İctimai qəzəbdən qorxublar. Ölkəyə gətirilən meyvə və quru meyvələrin gömrükdə bazar qiymətindən 20-30 dəfə ucuz qiymətlərlə rəsmiləşdirilməsi haqda məlumatlar xalqın ciddi narazılığına səbəb olmuşdu. Bu məlumatlar təkcə mənim səhifəmdən 5700 dəfə paylaşılmışdı. Budur, narahat olub, təcili bu ilin yanvar və fevral ayları üzrə məlumatları açıqlayıblar. Hərçənd, heç indiyə qədər 2015-ci il üzrə məlumatları açıqlamayıblar. Bizim istinad etdiyimiz isə ən son olan 2014-cü il üzrə məlumatlar idi. Deməli, narahat olublar. Amma bu cədvəl də xeyli sual doğurur.
1. Cədvəldən aydın görünür ki, baxmayaraq, dünya bazarında qiymətlərdə əhəmiyyətli dəyişiklik olmayıb, əksər məhsullar üzrə idxal qiymətləri 1 il ərzində 10-15 dəfə artıb. Bu o deməkdir ki, aparılan kampaniya az da olsa, nəticə verib. Toplanan rüsumlar “qara kassa” ilə dövlət büdcəsi arasında bölüşdürülən zaman büdcənin payı bir qədər artırılıb (şübhəsiz ki, burada büdcədəki hazırkı çətinliklərin də rolu var). Hörmətli Vahid Məhərrəmliyə təşəkkür edirəm. Onun bir neçə il ərzində apardığı araşdırmalar ictimaiyyətin dəstəyilə öz işini gördü. Amma maraqlıdır, dövlət rəsmiləri idxal qiymətlərinin bəzi mallar üzrə 1 il ərzində 10-15 dəfə artmasını necə izah edəcəklər? Bu onun etirafıdırmı ki, əvvəlki qiymətlər süni şəkildə lap çox azaldılmışdı? Bəs bu süni şəkildə azaldılmış idxal qiymətlərinə görə büdcədən yayındırılmış milyardların taleyi necə olsun? O pulları qaytarmaq istəmirlər?
2. Meyvə və quru meyvələrin bu cədvəldə təqdim olunan qiymətləri realdırmı? Bu suala siz cavab verin, hörmətli oxucular. Mən elə bilirəm ki, qiymətlər reallıqda bu cədvəldə göstərildiyindən xeyli bahadır. Bu cədvəldə göstərilən maksimum qiymətlər əslində ən ucuz qiymətlərdir. Həmin malların daha keyfiyyətliləri isə xeyli baha satılır. Bu qiymətlərlə növbəti dəfə bizləri aldatmağa cəhd etmirlərmi?
3. Gömrük Komitəsi idxal qiymətlərini hətta xeyli qaldırdıqdan sonra da təqdim olunan qiymətlər real bazar qiymətlərindən çox aşağıdır. Əlbəttə, o iddiada deyilik ki, həmin mallar idxal qiymətlərinə yaxın qiymətlərlə bazarda satılsın. Bunun real olmadığını bilirik. Gömrük rüsumu, ƏDV və ticarətçilərin əldə etməli olduğu mənfəəti nəzərə alaraq, bazar qiymətlərinin idxal qiymətlərindən 2-3 dəfə baha olmasını anlayışla qarşılayardıq. Lakin bir çox məhsullar üzrə bazar qiymətləri yenə də idxal qiymətlərindən 5-8 dəfə bahadır. Bu qədər böyük fərq gömrükdə “qara kassa”nın və inhisarın hələ də qaldığının sübutu deyilmi?

P. S. Bəzi dostlar da hər dəfə yazırlar ki, yazmağın, paylaşmağın nə xeyri var? Gördünüz, necə narahat oldular? Büdcə də 100 milyonlarla manat əlavə pul qazandı, həm də “qara kassanın” hesabına. Xalq öz gücünə inananda böyük qüvvə olur.



