Ölkə başçısına təqdim olunan siyahı bu dəfə hansı taleyi yaşayacaq?
Bildiyiniz kimi ölkə başçısı Əfv Məsələləri Komissiyasının yeni tərkibini təsdiq edib. 2-3 gündür mətbuat, telekanallar bu istiqamətdə təbliğat aparır, yeni tərkibin yaradılmasını uğurlu iş kimi təqdim edir, bu tərkibə böyük etimaddan dəm vururlar.
Amma Azərbaycan reallığında sərəncamaların, fərmanların, yeni tərkiblərin heç nəyi dəyişmədiyini hamımız bilirik. Fakt budur ki, Ilham Əliyevin hakimiyyətdə olduğu 13 il ərzində Azərbaycan siyasi məhbusların sayına görə öndə olub, bütün dünyanın tənqid hədəfinə çevrilib. Əslində, Əfv Komissiyasının tərkibini çoxaltmaq əvəzinə, siyasi məhbusların tərkibini azaltmaq lazımdır. Yeni tərkibdə bir maraqlı məqam da Elmira Süleymanovanın Əfv Komissiyasından çıxarılıb, Rəşid Məcidin Komissiyaya təyin olunmasıdır. Bu dəyişikliyin özü də analoqsuzluğa sadiqliyin nümunəsidir. Amma nə fərqi var ki, lap Ilhamə Quliyevanı da bu Komissiyaya seçmək olar. Onsuz da adamlar nəticəyə təsir etmir.
Amma bir halda ki, yeni tərkib müəyyən olunub, gərək bir neçə məqama mütləq toxunaq. Əvvəla qeyd edək ki, komissiyanın katibi postu yenidən Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin əfv məsələləri sektorunun müdiri Kəmalə Ismayılovaya tapşırılıb. Ali Məhkəmənin sədrinə və baş prokurora komissiyanın iclaslarında iştirak tövsiyə olunub. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrlik etdiyi komissiyanın üzvləri bunlardır: Ramil Usubov – daxili işlər naziri, Fikrət Məmmədov – ədliyyə naziri, Əbülfəs Qarayev – mədəniyyət və turizm naziri, Mədət Quliyev – Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Fuad Ələsgərov – Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri, Allahşükür Paşazadə – Qafqaz Müsəlmanları Idarəsinin sədri, Əhliman Əmiraslanov – Milli Məclisin səhiyyə komisiyasının sədri, Bəxtiyar Əliyev – Milli Məclisin deputatı, Azay Quliyev – Milli Məclisin deputatı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Səttar Möhbalıyev – Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar Ittifaqları Konfederasiyasının sədri, Elmira Axundova – Milli Məclisin deputatı, Məlahət Ibrahimqızı – Milli Məclisin deputatı, Aynur Sofiyeva – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini, Rəşad Məcid – Yazıçılar Birliyinin katibi, Mətbuat Şurası Idarə Heyətinin üzvü, Əliməmməd Nuriyev – “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri, Mehdi Mehdiyev – Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri Ictimai Birliyinin sədri, Cəmilə Ramazanova – Azərbaycan Respublikasının əməkdar müəllimi.
Göründüyü kimi bu tərkibdə hökumət komandasının xeyli samballı adamları var. Nazirlər, Administrasiya rəhbərliyi, Şeyxülislam və.s
Xatırladaq ki, Əfv Komissiyasının üzvləri bugünə qədər müxtəlif proqnozlar veriblər və həmişə bu proqnozlar özünü doğrultmayıb. Yəni, komissiyanın üzvləri prezidentə siyahı təqdim etdiklərini, xeyli sayda siyasi məhbusun azadlığa çıxacağını söyləyirlər, amma nəticədə prezident təyin etdiyi adamların fikirlərinə “quş” qoyur. Hətta sonuncu əfvlə bağlı Komissiya üzvləri daha inamlı danışmışdılar, kimlərin azadlığa çıxacağı haqqında məlumat da vermişdilər. Nəticə isə belə oldu ki, bir nəfər də siyasi məhbus azadlığa çıxmadı. Əslində, bu mənzərə hökumətin özünüifşasıdır. Çünki, bir daha təsdiqlənir ki, siyasi məhbuslar Ilham Əliyevin şəxsi tapşırığı ilə həbs olunublar. Əks halda, Əfv Komissiyasının prezidentə təqdim etdiyi siyahı təsdiqini tapardı. Həm də sübut olunur ki, Əfv Komissiyası görüntü xatirinə yaradılıb və bu Komissiyanın fəaliyyəti nəticəyə təsir etmir. Yekə-yekə Əfv komissiyası yarat, komissiyanın tərkibini genişləndir və axırda da bu komissiyanın üzvlərinin heç bir fikri nəzərə alınmasın.
Ona görə də maraqlı bir sual ortaya çıxır. Bu dəfə Prezident Əfv Komissiyasının üzvlərinə etimad göstərəcək? Yəni, nazirlərin, Şeyxülislamın pozitiv açıqlamaları nəzərə alınacaqmı? Bu başqa məsələ ki, indiki tərkib ümumiyyətlə siyasi məhbusların adını siyahıya salmaya bilər. Çünki, bu adamlar polisin əliylə saxlanılıb, sifarişli məhkəmə hökmləriylə həbs edilib. Yeni tərkibdə də Fikrət Məmmədov və Ramil Usubov yer alıb.
Istənilən halda yaxın günlərdə yeni tərkibin də fəaliyyəti görünəcək və bu adamların nə qədər səlahiyyətli, etimadlı olduqları aşkar görünəcək.
Akif