Böhran və bizim sistem

mehman-kerimovMehman Kərimov, politoloq

Bəllidir ki, Azərbaycan xalqının öz potensialını tam ortaya qoyan, vətəndaş cəmiyyətinin qurulmasına yardım edən öz müstəqil milli dövləti və siyasi azadlığı olmayıb. Bizim heç zaman hüquqi dövlətimiz olmayıb. Buna görə də ölkənin siyasi spektrinin müxtəlif tərəflərindən istinad edilən xalqın aşağı səviyyəli siyasi mədəniyyəti və fəallığı, onun “dözümlülüyü” ilk növbədə, özünü xalqın elitası, təşkilatlanmış hissəsi hesab edən qüvvələrin zəifliyi ilə birbaşa əlaqədardır. Bundan başqa ölkədəki mövcud siyasi qüvvələrin heç birində perspektivlə bağlı ciddi nəzəri layihələrin olmamasını da diqqətə çatdırmaq gərəkdi.

Azərbaycanda siyasi ziddiyyətlərə səbəb olan digər amillər də mövcuddur. Mərhum tədqiqatçı, professor Həsən Quliyev qeyd edirdi ki, “haralısan” arxetipi bütün etnosun bütövlüyə inteqrasiyası (yaddan çıxarmaq olmaz ki, xalqın birliyi dövlətçiliyin təşəkkülünün vacib şərtidir), həmçinin dünyaya uyğunlaşması yolunda güclü maneədir. Müstəqilliyin əldə olunması və demokratik cəmiyyətin (vətəndaş bərabərliyinin) qurulması “haralısan?” fenomeninin ardıcıl olaraq ailə-məişət sahəsinə sıxışdırılmasını tələb edir. Bu mövcud problemlərə obyektiv yanaşmadı. Heç bir tədqiqat aparmadan birmənalı demək olar ki, bu gün bizim cəmiyyətdə dezinteqrasiya, qeyri-mütəşəkkillik var. Mövcud çeşidli lokal identikliklər bizi daxilən zəiflədir.

Hazırkı qeyri-mütəşəkkilliyinin bir qismi toplumun ideoloji həyatı ilə bağlıdır. Şübhəsiz ki, ideyalar canlı xarakterə malikdirlər. İdeologiya həqiqətən birləşdirici, səfərbəredici, tənzimedici və təşkiledici rolu yerinə yetirir, fərd səviyyəsində özünə inam, sosial rifah, həmrəylik, ruh yüksəkliyi yaradır”. İndiki hakim elitanın isə ideoloji qayğısı təsirli deyil və bir çox halda əks nəticə verir. TV-lərin səviyyəsi, təhslilin bütün pillərindəki bərbad durum göz önündədir.

Bu isə müxtəlif, ziddiyyətli ideyaların, təmayüllərin ölkə vətəndaşlarının dünyagörüşünə təsir etmişdir. Xalqın, dövlətin sütunlarını sarsıdan amillərdən biri cəmiyyət daxilində xaos, böhran vəziyyətidir, manqurtlaşmadır, tez-tez baş verən münaqişələrdir, xalqın düçar olduğu ideyasızlıq, ideologiyasızlıq “mərəz”idir. Hazırda Azərbaycan cəmiyyətində həyəcan yaradıcı amillərdən biri də onun vahid, təkmil bir istiqamətə yönəldə bilən, xalqın kollektiv ruhunu əks etdirə bilən ideyalar qıtlığıdır.

Şübhəsiz ki ideoloji sahə daim diqqət göstəriləsi, geniş kütlələrin tələbatının, ən nəhayət dövlətin varlığının əsas elementlərindən biridir. Amma bu sahədə aparılan işlər köhnə sovet təbliğat metodologiyası ilə aparılmamalıdır. Bu köhnə və özünü doğrulda bilməmiş metod cəmiyyətdə ziddiyyət və inamsızlıq yarada bilir. Sivil siyasi mədəniyyətin formalaşması uzunmüddətli və intellektual zəhmət tələb edən işdir. Xüsusən uzun illər əsarət altında yaşayan xalq üçün bu ikiqat çətindir. Demokratik ənənələrin fraqmental səciyyəli olması, modern, islahatçı potensialın qıtlığı burada başılca əngəllərdən hesab edilə bilər.

Sovet dövründə formalaşan və bu gün də realizə edilən avtoritar siyasi mədəniyyət üçün antidemokratik şüur xasdır. Bu şüur tipinə fikrimizcə aşağıdakılar xarakterikdir:

– Qrup, kollektiv maraqların insan haqlarından üstünlüyü

– mövcud problemlərin müzakirəsi və həllindən çəkinmək

– inkişafa imkan verməyən daimi harmoniya və konsensus axtarışı, ümumi kütləvi şübhəlilik

– antiplüralizm

– şəxsi təşəbbüslərin boğulması

Sadalanan səbəblərdən də hazırda demokratiya ənənələri kövrək və ictimai institutlar zəifdir. Ümumən hərdən mənə elə gəlir ki, bizim dəyərləri astarına çoxdan çevrilmiş cəmiyyətmizdə uğur qazanmaq üçün təşəbbüskar, aktiv nadan olmaq şərtdi.. Ölkədəki hazırkı böhran 2 devalvasiya aktının deyil, uzun sürən qeyri-peşəkarlığın nəticəsidi. Bizim böhran kompleks xarakterlidi- ideoloji, modenizasiya, identeklik böhranı və s. Yeni, sağlam, mütərəqqi ictimai ənənələrin yaranması üçün rəqabət mühiti, bilik, təhsil gərəkdi. Məhz bilik və təhsil!. Hansı ki, bizim adamaların böyük əksəriyyəti, fikrimcə, savadsız yox, məhz dəhşətli dərəcədə savadsızdı! Mövcud böhran isə fikrimcə daha çox məhz savadsızlığın nəticəsidi. Bizim məmurların belə ağır duruma qeyri-adekvat yanaşmalarını, rəylərini oxuduqda isə adam yalnız bir söz demək istəyir – Allah sizlərə şəfa versiz!