Repressiv olmağın axırı

elnur-astanbeyliElnur Astanbəyli

elnurastanbeyli@gmail.com

Iki gün öncə “Ictimai asayişin qorunmasında vətəndaşların iştirakı Qaydası” təsdiq edilib, deməli, bundan sonra polis orqanları ilə əməkdaşlıq edən şəxslərə xeyli imtiyazlar tanınacaq. Qısaca, yaptokratlar Sovet dönəmindən bildiyimiz “Xalq drujinaları”nı bərpa edirlər. Təəccüblü deyil. Bu rejim həmin dönəmin mənəvi varisidir, insan hüquqlarına, azadlıqlarına münasibətdə məhz Sovet hakimiyyətinin yanaşmasından çıxış edir.

Digər tərəfdən isə ictimai-siyasi fəallara, tənqidçi səslərə qarşı sifarişli məhkəmələr zamanı “üzəduran”, xalq etirazları zamanı kimi isə “qoçu” kimi istifadə edilən xeyli ştatkənar adam var, onları leqallaşdırır, legitimləşdirirlər. Bizdə iri məmurların bir çoxununun idmançılardan ibarət dəstələrinin olduğunu bilməyən yoxdur, onlardan repressiv məqsədlərlə yararlanırlar, artıq belə dəstələri də “xalq drujinaları”na çevirirlər.

Başadüşüləndir. Anlaşılandır. Görünən dağa bələdçi lazım deyil, hər şey göz önündədir. Bəli, gerçək həqiqət bundan ibarətdir ki, mövcud Sistemin neft pulları üzərində qurduğu yalançı, saxta təntənə bitib, camaatın durumu artıq hər keçən ay, gün yox, hər saat, hər dəqiqə daha da ağırlaşır. Küçədə, yolda-izdə, marşrut avtobuslarında, çayxanalarda insanlara qulaq verin: onların içərisindəki etiraz, öfkə, qəzəb anbaan artır. 22 ildən artıqdır davam edən pis idarəçilik “bəhrəsini” verir, indi adamları AzTVsayağı düşük, bayağı, əttökən təbliğat şouları ilə yönləndirmək, təsir altında saxlamaq əvvəlkindən də qat-qat çətindir, bir azdan isə, ümumiyyətlə, mümkün olmayacaq. Elə isə deməli, istənilən ssenariyə hazırlıqlı olmaq gərəkir, yapçılar da, başda “xalq dcujinaları”nı yenidən diriltmək daxil olmaqla, bir çox addımları ilə məhz bununla məşğuldur.

Buradan gəldiyimiz qənaət nədir? Yaptokratlar ya hələ də gedişatın fərqində deyillər, ənənəvi hesablamalar aparır, ona görə də prosesə həmişəki kimi primitiv, Sovetdənqalma şablon reaksiyalar verir, ya da hər şeyin çox yaxşı fərqindədirlər, sadəcə, ölkənin düşdüyü bataqlıqdan, deməli, həm də özlərinin xalqın gözlənilən qəzəbindən xilası üçün yeni, praqmatik yollar düşünməkdə acizdirlər, necə deyərlər, “qablarında” olan budur.

Nə qədər yazmaq, söyləmək olar ki, artıq 21-ci əsrdir və öz vətəndaşları ilə güc, zor, repressiya dilində danışmaq effektsizdir, ötəri sonuclar verə, “ağrıkəsici” funksiyası yerinə yetirə, müvəqqəti sabitlik, səssizlik doğura bilər. Amma bu, sonsuzadək belə davam edə bilməz. Elə bir gün gəlir ki, güc aparatı xalqın qarşısında tamailə aciz, çarəsiz qalır. Bunun sonuncu ən parlaq örnəkləri ərəb coğrafiyasındakı ayaqlanmalar, çoxillik tiraniyaların domino effekti ilə bir-birinin arxasınca tarixin arxivinə yollanması oldu.

Anlamaq, dərk və qəbul etmək lazımdır ki, yeni çağın tələbləri başqadır. Yaşadığımız çağda xalqın gözlənilən, gec, ya tez, fərq etmir, qaçılmaz olan ayaqlanmalarından, qəzəb püskürmələrindən qurtulmağın birinci yolu onun hakimiyyətinin önünü açmaq, onun iradəsini tanımaq və bu iradənin hakimi-mütləqə çevrilməsinə imkan verməkdir. Yalnız doğrudan da xalqın formalaşdırdığı hakimiyyətlər öz ölkələrində hüquq düzəni qurmaq, ədaləti təmin etmək, insanların haqlarına və özgürlüklərinə sayğı duyulduğu ortam yaratmaq gücündədir. Və yalnız həmin düzən, həmin ortam meydana çıxdığı təqdirdə bir ölkə, bir xalq və bir hakimiyyət hər hansı qanlı, qorxulu, arzuedilməz, xoşagəlməz ssenarilərdən qoruna, sığortalana bilər.

Bunun əvəzinə toplumda xof mühitini dərinləşdirməklə, tənqidçi, etirazçı, müxalif hər kəsi cəzalandıraraq vintləri bərkitməyə çalışmaqla, indiyədək heç bir çağdışı rejimə sonadək fayda verməmiş, xeyir gətirməmiş repressiv təcrübəni təkrarlamaqda davam etməklə yaptokratlar ağlı başında olan kimsənin bu gözəlim məmləkətə rəva görməyəcəyi sonluğu sürətləndirir, tezləşdirirlər.

Amma yenə də özləri bilərlər.