Neft Fondunun “passiv” aktivləri

neft-fonduYaxud, yarıtmaz siyasətin 0.89 faiz gəlirlilik dərəcəsi

Heç kimə sirr deyil ki, ölkənin bu vəziyyətə düşməsi yarıtmaz siyasətin nəticəsidir. Hakimiyyət nə qədər inkişaf təbliğatı aparsa da, nə qədər ölkədəki vəziyyəti qlobal böhranla əlaqələndirməyə çalışsa da statistik rəqəmlər, faktlar bunun əksini diktə edir. Hər dəfə rəqəmlər açıqlananda belə təəssürat yaranır ki, dövlət azyaşlı uşağın əlindədir və bu uşaq dövləti çapıb-talayır. Çünki, zərrə qədər düşüncəsi, məsuliyyət hissi olan adam bu qədər yartımazlığa yol verə bilməz.

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2015-ci il ərzində büdcə gəlirləri 7 721,1 milyon manat, büdcə xərcləri isə 9 187,7 milyon manat təşkil edib. Bu haqda ARDNF-in hesabatında məlumat yer alıb. Qeyd edək ki, Fondun ötən ilin büdcəsinin proqnozlarına görə, gəlirlərin 10,2 milyard manat, xərcləri 11,8 milyard manat təşkil etməsi nəzərdə tutulub. Beləliklə, büdcənin proqnozu ilə icra olunmuş variantı arasında təqribən 2,5-2.7 manat kəsir var. 2015-ci il ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 27,9 milyon manat təşkil edib.

Ötən il ARDNF-in ümumi aktivləri üzrə toplam gəlirliliyi cəmi qızılla bir yerdə 0.89 faiz, qızılsız isə 1.24 faiz olub. Demək ki, qiymətli metal üzrə gəlirliliyin səviyyəsi mənfi olduğuna görə bu, ümumi gəlirlilik səviyyəsinin aşağı düşməsinə səbəb olub. Ekspertlərin fikrincə, aktivlərin idarə olunmasından əldə olunan gəlirlilik olduqca aşağı səviyyədədir.

Göründüyü kimi ARDNF-nin ümumi aktivlərdən əldə etdiyi gəlir 1 faiz də deyil. Ən yaxşı halda 0.89 faiz təşkil edir. Bu rəqəmlər yürüdlən iqtisadi siyasətin 100 faiz iflasa uğramasının göstəricisidir. Faktiki olaraq hökumət əlində olan vəsaiti qoruyub saxlaya bilməyib. Ümumi aktivlərin gəlirlilik dərəcəsinin bu qədər aşağı olması, dövlətin təhlükəli əllərdə olmasının göstəricisidir. Əgər hökumət öz əlində olan vəsaiti qoruyub saxlaya bilmirsə, hansı qabiliyyətlə xaricdən ölkəyə pul kütləsi cəlb edəcək? Əgər 100 milyardlarla vəsait yeni gəlir mənbəyinə çevrilməyibsə, bundan sonra az valyuta ilə hansı uğurlara imza atmaq olar?  Ümumiyyətlə, neft fondunun aktivləri 1 faiz gəlir gətirməkdən də məhrumdursa, bu fond niyə fəaliyyət göstərir? Xaricdəki valyuta və daşınmaz aktivlərin dəyər itirməsinə görə fond il ərzində 2.2 milyard dollar pul itirib. Hansı ölkədə devalvasiya risqi varsa Neft Fondu pullarını həmin ölkənin valyutası ilə saxlayır. Yaxud, hansı ölkədə daşınmaz əmlakın ucuzlaşması risqi varsa, Neft Fondu həmin ölkədə daşınmaz əmlak alır. Məsələni təhlil edəndə isə məlum olur ki, bu “pul siyasəti” şəxsi maraqların təminatı üçün yürüdülür. Yəni, hökumət dövlətin sərvətini qorumaq üçün yox, öz imicini yüksəltmək üçün bu addımları atır.

Müxtəsər, Neft Fondunun aktivlərinin gəlirlilik göstəricisi 0.89 faizdirsə, bu hökumətin neft strategiyasından, uğurlu iqtisadi siyasətdən danışması absurddur. Yuxarıda qeyd etdiyimiz kimi hökumət azyaşlı uşaq kimi pulları asanlıqla itirir və bunun məsuliyyətini dərk etmir. Belə bir hökumətə kim külli miqdarda borc verər, hansı ölkə etibarlı tərəfdaş kimi baxar? Ölkədə olan pulu yeni imkanlara çevirə bilməyən hökumət, heç bir xarici ölkə ilə əməkdaşlıqdan mənfəət əldə edə bilməz. Neft fondunun aktivləri “passiv” olaraq qalır.

Samir