Əliyevin Əsədə münasibəti qətiləşdi

hikmet-hacizade-yeniHikmət Hacızadə: «Ilham Əliyev verdiyi bəyanatla bir daha sübut etdi ki, Suriya məsələsində Iran-Rusiya strateji planını dəstəkləyir»

Dövlət başçısı Ilham Əliyevin Irana rəsmi səfəri bir sıra maraqlı bəyanatların verilməsi ilə yadda qaldı. Ilham Əliyev səfər zamanı Iranın dövlət rəsmiləri və prezident Həsən Ruhani ilə görüşüb. Iran prezidenti Həsən Ruhani Suriya məsələsini xüsusi müzakirə etdiklərini bildirib və bu mövzuda Ilham Əliyevlə fikirlərinin üst-üstə düşdüyünü bəyan edib.

Maraqlıdır ki, Suriya məsələsi ilə bağlı Azərbaycan hakimiyyəti indiyə qədər müxtəlif mövqelər sərgiləyib. Hətta E.Məmmədyarov Azərbaycanın ərəb koalisiyasına qoşula biləcəyini də dilə gətirmişdi.

Xatırladaq ki, Ilham Əliyev dəfələrlə Suriya məsələsində Türkiyənin yanında olduğlarını bəyan edib.

Daha bir maraqlı bəyanat isə I.Əliyevlə ölkənin ali lideri Ayətullah Seyid Əli Xamneyi ilə görüş zamanı səslənib. I.Əliyev vurğulayıb ki, Azərbaycanla Iranın ortaq düşmənləri var. Bu bəyanatın hansı anlama gəldiyi maraq doğurur. Ortaq düşmən dedikdə dövlət başçısı hansı dövləti və ya qüvvəni nəzərdə tutub. Eyni zamanda Suriya məsələsi ilə bağlı sərgilənən mövqe son mövqe nəyin görsənişidir?

Politoloq Hikmət Hacızadə hesab edir ki, I.Əliyev Iranda verdiyi bəyanatla bir daha sübut etdi ki, rəsmi Bakı Suriya məsələsində Iran-Rusiya strateji planına dəstək verir: “Azərbaycan xarici siyasət oxunu məhz Rusiya və Iranla birləşdirib. Amma qəribədir ki, Ilham Əliyev Qərbə səfər edərkən, xüsusilə ABŞ rəsmiləri ilə görüşəndə Suriya məsələsində Qərbə aktiv dəstək verdiyini bildirir”.

Iranla Azərbaycanın ortaq düşmənin olduğuna dair verilən bəyanata gəlincə, H.Hacızadə bildirdi ki, bu ortaq düşmən ya ABŞ, ya da IŞID ola bilər. “Bu bəyanata aydınlığı dövlət başçısı gətirməlidir. Bəlkə də ortaq düşmən deyiləndə demokratik dəyərlər nəzərdə tutulur. Azərbaycan rejimi Suriya rejimi ilə bir çox məsələlərdə oxşardır. Ona görə Iranın müttəfiq kimi seçilməsi təsadüfi deyil”, deyə H.Hacızadə vurğuladı.

Xəyal