Qonşu dövlət Azərbaycandan gedən malların Türkiyəyə məxsus olmasından şübhələnir
Rusiya ilə Azərbaycan münasibətlərində maraqlı proseslər baş verir. Fevralın 20-də Azərbaycanın Rusiya ilə sərhədindəki “Yaraq-Qazmalar” sərhəd-keçid məntəqəsində “Rosselxoznadzor”un Dağıstan Respublikası üzrə Idarəsinin müfəttişləri tərəfindən 22 ton fındığın qonşu ölkəyə keçməsinin qarşısı alınıb. Bu barədə idarənin mətbuat xidməti bildirir.
Virtualaz.org xəbər verir ki, fındıq yüklü TIR Azərbaycan ərazisindən keçməklə Rusiyadan tranzit olaraq Italiyaya getməliydi.
Lakin “Rosselxoznadzor”un müffətişləri malın fitosanitar nəzarət normalarının pozulduğunu əsas gətirərək saxlanıldığını deyiblər. Yoxlama zamanı müəyyən olunub ki, yükün fitosanitar sertifikatında fındığın Azərbaycan mənşəli olduğu göstərilib. Əslində isə fındıq Türkiyə mənşəli olub. Bununla da yükün sahibi “Bitki karantini” haqda qanunu pozub və inzibati məsuliyyətə cəlb olunub.
“Azərbaycandan aparılan pomidorlara da qadağa qoyuldu”
Bundan əvvəl “Rosselxoznadzor” Azərbaycanı Türkiyə mənşəli pomidorları “Azərbaycan malı” kimi Rusiyaya ötürməkdə ittiham etmişdi. Rusiya hökumətinin strukturu iddia edirdi ki, yanvarda Azərbaycandan Rusiyaya göndərilən pomidorun həcmi birdən-birə dörd dəfə artıb. Bu isə məhsulun əslində Türkiyədən gətirildiyini və Azərbaycan malı adı altında Rusiya bazarına daxil olduğunu deməyə əsas verir.
“Rosselxoznadzor” məsələni araşdırmaq üçün Azərbaycana müfəttişlər göndərilə biləcəyini açıqlamışdı. Lakin Azərbaycan tərəfi bu ittihamı rədd edib və Rusiyaya Türkiyə mənşəli pomidorların göndərilməsini təşkil etmədiyini bildirib. Sadəcə olaraq yanvar ayında Azərbaycanda istixanalarda məhsulun yetişdiyi vaxtdır və nəticədə Rusiyaya pomidor ixracında kəskin artım yaşanıb.
Xəbər verildiyi kimi, Rusiya Türkiyə istehsalı olan meyvə-tərəvəzin ölkəyə gətirilməsinə qadağa qoyub. Göründüyü kimi, Rusiyanın Türkiyəyə qarşı tətbiq etdiyi ticarət embaqolarından Azərbaycan da artıq ziyan çəkməyə başlayıb və indi Azərbaycan istehsalçıları istehsal etdikləri məhsulların Türkiyə mənşəli olmadığını “Rosselxoznadzor”a sübut etməlidir. Əks halda onların mallarını sərhəddə saxlaya və geri qaytara, yaxud müsadirə edə bilərlər.
“Azərbaycanlı biznesmenlərə təzyiq”
Bu hadisənin fonunda Rusiyada azərbaycanlı biznesmenlərə qarşı aparılan təzyiq də maraq doğurur. Məsələn, dünən səhər saatlarından başlayaraq Moskvada azərbaycanlı biznesmen Ramin Sultanlıya aid “Piramida” ticarət mərkəzinin söküntüsünə başlanılıb. Ticarət mərkəzinin sökülməsi üçün Tver küçəsinə xüsusi texnika gətirilib. Moskva meriyası mərkəzin qanunsuz tikinti olduğunu bildirib və bundan sonra R.Sultanlı binanı könüllü şəkildə özü sökmək qərarına gəlib.
Bundan başqa, Rusiyanın digər şəhərlərində də azərbaycanlı biznesmenlərin obyektləri bağlanır, onlara ticarəti davam etdirməyə imkan yaradılmır.
Bütün bu hadisələrlə paralel olaraq isə Rusiyanın son zamanlar Ermənistana hərbi dəstəyi güclənib. Artıq Rusiya Ermənistana dəyəri bir neçə yüz milyon olan silah ötürüb. Baş verənlərin fonunda bu təsadüfi sayılmır.
Siyasi ekspertlərin fikrincə, Rusiyanın siyasi motivlərlə iqtisadi məsələləri həll etməyə çalışması artıq heç kimi təcübləndirmir. Türkiyənin Rusiyanın təyyarəsini vurması hadisəsinə qədər bu iki ölkə arasında iqtisadi münasibətlər çox geniş miqyasda inkişaf etmişdi. Yalnız bundan sonra Rusiya müxtəlif bəhanələrlə Türkiyə mallarından imtina etməyə başladı. Azərbaycana qarşı bu vaxta qədər Rusiya müxtəlif malların keyfiyyəti ilə bağlı heç bir irad bildirməyib.
Rusiyanın Azərbaycana qarşı son addımları sadəcə olaraq təzyiq xarakterli hərəkətlərdir. Putin Rusiyanın məqsədi Azərbaycanın Türkiyəni müdafiə etməsinin qarşısını almaqdır. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, Azərbaycan hakimiyyətinin Türkiyəni birmənalı şəkildə müdafiə etməməsi Rusiyanı belə addımlar atmağa şirnikləndirir. Gürcüstan nümunəsi göstərdi ki, Rusiyanın bu tip addımlarının qarşısını almaq üçün ürkək yox, qətiyyətli mövqe lazımdır. Əks halda Rusiya Azərbaycana qarşı siyasətində daha dərinə gedəcək.
Xəyal