Türkiyədə Əsəd rejiminin gizli agenti öldürüldü

sur-da-oldurulen-teroristTürkiyədə təhlükəsizlik qüvvələrinin PKK-ya qarşı həyata keçirdiyi əməliyyat zamanı Suriya xüsusi xidmət orqanının agenti də öldürülüb. Hadisə Diyarbəkir vilayətinin Sur rayonunda baş verib.

Türkiyə mediası xəbər verir ki, terror təşkilatın Surda qalan sonuncu dəstələri ilə növbəti atışma zamanı ölənlər içərisində bir qara uniformalı muzdlu da olub. Meyitə baxış zamanı onun üzərindən Suriya xüsusi xidmət orqanı olan “Muhaberat”a aid vəsiqə də tapılıb. Vəsiqədə onun adı Salem kimi göstərilib. Kəşfiyyat məlumatlarına görə, öldürülən suriyalı agent uzun müdət imiş ki, Surda PKK terrorçuları ilə bir yerdə döyüşürmüş.

Türkiyə təhlükəsizlik qüvvələri Suru PKK terrorçularından demək olar ki, tam təmizləyiblər. Terror təşkilatın son qalıqları rayonun 5 faiz ərazisinə sıxışdırılıblar. Hazırda Türkiyə ordu və polisi qalan terrorçuları təslim olmağa məcbur etmək istəyirlər. Terrorçular isə hələlik müqavimət göstərirlər. Əgər çox tezliklə təslim olmasalar Türkiyə təhlükəsizlik güclərinin onları zərərsizləşdirəcəyinə şübhə olmadığı deyilir.

Aydın Taş, Ankara