Putinə Suriya atəşkəsi niyə lazimdir

assad-putin«Newsweek» Böyük Britaniyanın Rusiyadakı keçmiş səfiri Tony Brenton-un məqaləsini dərc edib. Müəllif vurğulayır ki, çoxları Suriyada atəşkəsin bu dəfə də alınmayacağını düşünür, çünki Rusiya daha çox vaxt istəyirdi:

«Qərbin qənaətincə, Rusiya Suriya prezidenti Bashar al-Assad-ın tam qələbə çalmasına kömək etmək istəyir. Yanlış fikirdir. Rusiya bilir ki, Assad 2011-ci ilin «Ərəb baharı»ndan öncəki ərazilərə tam nəzarəti ələ ala bilməyəcək. Rusiya Suriyada Qərbin gücsüzlüyü ortaya çıxandan sonra hərəkətə keçdi. ABŞ prezidenti Barack Obama Assad-ın 2013-cü ildə kimyəvi silahlardan istifadəsinə qarşı bir addım atmayanda, Putin ona zəif və bacarıqsız kimi baxmağa başladı».

Keçmiş səfir yazır ki, Rusiyanın atəşkəsi pozacağı real görünmür. Assad Suriyanı yenidən zəbt edəcəyini deyib, bəzi müxalifət qrupları da atəşkəsə qoşulmayacağını bildirib və ola bilsin, quru qüvvələr döyüşləri davam etdirəcək:

«Rusiya Assad-a kömək üçün quru qüvvələri göndərən deyil. Əfqanıstan müharibəsi hələ yaddaşlardan silinməyib… Putin-in ehtiyatlı yanaşmasının daha bir səbəbi odur ki, Suriyada itkilər artdıqca, ölkə daxilində ictimai qəzəb güclənə bilər. Rusiyada bu payız parlament seçkiləri keçiriləcək… Hazırda Putin-in reytinqi yüksəkdir. Bir səbəb də Ukrayna və Suriyaya müdaxilədir. Ancaq iqtisadiyyat ziyandadır, beynəlxalq sanksiyalardan daha çox neftin ucuzlaşması təsirini göstərib. Putin-in prezidentliyi dövründə ilk dəfə olaraq həyat standartları düşür. Putin və yaxın ətrafı bu ağrının hakim partiyanın parlamentdəki yerlərinin sayına təsirindən qorxur». (azadliq.org)