Zülmün gözəl libası – multikulturalizm

sahveled_cobanogluŞahvələd Çobanoğlu

Multikulturalizm nədir? Öncədən deyim ki, hakimiyyətin əsas təbliğatçısı olan, hər zibili xalqa noğul kimi sırımaqda böyük ustalığı ilə tarixə düşən AzTV də bunu tamaşaçıya təqdim etməyə zorlanır. YAP-çılar və onların züytutanları, titullu elm adamları bu mövzudan danışanda gərginləşir, alınlarında tər işıltısı görünür.

Amma bütün hallarda biz bilməliyik multikulturalizim nədir. Hətta onun saçlı-saqqallı təbliğatçıları bilməsə belə, biz bunu anlamalıyıq. Bunun izahını bizə deyəcək adamı isə tanıyırdım…

Həmin adam bu günlərdə vəfat etdi – Umberto Eko. Zəmanəmizin böyük intellektualı və  dünyaca şöhrətli italyan yazıçısı. Ekonun vəfatını eşidən kimi mən xeyli fikrə getdim və haradansa ağlıma gəldi ki, böyük yazıçı bizə təzə sırınan bu icadın – multikulturalizmin izahını ölümündən xeyli öncə oxucularına bəxş edibmiş…

Ekonun mənim də çox sevdiyim bir essesi var. Bütün dünyada bu kiçik əsəri çox sevərlər. “Əbədi faşizm” adlanan bu əsər mənə çox ciddi təsir etdiyindən barəsində bir neçə dəfə yazmışam.

Eko deyirdi ki, faşizm ölməyib, o müxtəlif təzahürlərdə, formalarda, qiyafələrdə yaşayır – urfaşizm kimi. Deyirdi ki, hətta bəzən təğyiri-libas olub, ən gözəl qiyafədə, ən yaxşı ad ilə peyda olur, canlar alır, zülmlər edir. Elə MULTIKULTURALIZM də başqa nədir ki?! Zülmün gözəl libası!

Ölkəni ayağın altında saxla, sərvətlərini tala, neft səltənətini səfalət yuvasına çevir, səsi çıxanı həbsə at – özün də multikulturalizmdən danış. Öz xalqını əz, ona qul kimi bax, amma dünyaya müxtəlif mədəniyyətlərin birliyindən dəm vur və hətta özünü nümunə göstər. Hamının başından basıb susdur, sonra sabitlikdən danış… Zülmün gözəl libas geyməsi elə budur.

Avropa Oyunları da elə bu idi. Həm də çox bahalı libas idi. Müxtəlif festivallar, konfranslar, xaricdəki muzeylərin təmiri, ölkədəki görüntü abadlığı, hərdən kimlərisə müalicəyə yollamaq – hamısı eynidir. Qiyafələnmək, pərdələnmək, ikili davranışların arasından saxta xeyirxahlıq təbəssümləri nümayiş etdirmək! Hamısı eynidir!

Hərçənd bu təbəssümün səmimi olduğuna dünyanı və ölkəni inandırmaq çətin işdir, hətta yüzlərlə AzTV işə qoşulsa belə.

Saxtakarlıq və ikili yanaşma dərhal hiss olunur, neftin bu cür ucuz vaxtında isə lap əcaib görünür. Hər məsələdə!

Kreml erməniyə silah verəndə….

Məşhur lətifəni bilirsiniz yəqin, rusla amerikalı mübahisə edir, hərəsi öz ölkəsini tərifləyir.

Amerikalı deyir: “Bizdə o qədər azadlıq, demokratiya var, vətəndaş gəlib Ağ evin qarşısında Amerika prezidentini söyə bilir”.

Rus da deyir: “Noolsun ki? Bizdə də Kremlin qarşısında kim istəyir Amerika prezidentini söyür”.

Indi bizim şanlı hakimiyyət ruslar hər dəfə ermənilərə silah verəndə, silah üçün 200 milyon ayıranda ABŞ-ı söymək işini bir az da gücləndirirlər. Necə deyərlər, silahı rus verir, ABŞ-ı söyürlər!

Az qalırlar belə desinlər: “Axı bu Amerikanın barmağı olmasa, rus erməniyə silah verər?!”

Qalan söhbətləri də bilirsiniz! “Konqresmen Smit, sən kimsən ki, ermənilərin sözü ilə Azərbaycanda kimlərinsə azad edilməsini tələb edirsən? Sənə nə, kim bu ölkədə varlanıb xaricdə villa-milla alır? Bizim öz yolumuz var!”