Tarixin ləğvi

elnur-astanbeyliElnur Astanbəyli

elnurastanbeyli@gmail.com

Çox geniş yayılmış klişelərdən biri budur ki, guya “ölənin arxasınca pis danışmazlar”.

Təsəvvür edin, bir insan həyatı boyu ictimai yalanlar danışır. Yaşadığı ölkənin, mənsub olduğu xalqın bu günü və gələcəyi ilə bağlı taleyüklü məsələlərdə susur və bunun qarşılığında maddi imtiyazlar əldə edir, özünə, övladlarına karyera qurur. Bircə yol haqsızlığa səsini çıxarmır, boş verin səsini çıxarmağı, hətta zülmə qahmar çıxır. Şərin tərəfini tutur. Ki, əvəzində mənsəb əldə etsin, şəxsi problemlərini, məət qayğılarını çözsün, bütün qapılar layiq oldu-olmadı üzünə taybatay açılsın. Yaltaqlığı həyat tərzinə çevirir. Seçimini haqlıdan yox, güclüdən yana edir. Heç bir ictimai, siyasi, sosial ədalətsizlik onun tükünü tərpətmir, öz merkantil maraqları millətin, məmlkətin mənfəətlərindən daim ucada dayanır.

Seçimləri daim köhnəlikdən, durğunluqdan yanadır. Bütün varlığı ilə dəyişimə qarşıdır. Yeniliyə nifrət pisləyir. Azadlığa kin qusur. Itaətkardır. Və yalnız özü kimi itaətkarları, mənəvi kölələri sevir. Bayağıdır. Daim arxaik düşüncələrdən, aqrar təfəkkürdən çıxış edir. Ona görə padşah allahın yerdəki kölgəsidir, ağa deyirsə “sür dərəyə”, sür dərəyə. Onun üçün hökmdarın iradəsinə qarşı çıxmaq yolverilməz, qəbuledilməzdir, “vətən xainliyinə”, “xalq düşməni” olmağa bərabərdir.

Bütün həyatı bax bu cür keçənlər günün birində dünyasını dəyişir və kimlərsə istəyirlər ki, onun arxasınca ya ancaq yaxşı danışılsın, ya da ümumiyyətlə, danışılmasın! Niyə, xeyir ola?! Belə çıxır ki, hər kəs həyatı boyu ictimai zərərli işlərlə məşğul ola bilər, onsuz da öləndən sonra haqqında ancaq yaxşı danışacaqlar! Eyni məntiqlə ya tarix elmini yerli-dibli ləğv etmək lazımdır, ümumiyyətlə, keçmiş barədə susmaq, onu bəşərin hafizəsindən tamamilə silmək, ya da tarixlə ancaq tamadalar məşğul olmalıdır.

Hələ məlum klişeni “əsaslandırmaq” üçün gətirilən arqumentə baxın: ölülərin cavab vermək imkanı yox imiş! Halbuki hər bir ölü özü haqqında fikirlərə diriykən tutduğu işlərlə, əməllərlə onsuz da cavab verib.

Məncə, “ölülər haqqında ancaq yaxşı danışılmalı, ya da heç danışılmamalı” olduğuna inananlar böyük ölçüdə özləri – öz əməlləri, tərcümeyi-halları, davranışları, həyatdakı mövqeyi barədə bədgüman olanlardır. Onlar bununla özlərini nə vaxtsa öldükdən sonra haqlarında danışılacaq neqativ fikirlərdən, mənfi rəylərdən sığortalamaq istəyirlər.

Həyatda ideal insan varmı? Çətin ki olsun! Həyatda səhvlərsiz, yanlışlarsız, qüsurlarsız insan varmı? Mümkün deyil. Odur ki, şübhəsiz, hər insan barədə onun sağlığında da, ölümündən sonra da fərqli danışılması təbiidir. Müşahidələr göstərir ki, onsuz da cəmiyyət üçün əsasən faydalı olan adamlara heç bir ictimai əhəmiyyəti olmayan, məət çaplı səhvləri asanlıqla bağışlayırlar, belələri haqqında əksərən xoş sözlər danışırlar, onları ehtiramla xatırlayırlar. Yəni cəmiyyət üçün xeyirli, həqiqətpərəst adamlara görə narahat olmağa dəyməz – toplum belələrinin qiymətini verməyi bacarır. Amma bütün həyatını bilərəkdən ictimai yalanlar, yanlışlar üzərində qurmaq, çox asanlıqla ictimai yüklü yalanlar danışmaq, zülmə züy tutmaq, Şər qüvvənin yanında olmaq, – nə var, nə var, bu maddi divident, vəzifə, karyera, prezident təqaüdü, fəxri ad vəd edir! – və ölümündən sonra bunların unudulacağını ummaq, bu əlbəttə, gülüncdür.

Belələri barədə hətta öldükdən sonra da doğruları birbaşa, çılpaq şəkildə söyləmək ona görə vacibdir ki, başqalarına da görk olsun. Başqaları da baxıb ibrət alsınlar ki, hətta ölüm belə, onları ictimai qınaqdan, tənbehdən azad və xilas etmir.

Və ən əsası: ölən ölür, amma qalan sağlar görməlidirlər ki, artıq bu ölkədə yaltaqlanmağa, yalan danışmağa, hakim gücü arxasına alıb zorbalıq eləməyə, məzlumun ahını almağa, qul haqqı yeməyə qarşı “dözüm limiti” əvvəlki qədər deyil. Görməlidirlər ki, artıq toplum belə davranışlara və onun sahiblərinə əvvəlki qədər tolerant, vurdumduymaz yanaşmır.

Unutmayın, bir ölkənin mənəvi yüksəlişə, sözün gerçək mənasında azad və ləyaqətli gələcəyə gedən yolu da məhz bundan – yaltaqlıq, tayfaçılıq, yerliçilik, korrupsiya, nadanlıq, şahsevənlik kimi zərərli və zəhərli vərdişlərə qarşı amansız, güzəştsiz olmaqdan keçir.