Vergilər Nazirliyi xarici kapitallı 3 şirkətin Azərbaycan bazarını tərk etdiyini açıqlayıb. Bunlardan biri Türk-Küveyt birgə müəssisəsi “Turkapital Holding”in Azərbaycandakı nümayəndəliyidir. Kreditorlar iki ay ərzində şirkətin Bakı şəhəri, Nizami küçəsi, 90A, “Landmark” biznes mərkəzi, Baker & McKenzie – CIS şirkətini ofisi ünvanına müraciət edə bilərlər. Xatırladaq ki, bu holdinq Türkiyə, Qazaxıstan, Azərbaycan və digər İslam ölkələrində investisiya fəaliyyəti ilə məşğul olur.
Azərbaycan bazarını tərk edən 2-ci şirkət isə Sinqapurun “Petro Singapore Trading PTE Ltd” şirkətidir. O, Azərbaycanda filialının ləğv olunduğunu elan edib. Kreditorlar iki ay ərzində Bakı şəhəri, Nəsimi rayonu, Abbasqulu Bakıxanov küçəsi, 6 ünvanına tələblərini təqdim edə bilərlər. Bu şirkət neft, qaz və neft-kimya sənayesi məhsullarının ticarəti ilə məşğul olur.
Və nəhayət, Belçikanın yeyinti məhsulları şirkəti “Puratos” da Azərbaycandakı filialını bağlayıb. Kreditorlar iki ay ərzində Bakı şəhəri, Koroğlu Rəhimov küçəsi, 13 A. ünvanına tələblərini təqdim edə bilərlər. (Trend)