Büdcəyə 2 milyard əlavə olunması böyük özəlləşdirmə prosesini gündəmə gətirib
Hələ qəzetimizin ötən saylarında məlumat vermişdik ki, dövlət büdcəsinə 2 milyard əlavə olunması hakimiyyət daxilində ziddiyyətlərə səbəb olub. Həmin məlumatda deyilirdi ki, büdcəyə əlavə olunacaqsa, o zaman büdcənin doldurulması üçün əsas güc Vergilər Nazirliyi, Dövlət Gömürk Komitəsi və Dövlət Sosial Müdafiə Fondunun üzərinə düşəcək.
Lakin nəzərə alsaq ki, böhran səbəbindən Azərbaycanda idxal-ixrac əməliyyatları 48 faiz aşağı düşüb. Həmçinin ölkədə iri ticarət obyektləri, xidmət sahələri, iri bankların filialları ard-arda bağlanır. Bu halda adıçəkilən qurumların 2016-ci il üçün proqnozları yerinə yetirəcəyi inandırıcı görünmür. Zidiyyətlər də məhz bu səbəbdən baş qaldırıb. Yəni, istər bu məsələdə əsas gücün onların üzərinə düşəcəyinin fərqində olan məmurlar Samir Şərifovun fikirlərilə razı deyil. Çünki bu proses onların “vurulması” ilə nəticələnə bilər.
Bundan az sonra gömrük komitəsinin sədri Aydın Əliyev bəzi gömrük rüsumlarının artırılması təklifilə çıxış etdi.
Ardınca vergilər naziri Fazil Məmmədov ötən il yığılan 6 milyard manat vergi pulunun təxminən 1 milyard manata qədərilə bağlı məhkəmə iddialarının olduğunu diqqətə çatdırmaqla, hələ 2015-ci ildə öhdəliyin yerinə yetirilməsinin xeyli çətin olduğuna işarə vurdu.
“Azadlıq”a daxil olan məlumata görə, Milli Məclis büdcə layihəsini qəbul etsə də, hakimiyyət daxilində bu məsələ ətrafında ziddiyyətlər davam edir. Bildirilir ki, bunun əleyhinə çıxan tərəf ölkədə geniş miqyaslı özəlləşdirmənin həyata keçirilməsini təklif edir. Təsadüfi deyil ki, Milli Məclisdə büdcə müzakirələri zamanı bir sıra deputatlar da bu təklifi irəli sürdülər. Həmçinin mediada bu barədə materiallar dərc olunur. Bu da məlumatın əsaslı olduğunu göstərir. Xəbərdə həmçinin bildirilir ki, həmin qrup özəlləşdirmə nəticəsində büdcəyə xeyli vəsaitin cəlb olunacağı, bununla da üzərlərinə qoyulan böyük yükdən xilas olacaqlarını düşünürlər. Lakin bu təklifin qəbul olunub-olunmayacağı sual altındadır.