Hökumət bankları xilas edə biləcəkmi?

bankEkspertlər Əliyevin imzaladığı qanunların bankların xilasına kömək edəcəyinə inanmırlar

Ölkə başçısı Ilham Əliyev “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanunu imzalayıb.

Qanuna edilən dəyişikliyə əsasən, 2016-cı il fevralın 1-dən etibarən 3  il müddətində yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azad edilir.

Ilham Əliyev “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 19 yanvar tarixli 102-VQD nömrəli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.

Bundan başqa Ilham Əliyev “Əmanətlərin tam sığortalanması haqqında” qanun imzalayıb. Ekspertlər bildirir ki, bütün bunlar bankların çöküşünün qarşısını almaq məqsədi daşıyır: “Ölkədə istehlak kreditlərinin miqdarı 7 milyard manatdır. Kredit götürənlərin isə yalnız 50 faizi ödəniş edir. Dollarla olan kreditlərə gəlincə, kredit götürənlərin 30 faizi ümumiyyətlə borcunu ödəməkdən imtina edib. Bundan başqa devalvasiyadan sonra əmanətçilər pullarını banklardan çıxarıblar. Bütün bunlar da bankların çöküşünü şərtləndirib. Indi bu cür addımlarla əhalini pullarını banklara yatırmağa sövq etməklə bankları xilas etməyə çalışırlar. Lakin məsələ burasındadır ki, indik halda kiminsə pulunu manatla banklara yatırması inandırıcı görünmür. Vəsaitlərin dollarla banklara yatırılacağı da az ehtimal edilir. Çünki artıq əhalidə banklara heç bir inam qalmayıb”.