Qurban Məmmədov: «Vergi orqanlarının, bankların girovda olan əmlakları satışa çıxarması vətəndaşlarla qarşıdurma yarada bilər»
Vergilər Nazirliyinin vergiödəyicilərinin hərraca çıxarılacaq əmlakları barədə siyahı açıqladığı barədə məlumat vermişdik. Hərraca çıxarılan mallar içərisində stul, televizor, soyuducu, şifoner, transformator kişi və hətta qadın paltarları var. Həmçinin mallar içərisində 30 kisə gips, 32 kisə “Ağdağ” astarı, dəmir qapı, avtoyuma aparatı və Qəbələ rayonu, Böyük Pirəli kəndində mağaza binasının olduğu da göstərilir.
Eyni zamanda ilkin hərracda satılmayan və qiyməti 40 faiz aşağı salınan əmlakların da siyahısı verilib. Bunların içərisində qaymaq aparatı, kəsim aparatı, “Mercedes 220″ markalı avtomobil, 40-tonluq dəmir çən, uşaq, böyük paltarları və un var.
Eyni zamanda onu da qeyd edək ki, kredit borcunu ödəmədiyinə görə bəzi vətəndaşların əmlakları müsadirə olunub. Vaxtaşırı mətbuatda borclu olan şəxslərə məxsus avtomobillərin satışa çıxarıldığının şahidi oluruq.
Bəs bu cür tendensiyanın davam etməsi gələcək üçün nə vəd edir? Borcluların əmlakının satışa çıxarılmasının artması hansı mənzərə yarada bilər?
Hüquq müdafiəçisi Qurban Məmmədov bildirdi ki, öncə onu vurğulamaq lazımdır ki, məhkəmə qərarı olmadan kiminsə əmlakının satışa çıxarılması yol verilməzdir. Azərbaycanın hüquq müstəvisindən çıxmasının getdikcə dərinləşdiyini deyən Q.Məmmədov vurğuladı ki, Azərbaycan dövləti yazılı qanunlarla idarə olunmur: “Istər vergi orqanlarının, istərsə də bankların girovda olan və borcu ödənilməyən əmlakların satışa çıxarılması davam edəcəksə, xalqla bu strukturlar arasında qarşıdurma qaçılmazdır. Çünki insanlar balasının son tikəsini çıxarıb banklara yedirtməli deyil. Mülki Məcəllənin 295-ci maddəsində açıq şəkildə deyilir ki, borc o zaman girova yönəldilə bilər ki, borclunun ondan asılı olan səbəblərdən dolayı öz borcunu ödəmədiyi sübuta yetirilsin. Amma əgər əksinə borclu özündən asılı olmayan səbəblərdən öhdəliyini yerinə yetirə bilmirsə, tutma borclunun əmlakına yönəldilə bilməz”.
Q.Məmmədov onu da vurğuladı ki, vergi öhdəliyini icra etməmək üstündə adamlar həbs oluna bilməzlər. Eyni zamanda əgər vergi boru olan şəxsin əmlakı siyahıya alınıbsa belə insanları yaşaması üçün zəruri olan əmlaka əl vurmaq olmaz. “Istehsal avadanlıqlarına əl vurmaq olmaz. Çünki onlar insanların yaşaması üçün vacibdir. Nə qədər gec deyil dayanmalıdırlar”, deyə Q.Məmmədov vurğuladı.
Xəyal