elnurastanbeyli@gmail.com
Bir neçə gün öncə xəbər saytlarında “Sovetski”də 78 tarixi binanın söküləcəyinə dair məlumat vardı, sən demə, Nazirlər Kabineti və Mədəniyyət Nazirliyi onların “tarixi əhəmiyyətinin olmadığına” qərar veribmiş. Bunu necə müəyyənləşdiriblər, bilən yoxdur.
Hər halda görünən odur ki, yaptokratlar Bakını öz gerçək kimliyindən uzaqlaşdırıb, onu heç bir estetik zövqü olmayan, heç bir özəl memarlıq dəyəri daşımayan, əksinə, bir-birinin təkrarından ibarət, standart, ruhsuz göydələnlər şəhərinə çevirməkdə israrçıdırlar. Öz aləmlərində Bakıdan “yeni Dubay” düzəldirlər, halbuki Dubayı Dubaya çevirən yalnız dəbdəbəli göydələnləri deyil, məsələn, Yaxın Şərqin ən böyük ticarət, maliyyə və turizm mərkəzi olmasıdır. Üstəlik, müasir Dubay heç də tarixi kimliyi məhv etmək hesabına başa gəlməyib, Əksinə, şəhərin “Bur Dubay” adlanan hissəsi qədim tikililəri, muzeyləri, tarixi izləri daşıyır, göz bəbəyi kimi qorunur, ora turistlərin sevimli məkanıdır.
Bizdə isə Içəri Şəhərin başına nələr gətirildiyi hər kəsin məlumudur, indi də Bakının “bayır şəhər” adlandıra biləcəyimiz hissəsi buldozerlərin ağzına verilir.
Ümumiyyətli, “Sovetski” adlanan ərazini xarabazara döndərməyə hər hansı məntiqi izah tapmaq mümkün deyil. Orada geniş bərpa, restavrasiya əməliyyatları aparmaq olardı, çünki Bakını Bakı edən həm də “Sovetski”dəki özünəməxsus məhəllə arxitekturası idi. Indən sonra həmin ərazidə istədiyiniz qədər təmtəraqlı göydələnlər ucaldın, amma orada Bakının öz ruhu, öz nəfəsi heç vaxt olmayacaq.
Bəzən deyirlər, Bakı niyə turistlər üçün cəzbedici şəhərlərin siyahısına düşmür, düşəndə də arxa sıralarda qərarlaşır, məsələn, lap elə Tiflisdən-filan geri qalır. Bunda təəccüblü nə var ki? Başqa necə olmalıdır ki? Bakını özgələrə maraqlı edə biləcək az-çox nə vardısa, artıq onlar böyük ölçüdə yoxdur.
Kimsə düşünürsə ki, yuxarıdakı sualın yeganə cavabı turizm obyektlərindəki fantastik qiymətlər, ya da xidmətin aşağı keyfiyyətidir, kökündən yanılır. Səbəb həm də Bakının öz ruhunu tamamilə itirməsidir. Siz hansısa avropalını, yaxud yaponu “Alov Qüllələri” ilə təəccübləndirə, heyrətləndirə bilərsiniz? Gözünü açıb Eyfeli görən parislini ən uzun bayraq dirəyi iləmi mat qoyacaqsınız? Hansısa milanlı, madridli, tokiolu, romalı, berlinli, nyu-yorklu, şanxaylı, istanbullu, nə bilim daha haralı üçün Bakı nəyi ilə maraqlı, cəzbedici olmalıdır, heç düşünübsünüzmü?
Bir ara Bakı bulvarında “kiçik Venesiya” düzəltmək fikrinə düşmüşdülər, yəqin yadınızdadır. Niyəsini əlbəttə, anlayırdıq, neft pulları çoxdur və onun altından girib üstündən çıxmaq üçün belə gərəksiz layihələrə ehtiyac var. Amma lap deyək, məqsəd o vaxt doğrudan da şəhəri gözəlləşdirmək, əcnəbilər üçün cəzbedici etmək idi, axı niyə kimsə Venesiyanın özünü qoyub pulunu Bakı bulvarındakı gölməçələri görməyə xərcləməli idi ki?
Dediyim odur ki, istənilən bir şəhəri müasirləşdirməyə çalışmaq, orada yeni-yeni binalar tikmək də olar, amma bütün hallarda bir şəhərin özəlliklərini, özünəməxsusluqlarını buldozer ağzına vermək, onun mənəvi atmosferini dağıtmaq, onun ruhunu parçalamaq, onun tarixi kimliyini yox etmək yolverilməzdir, qəbuledilməzdir. Bir gün bunun da hesabı əlbəttə, soruşulmalıdır, soruşulacaq da.
Bakıdan süni “Dubay”, “Şanxay” düzəltmək yalnız korrupsiya hadisəsi deyil, həm də tarixə təcavüzdür, onun arixtektura baxımından özəl və gözəl tarixi daş binalarını ucdantutma uçurub yerində heç bir estetikası, ruhu olmayan göydələnlər inşa etməyə heç nə ilə bəraət, haqq qazandırmaq mümkün deyil.
Bakı müasir çilçıraqlarına, üzü alabəzək rənglənmiş göydələnlərinə, mərmər döşənmiş səkilərinə, parklarına rəğmən artıq o qədər boz, o qədər gözyorucu, o qədər zövqsüz, o qədər bayağıdır ki!
Artıq əsl Bakı – öz ruhu, öz nəfəsi, öz havası, öz tarix pasportu olan Bakı yoxdur.
Artıq sadəcə və sadəcə, Hacıbala müəllimin şəhəri var. Həm də sözün bütün mənalarında!
Təəssüf, çox təəssüf!