Türkiyə Suriyada silahların susacağına inanmır

turkiyeAnkaranın sazişin icrası ilə bağlı şübhələri var

Türkiyə Suriyaya dair atəşkəs sazişinə əməl olunacağından əmin deyil. Bunu Türkiyə prezidentinin mətbuat katibi  Ibrahim Kalın bəyan edib. O həmçinin qeyd edib ki, Ankara ölkənin milli təhlükəsizliyinə olan istənilən təhdidə cavab verməyə hazırdır.

Suriyanın Rusiyadakı səfiri Riad Həddad TASS agentliyinə açıqlama verib ki, Suriya ordusu atəşkəsə tam hazırdır və öz hərəkətlərini Rusiya nümayəndələri ilə uzlaşdırır.

ABŞ və Rusiya fevralın 22-də Suriyada hərbi əməliyyatların dayandırılması şərtləri və müddəti haqqında planın razılaşdırıldığını elan ediblər.

Razılaşmaya əsasən, döyüş əməliyyatları fevralın 27-də Dəməşq vaxtı ilə saat 00:00-da dayandırılmalıdır.

Bundan sonra Suriya müxalifət koalisiyasının nümayəndələri bəyan ediblər ki, iki həftəlik atəşkəsi dəstəkləyirlər.

Eyni zamanda Obama qeyd edib ki, barışıq hərbi əməliyyatların tam dayandırılması demək deyil. Çünki bu hal özünü Islam Dövləti (IŞID) adlandıran qruplaşmaya, “Əl-Nüsra Cəbhəsi”nə və digər ekstremist qruplara şamil edilmir.

Rusiya BMT Təhlükəsizlik Şurasına Suriyada atəşkəs rejimini dəstəkləyən qətnamə layihəsini təqdim edib.

Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Suriyada atəşkəs təşəbbüsünü Rusiyadan başqa Ərəb Ölkələri Liqası və Birləşmiş Ərəb Əmirlikləri də bəyənir. Lavrov   qətnamənin Təhlükəsizlik Şurası tərəfindən dəstəklənəcəyinə əmin olduğunu vurğulayıb.

Bu arada, Səudiyyə Ərəbistanının Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri Türkiyənin “Incirlik” aviabazasına gəlib.

Türkiyə prezidentinin mətbuat katibi Ibrahim Kalın xəbəri təsdiqləyib: “IŞID-ə qarşı mübarizə tədbirləri çərçivəsində ilk səudiyyə təyyarələri artıq gəlməyə başlayıb”.

“CNN-Türk”ün məlumatına görə, Səudiyyə Ərəbistanı “Incirlik” bazasına 4 qırıcı – bombardamançı F-15 Strike Eagle təyyarəsi də göndərəcək.