Vicdan məhbusunun barəsindəki hökm Avropa Məhkəməsində araşdırılacaq
Fevralın 24-də Ali Məhkəmədə Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri, tanınmış insan haqları vəkili Intiqam Əliyevin kassasiya şikayətinə baxılıb. Bu iş əvvəlcə Gülzar Rzayevanın sədrlik etdiyi, Imran Hacıqayıbov və Fərhad Kərimovdan ibarət hakimlər kollegiyasının icraatında idi. Kassasiya şikayəti üzrə ilk məhkəmə iclası da bu tərkibdə keçirilmişdi. Məhkəmə iclasında məlum olub ki, tərkibdə dəyişiklik var – Fərhad Kərimovu Əhməd Əhmədov əvəzləyib.
Kassasiya şikayətinə Intiqam Əliyevin iştirakı olmadan baxılıb. Ötən iclasda vəkil Cavad Cavadov bildirmişdi ki, Intiqam Əliyev həm səhhətindəki problemlər, həm də məhkəmənin işə ədalətli və obyektiv baxacağına inamı olmadığına görə prosesdə iştirak etmək istəmir.
İclasda hakim Gülzar Rzayeva məhkəmənin tərkibində dəyişiklik olduğunu əsas gətirərək, vəkil Cavad Cavadovun yenidən kassasiya şikayətinin dəlliləri barədə məlumat verməsini istəyib. Cavad Cavadov da öz növbəsində, Intiqam Əliyevin işi üzrə istər Bakı Ağır Cinayətlər Məhkəməsində, istərsə də Bakı Apellyasiya Məhkəməsindəki proseslər zamanı Avropa Konvensiyasının ədalətli mühakimə hüququna təminat verən 6-cı maddəsinin tələblərinin pozulduğunu vurğulayıb. Vəkil çıxışının əvvəlində bugünlərdə Intiqam Əliyevin nüfuzlu mükafata layiq görüldüyünü də məhkəmənin diqqətinə çatdırıb: “Ötən məhkəmə iclasından sonra Intiqam Əliyev Avropa Vəkillər Assosiasiyasının mötəbər mükafatına layiq görüldü. Bu, Intiqam Əliyev həbsdə olduğu müddətdə ona təqdim olunan dördüncü mükafatdır. Bir Nobel Mükafatı qalıb, yəqin onu da verərlər.
Intiqam Əliyevə münasibətdə Avropa Konvensiyasının 6-cı maddəsinin tələbləri açıq-aşkar pozulub. Təqdim etdiyimiz sübutlara əhəmiyyət verilməyib. Qrant müqavilələrinin qeydiyyatdan keçdiyini təsdiqləyən sübutumuz qəbul olunmayıb, məhkəmə xətşünaslıq ekspertizası keçirilməsinə dair vəsatətimiz təmin edilməyib. Intiqam Əliyevin ofisindən sənədlər topa şəklində, qeydiyyatı aparılmadan götürülüb və geri qaytarılmayıb. Buna görə də müdafiəni səmərəli şəkildə qurmaq mümkün olmayıb. Avropa Konvensiyasının 6-cı maddəsinin prinsipləri pozulub. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv olunmalı, bəraətverici əsaslarla cinayət təqibinə xitam verilməlidir”.
Prokuror kassasiya şikayətinin dəlillərilə razılaşmadığını bildirib. O, Bakı Apellyasiya Məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını istəyib.
Ali Məhkəmənin qərarı da prokurorun mövqeyinə uyğun olub – kassasiya şikayəti təmin edilməyib, Bakı Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılıb.
Vəkil Cavad Cavadov bildirib ki, Ali Məhkəmənin qərarını alandan sonra Avropa Məhkəməsinə müraciət olunacaq. Vəkilin sözlərinə görə, hazırda Avropa Məhkəməsinin icraatında Intiqam Əliyevin azadlıq hüququnun pozulması və saxlanma şəraitilə bağlı daha iki şikayəti var. Həmin şikayətlər üzrə kommunikasiya mərhələsi yekunlaşıb və yaxın vaxtlarda qərar verilməsi gözlənilir.
Xatırladaq ki, Intiqam Əliyev 2014-cü il avqustun 8-də həbs olunub. Hüqüq müdafiəçisi vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz sahibkarlıq və mənimsəmə ittihamı ilə 7 il 6 ay azadlıqdan məhrum edilib.
Intiqam Əliyev ittihamları rədd edir və insan haqlarının müdafiəsi sahəsində gördüyü işlərə, xüsusən, vətəndaşların şikayətlərinin Avropa Məhkəməsinə hazırlanıb göndərilməsilə bağlı fəaliyyətinə görə siyasi sifarişlə həbs olunduğunu bildirir. “Amnesty International” beynəlxalq hüquq-müdafiə təşkilatı da Intiqam Əliyevi “vicdan məhbusu” elan edib.
Aytən