xamneyi

İranda mühafizəkarlarla islahatçıların davası qızışır

xamneyi“The Guardian” qəzeti yazır ki, İranda islahatpərəst namizədlərin böyük əksəriyyətinin seçkilərə buraxılmamasına baxmayaraq, mühafizəkarlar bəzi mümkün nəticələrdən narahatlıq keçirirlər.

Onlar narahatdırlar ki, islahatpərəstlər İranın nüvə sazişi uğurundan faydalanaraq məclisə yol tapa bilərlər. Nəzarət Şurası Ekspertlər Şurasına seçki üçün yalnız 160 nəfərin namizədliyi təsdiq edilib. Onların arasında islahatpərəstlərin sayı 5-10 nəfərdir. Halbuki bu şurada mandat almağa 800 islahatpərəst ümidli idi.

Ekspertlər Şurasına gəlincə, burada mühafizəkarlar islahatpərəstlərə və ya mötədillərə bir qarış da olsa, güzəşt etməyə hazır deyillər. Bəzi ostanlarda rəqabət, ümumiyyətlə olmayacaq. Ekspertlər Şurasının 88 üzvündən 9-u artıq seçilmiş sayılır, beləki Qərbi Azərbaycan, Ərdəbil, Buşəhr, şimali Xorasan, Simnan və Hormozqan ostanlarında indi namizədlərin sayı onlar üçün ayrılmış mandatların sayına bərabərdir.

Başqa ostanlarda da mötədillərin elə bir ciddi şansları yoxdur. Şərqi Azərbaycan və Xuzistan ostanlarında 13 namizəd 11 yer uğrunda mübarizə aparacaq. Daha 7 ostanda – Gilan, Xorasane-Razavi, Kirman, Fars, Sistan-Bəlucistan, Qəzvin və Luristanda 24 mandat uğrunda 39 namizəd yarışacaq.

Qum seminariyasından məzun olmuş, hazırda isə Şimali Carolinadakı Duke Universitetində İslam araşdırmaları professoru olan Möhsen Kadivarin fikrincə, iranlıların əksəriyyəti, adətən, öz namizədlərini tapa bilmədiyi üçün, səsverməyə buraxılmış namizədlərin əleyhinə səs verir.

O indiki vəziyyəti 1975-ci illə müqayisə edir. O vaxt şah Məhəmməd Rza Pəhləvi çoxpartiyalı sistemi birpartiyalı sistemlə əvəz etmişdi, lakin o, 1979-cu ildə, Rəstəxiz partiyasını yaratdıqdan bir neçə il sonra devrilmişdi.

Tehranda islahatpərəstlər və prezident Ruhaninin tərəfdarları onun və ondan əvvəlki mötədil prezident Xatəminin fotoları olan siyahını yayırlar. Bu siyahıda onların Ekspertlər Şurasında görmək istədikləri 16 namizədin adı var.

“The Guardian” yazır ki, Məşhəddə mömin seçicilər hətta ayətullahların arasında da nisbətən mötədillərinə, məsələn Mahmud Haşemiyə və Məhəmməd Hadi Əbdexodaiyə səs verməyə meylli görünürlər.

Adlarının çəkilməsini istəməyən bəziləri qəzetin müxbirinə bildiriblər ki, hakimiyyət islahatpərəstlərin nüfuzlu postları ələ keçirəcəyindən narahatdır. Bu mənada əsas xəbərdarlığı fevralın 18-də ali rəhbər ayətullah Əli Xameneyi səsləndirib. O seçiciləri “düşmənin” bu seçkilərə təsirinin qarşısını almağa çağırıb. Mühafizəkarlar deyirlər kİ, Qərb İran seçicilərini təsirləndirməyə, öz adamlarını Milli Məclisə və Şuraya yerləşdirməyə çalışır.

İslam Respublikası “qatar kimidir”

“Onlar indi o qədər narahatdırlar ki, hətta Haşemi Rəfsəncanidən və Ruhanidən də qorxurlar. İslam Respublikası qatar kimidir. Hər stansiyada onlar kimi isə düşürdürlər. Əvvəllər islahatpərəstlərdən izal olurdular, indi isə onları Haşemi Rəfsəncani və mötədillər narahat edir” – deyir Kadivar. “The Guardian” yazır ki, indi daha çox diqqət Ekspertlər Şurasına seçkiyə yönəldib, çünki bu qurum növbəti səkkiz ildə, hazırda 74 yaşı olan ali rəhbərə əvəz axtarmalı ola bilər.

Kadivar vurğulayır ki, ali rəhbər adi adam ola bilməz. O mütləq yüksək qurumun içindən çıxmalıdır.

Kadivar inanır ki, gələcək ali rəhbərin müəyyən edilməsində əsas rolu İnqilab Keşikçiləri və bəlkə də Xameneinin özü, bir növ vəsiyyəti ilə oynayacaq. Lakin İranın özündə bir çox təhlilçilər bu yanaşma ilə razılaşmırlar. Onlar deyirlər ki, İnqilab Keşikçiləri Ekspertlər Şurası üzərində heç bir nüfuza malik deyil.

Onlar misal kimi Rəfsəncaninin bu seçkidə iştirakını göstərirlər və deyirlər ki, İnqliab Keşikçiləri bu məsələdə söz sahibi olsaydı, Rəfsəncaninin namizədliyinə yol verilməzdi.

Səhmləri olan “praqmatik ayətullah”

“The Guardian” yazır ki, dini hakimiyyət elitası gələcək ali rəhbərin imam Xomeyniyə oxşamasını istəyir. Xomeyni həm böyük ayətullah, həm də mistik ruhani idi.

Bəziləri inanırdılar ki, bu mənada ən yaxşı şansa 67 yaşlı Şahrudi yaxşı namizəddir, lakin o ötən il Ekspertlər Şurasının sədrliyinə namizdəliyini vermədi.

Adının çəkilməsini istəməyən ruhani rəsmi deyir ki, Şahrudi bu vəzifə üçün həddən ziyadə iraqlıdır. Ərəbcə danışanda fars, farsca danışanda ərəb ləhçəsi hiss olunur.

Həmin üləmanın fikrincə, Xomeyniyə az-çox oxşayan, 82 yaşı olmasına baxmayaraq ayətullah Abdulla Cavadi-Amolidir. O həm ruhanidir, həm ədliyyədən başı çıxır, hələ üstəlik də praqmatikdir. Əksər şirkətlərdə səhmləri var. Yəni tamamilə İnqilab Keşikçilərini qane edəcək birisidir. (BBC azeri)