağı olduğu il kimi yaddaşlarda qalacaq. Ona görə neftdən asılı iqtisadiyyatlar bu illəri dünyadakakı ”lotereya” uduşlarına özlərini hazırlamasınlar. Ən pessimist ssenarilər üzrə inkişaf haqqında düşünməlidirlər”.
Iqtisadçı Ilham Şaban isə bildirdi ki, hazırda Azərbaycan çox maraqlı bir dövrə qədəm qoyur. Bu isə onunla əlaqədardır ki, hazırda OPEK və qeyri-OPEK ölkələrinin toplantısı ilə bağlı müxtəlif müzakirələr gedir: “Istəyirlər ki, neft hasil edən ölkələrin görüşü martın 20-də Rusiyada baş tutsun. Bununla yanaşı, Qətərin enerji naziri Mohammed bin Saleh Al Sada qeyd olunan toplantının martın 17-də Qətərin paytaxtı Dohada keçirilməsi ilə bağlı təklif irəli sürüb. Bu isə bazara daha güclü təkan verib”.
Mütəxəssis həmçinin düşünür ki, Qazaxıstan və Azərbaycanın həmin görüşə dəvət edilməsinə ehtiyac yox idi: “Qazaxıstan və Azərbaycanı da toplantıya dəvət ediblər. Hesab edirəm ki, onlar sadəcə say çoxluğu əldə etmək istəyirlər. Çünki həm Qazaxıstan, həm də Azərbaycanda hasilat cari il üçün kifayət qədər azalacaq.
Belə ki, Qazaxıstan ötən il 79 milyon barel neft hasil edib. Bu il isə bu rəqəm 74 milyon barelə düşəcək. Azərbaycanda isə hasilat 1 milyon barel azalacaq.
Yəni, onların hasilatın saxlanması ilə bağlı görüşdə iştirak etmələrinə ehtiyac yoxdur. Bu hasilatı artıran ölkələrə daha çox şamil edilməlidir.
Onun sözlərinə görə, bu prosesin davamlı olub-olmadığı növbəti həftələrdə baş verən proseslərdən asılı olacaq: “Qeyd etdiyim toplantı ilə bağlı bircalarda bir şadyanalıq müşhidə edilir. Birjalara bu informativ təsir edib. Adətən həftəsonu müəyyən bu cür amillər olanda birjalarda bu cür qiymət artımları müşahidə edilir. Cümə günü hərracların yekunlarına görə, Brent markalı neftin qiyməti 38 dolları keçib. Amma bu prosesin davamlı olub-olmadığı növbəti həftələrdə baş verən proseslərdən asılı olacaq”.
“OPEK-in müzakirələri müsbət nəticəsini verəcəkmi?” sualına isə Neft Araşdırmaları Mərkəzinin rəhbəri bu cür aydınlıq gətirib: “OPEK-in toplantısında qəbul edilən qərarlar aprel ayında qüvvəyə minəcək. May ayının birinci dekadasında isə toplantı iştirakçıları hasilatın kvotosı ilə bağlı hesabat verəcəklər. Hasilat nə qədər olub, nə qədər neft ixrac edilib və s.”.
Xəyal






