Sürücülərin diqqətinə; qaydalar dəyişdi

yolpolisiMartın 1-dən yeni İnzibati Xətalar Məcəlləsi qüvvəyə minir. Yeni Məcəllədəki başlıca maraqlı məqamları son iki ayda ardıcıl izah etməyə çalışdıq. Həmin yeniliklər sabahdan təcrübədə tətbiq olunacaq. Avtosfer.az bildirir ki, sürücülərin nəzərə almalı olduğu əsas yeniliklər bunlardır.

1. Təhlükəsizlik kəmərini bağlamadan avtomobili idarə etməyə görə elektron protokollar tərtib olunacaq.

2. Motosiklet sürücüləri isə həm dəbilqəsiz motosiklet sürməyə görə, həm də dəbilqəsiz sərnişin daşımaya görə elektron protokollar alacaqlar.

3. Yeni Məcəllədə inzibati məsuliyyətə cəlbetmə müddəti birmənalı olaraq bir ildir. Daha iki ay söhbəti olmayacaq.

4. Yol-nəqliyyat hadisəsi yerindən yayınmaya görə yalnız hadisədə təqsirli sürücü (sürücülər), özü də əvvəlki lşğş 80 manat yox, 100 manat cərimə olunacaq.

5. Sürücünün avtomobilin idarə edilməsindən kənarlaşdırılması və daha sonra avtomobilin cərimə meydançasına aparılması üçün nəzərdə tutulan hallar olduqda DYP əməkdaşının daha yerində üç saat gözləməsi söhbəti olmayacaq. Müvafiq əsas varsa, avtomobil sənədləşmədən sonra dərhal duracağa aparılacaq.

5. Avtomatik rejimdə tərtib olunan elektron protokol qayda pozuntusundan sonrakı bir ay ərzində “ASAN ödəniş” sisteminə və orada sürücünün özü üçün yaratdığı elektron kabinetə yerləşdirilməzsə, sürücü buna görə məsuliyyətdən azad olunacaq. Bu hüquqdan istifadə etmək üçün hər bir sürücü asanpay.az saytında özü üçün elektron kabinet yaratmalıdır.

6. Nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməyə görə ilk dəfə 300 manat yox, 400 manat cərimə tətbiq olunacaq.

7. İcbari sığortası olmayan nəqliyyat vasitələrinə də elektron protokol – MMX tərtib olunacaq.

Məcəllədə başqa yeniliklər də var. Görək necə tətbiq olunacaq…

Martın 1-də qüvvəyə minəcək yeni İnzibati Xətalar Məcəlləsində sürücülər üçün maraqlı ola bilən daha bir yenilik var. Yeni Məcəllə sürücülərin məsuliyyətə cəlb edildiyi xətalar sırasından “qəza şəraitinin yaradılması”nı çıxarıb. Belə ki, hazırda qüvvədə olan və sabah qüvvədən düşəcək Məcələnin 151.3-cü maddəsində “qəza şəraitinin yaradılması” adlanan inzibati xəta var. Onun hüquqi anlayışı belədir: qəza şəraitinin yaradılması, yəni hərəkətin başqa iştirakçılarının sürəti və hərəkətin istiqamətini məcburi dəyişməsinə səbəb olan pozuntular törədilməsi. Bu xətaya görə 80 manat cərimə və 4 cərimə balı nəzərdə tutulur. Yeni Məcəllənin 327.3-cü maddəsində və digər normalarında “qəza şəraitinin yaradılması” adlı xəta təsbit edilməyib. Bu, o deməkdir ki, həmin xəta ləğv edilib.

“Qəza şəraitinin yaradılması” xətasının ləğvi tamamilə məntiqli olmaqla, gözlənilən idi. Sürücülərin yolayrıclarında və ya digər yol səhələrində başqa nəqliyyat vasitələrinə yol vermədiyi halda daha tez-tez tətbiq olunan “qəza şəraitinin yaradılması”nın əlamətləri yol verməmənin əlamətlərindən heç nə ilə fərqlənmirdi. Əksinə, “Yol hərəkəti haqqında” Qanunun 1-ci maddəsində “yol vermə”yə verilən anlayışı “qəza şəraitinin yaradılması”nın anlayışı ilə müqayisə etdikdə belə çıxırdı ki, hətta yol verməmə zamanı  üstünlüyü olan nəqliyyat vasitəsinə daha ciddi mane yaradılır, nəinki qəza şəraiti yaradıldıqda. Bu isə aşkar məntiqsizlik idi, çünki qəza şəraitinin yaradılmasının sanksiyası daha sərt idi. Bu xətanın anlaşında və təcrübi tətbiqində başqa problemlər də var idi. Elə bu səbəbdən hələ 2008-ci ildə işıq üzü görmüş kitabımda bu xətanın Məcəllədən çıxarılmalı olduğunu əsaslandırmışdım.

Yeni Məcəllənin layihəsinin müəllifləri də həmin xətanın ləğvi zərurətini müəyyən edərək onu Məcəllədən çıxarıblar. Yeni Məcəllə qüvvəyə mindikdən sonra yolda hərəkət vaxtı konkret hərəkət iştirakçısına mane olan sürücünün törətdiyi qayda pozuntusu etdiyi manevrə uyğun hüquqi qiymət alacaq. Məsələn, yolayrıcını keçərkən üstünlüyə malik nəqliyyat vasitəsinə yol verilmədikdə yolayrıcını keçmə qaydalarını pozma (60 manat cərimə və 3 cərimə balı), eyni istiqamətli zolaqlarda yerdəyişmə zamanı üstünlüyə malik nəqliyyat vasitəsinə mane olma isə əks istiqamətli hərəkət zolaqlarına çıxmadan manevr etmə qaydalarını pozma (40 manat cərimə) kimi qiymətləndiriləcək. Hər bir halda “qəza şəraitinin yaradılması” xətasının ləğvi sürücülərin məsuliyyəti məsələsində hüquqi müəyyənliyi artırmış olur.