Rauf  Mirqədirov yenidən məhkəmə qarşısında

rauf-mirqedirov2Vəkil Fuad Ağayev: “Rauf Mirqədirova istinad edilən əməl ümumiyyətlə, baş verməyib”

“Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirov fevralın 18-də yenidən məhkəmə qarşısına çıxarılıb, bu dəfə Bakı Apellyasiya Məhkəməsində. Jurnalistin 6 il azadlıqdan məhrum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verilmiş şikayət üzrə ilkin baxış iclası keçirilib.

Qapalı keçirilən məhkəmə iclasında baş verənlər barədə jurnalistləri məlumatlandıran vəkil Fuad Ağayev bildirib ki, ilkin baxış iclasında dörd vəsatət qaldırıb. Müdafiəçinin ilk vəsatəti Rauf Mirqədrovun barəsində cinayət işinə xitam verilməsi barədə olub. İkinci vəsatət, cinayət işinə xitam verilməsə belə, jurnalistin barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi haqda olub. Fuad Ağayev digər vəsatətlərdə yolverilməz sübutların xaric olunmasını, prosesin məhkəmə istintaqı aparılmaqla keçirilməsini istəyib. Lakin məhkəmə ilkin baxış iclasının qərarı ilə vəsatətlərin heç birini təmin etməyib. Həmçinin məhkəmə prosesinin istintaq aparılmadan keçirilməsinə dair qərar verilib. Bu iş üzrə məhkəmə baxışı isə martın 3-nə təyin olunub.

Fuad Ağayev bildirib ki, müvəkkili ilə məsləhətləşib, ilkin baxış iclasının qərarından Ali Məhkəməyə şikayət edib-etməmək barədə qərar verəcək. Vəkilin sözlərinə görə, ilkin baxış iclasının qərarında apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmadan baxılması göstərilsə də, hakim Abid Abdinbəyov əlavə edib ki, zərurət yaransa, qismən istintaq aparıla bilər. Fuad Ağayev də hesab edir ki, apellyasiya şikayətinə tam və ya qismən istintaq aparılmaqla baxılması zəruridir: “Əgər indiki mərhələdə işə xitam verilmirsə, məhkəmə baxışı istintaqın qismən təzələnməsilə keçirilməli idi. Söhbət başqa ölkədən getsəydi, heç istintaqa, xüsusi araşdırmalara da ehtiyac olmazdı. Çünki hər şey göz qabağındadı. Sadəcə, Azərbaycan gerçəkliyini nəzərə alaraq, deyirəm ki, istintaqın təzələnməsi vacibdir. Aşkar şəkildə sübutlar ortaya qoyulsun, baxılsın, görünsün ki, Rauf Mirqədirova istinad edilən əməl ümumiyyətlə, baş verməyib.

Rauf Mirqədirov heç bir cinayət törətməyib. O, çoxdan azadlıqda olmalıydı. Daha doğrusu, ümumiyyətlə, həbs olunmamalıydı. Nə qədər gec deyil, bu pozuntu aradan qaldırılmalıdır”.

İlkin baxış iclasının qapalı keçirilməsinə gəlincə, vəkil deyir ki, buna da heç bir əsas olmayıb. Çünki bu işdə dövlət sirri hesab olunacaq heç bir məlumat yoxdur.

Fuad Ağayev əlavə edib ki, Rauf Mirqədirovun səhhətində problemlər var: “Qan təzyiqi yüksəkdir, beyin qan dövranının normallaşması üçün xeyli vaxtdır ki, dərman qəbul edir. Görmə qabiliyyəti də xeyli pozulub”.

Xatırladaq ki, Rauf Mirqədirov 2014-cü il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə ittiham olunan jurnalist Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilib. Rauf Mirqədirov ittihamı qəbul etmir və jurnalist fəaliyyətinə, tənqidi yazılarına görə həbs olunduğunu bildirir.

Aytən