Nurəddin Məmmədli: «Rusiyanın bu demarşına, təzyiqinə adekvat reaksiya verilməlidir»
Rusiya Veterinar və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxodnadzor”) Azərbaycanı Türkiyə mallarını öz ərazisi vasitəsilə Rusiyaya buraxmaqda ittiham edib. Qurum rəhbəri Azərbaycanın qısa müddətdə Rusiyaya tomat ixracını kəskin artırmasının şübhəli göründüyünü deyib. Rusiya tərəfi Azərbaycan və Iranın Türkiyənin bitkiçilik məhsullarının öz ərazisiylə Rusiyaya buraxılmaması barədə öhdəliklərini yoxlayan zaman təkcə yanvar ayında Azərbaycandan Rusiyaya tomat ixracının 5 dəfə artdığını iddia edib.
Sergey Dankvertin sözlərinə görə, fitosanitar sertifikatlarda Azərbaycan tərəfi məhsulun yerli mənşəli olduğunu təsdiq edib. “Rosselxodnadzor” artıq faktla bağlı Azərbaycan rəsmilərinə məktubla müraciət edib.
Federal xidmət Azərbaycandakı tomat istehsalı müəssisələrini təftiş etmək planlarını açıqlayıb.
Türkiyə ilə Rusiya arasında ciddi konfliktlər olduğundan şimal ölkəsi indi də sözügedən məsələni ciddiləşdirmək qərarına gəlib. Lakin bu artıq iqtisadi mahiyyəti aşaraq siyasi məsələyə çevrilib. Yəni Rusiyanın bu addımı artıq Azərbaycanın daxili işinə qarışmaq deməkdir. Azərbaycan Rusiyanın bu hədəsinə cavab verəcəkmi?
Professor Nurəddin Məmmədli söyləyir ki, Rusiya bu addımla növbəti dəfə Azərbaycana təzyiq edir. O, ölkəmizin çox ciddi bir seçim qarşısında qaldığını da deyir:
“Türkiyənin baş naziri Ərdoğanın Bakı səfərində iki ölkə arasındakı münasibətlərin yeni mərhələyə qədəm qoyması proqnozlaşdırılır. Yəni Azərbaycan Qərbə, Türkiyə, yaxud Rusiya ilə münasibətləri diferensasiya etmək məcburiyyətindədir. Rusiyanın ən yaxın müttəfiqi sayılan Belarus artıq öz seçimini edərək Rusiyadan uzaqlaşan addım atdı. Qərb dünyası Azərbaycanın gələcəkdə öz siyasi oriyentasiyasını ona doğru istiqamətlənməsini istəsə də, Rusiya bununla barışmaq istəmir. Rusiyanın Azərbaycana gələrək burada məhsul yoxlaması həyata keçirməsinə nə haqqı var? Bunu hansı metodla yoxlayacaqlar? Bizim sitrus məhsulunun Türkiyə sitrusundan fərqləndiyini necə müəyyənləşdirəcəklər? Bu, təzyiq vasitəsidir və bununla bizə növbəti dəfə güclərini göstərmək istəyirlər. Müstəqil dövlət kimi Rusiyanın bu demarşına, təzyiqinə adekvat reaksiya verilməlidir”.
Nigar