Nemət Əliyev: «Mərkəzi Bankın atdığı məsuliyyətsiz addımlar böyük fəsadlar verəcək»
Azərbaycan Mərkəzi Bankı (AMB) və Dövlət Neft Fondu (ARDNF) fevral ayında hərraclarda banklara 484,93 milyon dollar məbləğində xarici valyuta satıb. Hesablamalarına əsasən, AMB fevralda keçirilmiş 12 hərracda banklara 367,48 milyon dollar məbləğində valyuta satıb.
ARDNF bir hərracda 117,45 milyon dollar satıb.
2016-cı ilin yanvar ayında Mərkızi Bank və ARDNF ən azı 820 milyon dollar məbləğində valyuta satıb. Beləliklə, 2 devalvasiyaya baxmayaraq dolların alışı davam edir.
Dollar bahalaşır
Mərkəzi Bank günün sonunda manatın bu günə olan məzənnəsini açıqlayıb. Bankdanÿ Lent.az-a verilən məlumata görə, martın 2-nə olan tarixə rəsmi məzənnəsi 1,5764 səviyyəsində müəyyən olunub. Qeyd edək ki, dolların manata olan dünənki məzənnəsi 1.5687 səviyyəsində olub.ÿ
Maraqlıdır ki, on gün bundan əvvələ qədər Mərkəzi Bankın keçirdiyi hərraclarda banklar, demək olar, iştirak etmirdi. Hərraca çıxarılan 200 milyon dolların yalnız 10 faizi satılırdı. Amma son bir neçə gündür ki, bu istiqamətdə vəziyyət dəyişib. Üç gün əvvəl keçirilən hərracda satışa 50 milyon dollar çıxarılıb və bu dollara olan tələbatın yalnız 20.6 faizini ödəyib. Iki gün əvvəlki hərracda isə tələbatın yalnız 28 faizi ödənilə bilib. Bu dəfə isə satışa 60 milyon dollar çıxarılıb. Bu isə o deməkdir ki, dollara bazarın tələbatı hazırda gündəlik 250 milyon təşkil edir. Bu da ayın sonuna qədər 5 milyard vəsait deməkdir. Mərkəzi Bankın isə bu həcmdə vəsaiti yoxdur.
Digər tərəfdən isə o da nəzərə alınmalıdır ki, hazırda dollara olan tələbat ixracın inzibati resurslarla 70 faiz məhdudlaşdırıldığı zamana təsadüf edir. Bu o deməkdir ki, tələbat süni şəkildə aşağı endirilib. Amma bunun bir doyma nöqtəsi olacaq. Bütün bu təzyiq manata nə vəd edir?
Iqtisadçı Nemət Əliyevin fikrincə, hazırda baş verənlər hərraclarda bankların iştirak etmədiyi və tələbatın 100 faiz yerinə yetirildiyi ilə bağlı MB rəhbərliyinin bəyanatlarının reallığa uyğun olmadığını göstərir. N.Əliyevin sözlərinə görə, hətta bu tip bəyanatların verilməsinə baxmayaraq, bank ölkədə manat qıtlığı yaradıb: “Mərkəzi Bankın atdığı məsuliyyətsiz addımlar böyük fəsadlar verəcək. Bununla bağlı Mərkəzi Bank izahatını verməyə məcbur qalacaq. Valyuta tələbatının təmin edilməməsi onunla nəticələnəcək ki, ölkədə valyuta qıtlığı yaranacaq. Amma artıq mağazalarda biz yürüdülən siyasətin fəsadlarını görürük. Çünki mağazalarda qıtlıq yaranıb. Mərkəzi Bank birinci devalvasiya qərarından sonra vətəndaşın üzərinə 5 milyard vəsait qoydu”.
Neftin bazar qiymətlərində də kəskin bahalaşmanın müşahidə olunmadığını deyən N.Əliyev vurğuladı ki, neftin qiyməti ən yaxşı halda indiki səviyyədə qala bilər. Ölkənin daxili istehsalında da ciddi geriləmələrin müşahidə olunduğunu qabardan ekspert bildirdi ki, ölkəyə investisiya qoyuluşunda 4 milyarda yaxın azalma baş verdi. Bununla yanaşı daxili istehsalın inkişaf etməsi istiqamətində olan əngəllər aradan götürülmədi: “Ixrac yönümlü fəaliyyətin gücləndirilməsi üçün diqqəti cəlb edən bir elementə də rast gəlmək mümkün deyil. Nə qədər ki, ölkənin ixrac yönümlü fəaliyyəti stimullaşdırılmayıb ölkədən valyuta axının qarşısını almaq mümkün olmayacaq. Süni şəkildə idxal ehtiyacları azaldılsa da, bu, çıxış yolu deyil. Xarici valyutaya olan ehtiyac təmin olunmalıdır. Digər tərəfdən, büdcə öhdəliklərinin icra olunması gərəkdir. Amma hökumət bu istiqamətdə addım atmır. Ona görə yaranmış bu cür vəziyyət üçüncü devalvasiyanı qaçılmaz edir. Artıq bu şərait yaranıb. Mərkəzi Bankın davranışları bunu deməyə əsas verir. Əgər bir müddət əvvəl Mərkəzi Bank manatın məzənnəsini süni şəkildə möhkəmləndirmişdisə, hazırda bu siyasətin davamı mümkün deyil”.
Xəyal