“5-10 uşağa ana dili öyrətsən, cəzalanarsan”

sayman-aruz-guney-azerbaycanGüneydə məktəblərdə ana dili problem olaraq qalır

“Biz ana dilini şifahi öyrənmişik. Hətta böyüyəndə baxdım ki, Azərbaycan dilinin qrammatik qaydalarından xəbərsizəm və çox hallarda qurduğum cümlə qrammatikaya uyğun deyil”. Bunu Iran azərbaycanlısı, bir neçə ildir ki, Bakıda yaşayan Sayman Aruz deyir.

“Azəri türkcəsini anlamaqda çətinlik çəkirlər”

O, “Azadlıq” radiosuna müsahibəsində Iran azərbaycanlılarının ana dilində təhsil mücadiləsindən danışır: “Fars dilində orta və ali təhsil almışam. Amma evdə-ailədə hər zaman ana dilimizdə danışmışıq. Şifahi şəkildə bilirik, amma qrammatikasını tədris edən yoxdur deyə, bilmirdik. Onda özüm kitablar tapdım, başladım dilimizin qrammatikasını öyrənməyə və sonra da azərbaycanlı gəncləri öyrətməyə”.

Sayman Aruz deyir ki, Iranda başqa millətlərin ana dilində təhsil almaq kimi bir qayğısı olmasa da, etnik azərbaycanlılar bu imkandan məhrum ediliblər və illərdir, ana dilində təhsil mücadiləsi aparırlar: “Təəssüf ki, fars dilində təhsil adamların şifahi nitqinə təsir edib. Azərbaycan dilində danışır, amma baxırsan ki, cümləni fars qrammatikasına uyğun qurur. Məsələn, mənə cənubi azərbaycanlılar şeir, hekayə göndərirlər, oxuyub başa düşürəm, amma burdakı soydaşlarımız bu Azəri türkcəsini anlamaqda çətinlik çəkə bilərlər. O üzdən, müasir Azərbaycan ədəbi dil və qrammatikasını cənubi azərbaycanlılar üçün tətbiq etmək olmaz. Iran azərbaycanlıları üçün ayrıca Azərbaycan dili qrammatikası yazılmalıdır”.

“Ana dili uğrunda mübarizə uşaqlıqdan başlayır”

Sayman Aruz hər bir dilin öz yuvası olduğunu vurğulayır, yəni dilin kimliyi onun qrammatikasındadır. Bir dil başqa dilin kimliyindən istifadəylə ifadə edilirsə, o, başa düşülməyəcək. Onun sözlərinə görə, evdə bir dil, məktəbdə də başqa dillə böyüyən uşaq paradoksallarla üz-üzə qalır və böyüyəndə bu mübarizəsini ictimai sferaya keçirir.

Sayman Aruz Iranda ana dili uğrunda fəallığın yolunun həbsxanadan keçdiyini bildirir: “Bəlkə də Iran həbsxanalarında narkotik satan, cinayətkar o qədər yoxdur, nəinki milli kimliyi, ana dili uğrunda mübarizə aparanlar var. O kəslərin insan haqları uğrunda mübarizəsi Iranda cinayət kimi qiymətləndirilir, onlarla cinayətkar kimi davranılır, işgəncə verilir və haqq istəyi cəmiyyətə nahaq istək kimi təqdim edilir”.

Konstitusiya məhəllə dillərin öyrənilməsinə imkan verir, amma…

Türkiyədə yaşayan Iran azərbaycanlısı Məhsa Mehdili Bərzin deyir ki, ana dili Iran hakimiyyəti üçün siyasi məsələ olduğundan azərbaycanlılar ən çox bu istəyə görə təqib olunurlar. Onun sözlərinə görə, Iran Konstitusiyasında məhəllə dillərinin öyrənilməsi hüququ tanınır, ancaq icra olunmur: “Bunu istəyən fəallarımıza qarşı çox sərt tədbir görürlər. Uşaqlara Azərbaycan türkcəsində ad seçilməsinə, dükan-mağazaya, şirkətlərə ad verilməsinə maneə yaradılır. Hətta uşaq bağçalarında, orta məktəblərdə bu dilin təbliğinə imkan verilmir. Bir evdə 5-10 uşağa ana dili öyrətmək istəsən, səni cəzalandırarlar”.

“Ana dilində 7 kitabım var”

Iranda yaşayan aşıq Selcuq Şahbazi isə ana dilində aşıq mahnıları oxuduğu üçün təqib olunmadığını söyləyir: “Iranda heç bir millətin ana dilində təhsili olmayıb. Mən Iranda yaşayıram və ana dilim türk dilidir. Iranda türk dilində təhsil nə olub, nə də var. Fars dilində təhsil də aldım, özüm ana dilində yazmışam, oxumuşam və ana dilimdə 7 kitabım var”.

Ana dilinin qorunması üçün fəallıq göstərdiyini deyən aşıq Selcuq əlavə edir ki, hətta ana dilində “Aşıq ədəbiyyatı” adlı kitabını çap etdirib: “Hətta 7 aşıq havası da yaratmışam. Hazırda Iran və Azərbaycan aşıqlarının bir çoxu o havaları ifa edirlər”.

“Azadlıq” radiosu