mikayil-cabbarov

Mikayıl Cabbarov özü instituta testlə girməyib?

mikayil-cabbarovYaxud, hökumət özü 23 ildir «test»dən kəsilir

Təhsil naziri Mikayıl Cabbarovun test sisteminin çatışmazlıqları barədə söylədiyi fikirlər geniş müzakirəyə səbəb oldu və cəmiyyətin aqressiyası ilə qarşılandı. “Hazırkı imtahanın forması əmək bazarında tələb olunan müasir, uğurlu məzunun əldə olunması üçün bir sıra kompetensiyaları ölçmür və yaxud ölçmək qabiliyyətinə malik deyil” – deyə Mikayıl Cabbarov bildirib. Təhsil naziri onu da vurğulayıb ki, testin daha bir çatışmazlığı məzunun gələcəyinin, taleyinin 3 saatlıq imtahanda həll olunmasıdır.

Təbii ki, biz də bu məsələyə öz münasibətimizi bildirdik və göstərdik ki, təhsilin bərbad vəziyyətə düşməsinin səbəbi  korrupsiya, yartımaz siyasət, təhsilə biganəlikdir.

Amma məsələ bunula da bitmir. Bu gün hökumət komandasında təmsil olunan xeyli şəxslər var ki, test üsuluyla Universitetə qəbul olublar. Bu gün Milli Məclisdə deputatlar var ki, ikinci təhsil alıb və Universitetə test üsuluyla qəbul olub. Məsələn, parlamentin vitse-spikeri Bahar Muradova Azərbaycan Universitetinin hüquq fakültəsini 2000-ci ildə bitirib.

O ki, qaldı Mikayıl Cabbarova, hörmətli nazirimiz də Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsinə 1992-ci ildə test üsulu ilə qəbul olub. Bəli, bu adam Təhsil naziridir və test üsuluyla Universitetə qəbul olub. Indi nazir demək istəyir ki, özü və digər vəzifəlilər  standartlara uyğun deyil, uğursuz kadrdılar?

Yoxsa, test üsulunun çatışmazlığı hökumət komandasında təmsil olunanlara şamil edilmir?

Cənab nazir, 3 saatlıq imtahanla məzun nəyə qadir olduğunu göstərə bilər və göstərir. Faciə budur ki, bir komanda 23 il hökumətdə olsun və bütün “test”lərdən kəsilsin. Inanın ki, 3 saatlıq imtahandan sonra yüksək nəticə göstərmiş məzun yaxşı kadr ola bilər. Amma təcrübə göstərir ki, 23 il hakimiyyətdən sallaşıb, heç nə öyrənməmək də mümkündür.

Yəni, Azərbaycan təhsilini 3 saatlıq test imtahanı deyil, 23 ildir “test”dən keçməyən hökumət məhv edib.

Bir sözlə, testin hesabına auditoriya görənlər testi bəyənmir. Qınından çıxıb qınını bəyənməmək buna deyirlər. Birdə ki, bu hökumət bütün müsbət nümunləri məhv etməyə, gözdən salmağa pərgardır.

İlham