Dövlət qurumlarına “NAZ-Lifan” məktubu

nazlifanArtur Rasizadənin imzası ilə göndərilən məktubda avtomobillərin Naxçıvan istehsalı olan maşınlarla əvəzlənməsi tapşırılıb

Dövlət qurumlarına avtomobilləri və mebelləri dəyişmək üçün rəsmi məktub göndərilib. Bu barədə redaksiyamıza daxil olan məlumatda deyilir ki, məktubu baş nazir Artur Rasizadə imzalayıb. Dövlət qurumlarına tapşırılır ki, avtomobillər Naxçıvan Avtomobil Zavodunun istehsal etdiyi “NAZlifan” markalı avtomobillərlə, mebellər də yerli şirkətlərin,  məhsulları ilə əvəzlənməlidir.

Qeyd edək ki, ölkə başçısı Ilham Əliyev yanvarın 26-da keçirdiyi müşavirədə məmurları “NAZ-Lifan” avtomobilləri və yerli şirkətlərin istehsal etdiyi mebellər almağa çağırmışdı. “Bizim Naxçıvanda avtomobil zavodumuz var, dövlət qurumları oradan alsınlar. Yaxşı da maşınlardır. Heç xarici maşından o qədər də fərqlənmir. Çox gözəl. Daha çox alsınlar.

Indi Azərbaycanda yerli istehsal nə qədər inkişaf edir, o cümlədən mebel istehsalı. Ancaq bizim dövlət idarələrində yerli mebeldən istifadə edirlərmi? Yox. Hər bir kiçik məmur istəyir ki, onun kabinetində xarici mebel olsun. Nə üçün? Bu, nə ədəbazlıqdır. Bizdə gözəl mebel istehsal olunur. Təkcə bu, “Embawood” şirkəti deyil. Bizdə bəlkə də mebel istehsal edən onlarla şirkət var. Amma di gəl ki, bizim yüksək və kiçik vəzifəli dövlət məmurlarımız onu bəyənmirlər. Özü də onun keyfiyyəti heç bir başqa mebeldən fərqlənmir. Amma deyir ki, yox, bu, Azərbaycan malıdır, mən bunu özümə rəva bilmirəm. Mənim üçün gərək Italiya, Rumıniya mebeli olsun. Buna son qoyulmalıdır! Bütün dövlət məmurlarının kabinetlərində bundan sonra yerli mebellər olmalıdır. Bütün təftiş edən orqanlar – Hesablama Palatası, Maliyyə Nazirliyi və digər orqanlar nəzarət etməlidirlər”.

Ilham Əliyevin bu çağırışından sonra məmurlar “NAZ-Lifan” almağa başlamışdılar. Lakin indi bu barədə dövlət qurumlarına rəsmi şəkildə tapşırıq verilib.