Dünən Bakıda 1974-cü il təvəllüdlü Şahin Bəylərov əlinə çəkic alaraq 99 YP 423 dövlət nömrə nişanlı yol polisi maşınını əzik-əzik edib. Videogörüntülər sosial şəbəkələrdə və mediada yayıldığı üçün olayı öz gözlərimizlə gördük. Vətəndaşın polis ədalətsizliyindən yanıb-yaxılaraq bu addımı atması barədə xəbərlərdən sonra DYP rəsmisi açıqlama verdi ki, bu adam sürücü yox, yoldan keçən piyadadır. Hə, nə olsun? Bəlkə maşın vurmuş doğmasının qanı batırılıb, ona etiraz edən piyadadır?
Bu adamın sürücü olmaması motivi izah etmir. Hərçənd sonra başqa izahlar da, uydurma motivlər də ortaya çıxa bilər. Amma vətəndaşın məhz “hüquq mühafizə qurumunun” maşınını çəkicləməsi onun etiraz motivindən xəbər verir, ona görə ki, başqa çəkicləmə “meyli” olan adam üçün Bakıda maşından çox maşın var.
Ən maraqlısı odur ki, bu çəkicdöymələr – konkret etirazlar son vaxtlar artıb, lap elə kəfən geyməyə qədər. Haqsızlığa dözməyib özünə qıyanların sırasına özünə qarşı deyil, haqsızlıq edənlərə qarşı addım atanlar qoşulur. Bəzən təkbaşına, bəzən dar icmada, bir az da əcaib, amma qəzəb və aydın mesajla! Adamlar haqsızlığa dözə bilmir və dözmək istəmirlər. Neftin təntənəsinin sönməsi ilə vətəndaşların həyatında və düşüncəsində elə bir şaquli və üfüqi proses gedir ki, xalqın canını illərdir üşüdən xofun da buzu əriyir: ya hesab edirlər ki, bundan o yanı yoxdur, ya da durumun gerçək üzünü anlamağa başlayırlar!
Deyəsən, bu ölkəni yanı üstə qoyub illərdir təntənə yaşayan aşağılı-yuxarılı məmur şəbəkəsi hələ fərqində deyil buzların əriməsinin!
Ilham Əliyevin çıxışları göstərdi ki, o hələ də inkişafdan, ədalətdən, demokratiyadan hər şeyin yaxşı olmasından danışır, hətta vəziyyətin necə dəyişdiyinin fərqinə varmır.
Elə aşağı vəzifəli məmurlar da bunun fərqində deyil. Onlara elə gəlir ki, dəyişən bir məsələ var – o da neft gəlirlərinin azalmasıdır, qalan hər şey köhnə qaydada davam edir və davam edə bilər. Məsələn, son etiraz aksiyaları ən vacib yerlərdə oturan icra başçılarını bir daha bizə göstərdi. Bu adamlar durumu necə anlaya bilər? Onları haradan tapıblar? Savadsız, qaba, vətəndaşı və ölkəni hiss etməyən bu adamlar Azərbaycanın hara gəldiyini qətiyyən düşünmür və düşünə bilmirlər.
Icra başçıları bu gündədirsə, kiçik məmurlardan danışmağa dəyməz. Bütün sahələrə yalnız xeyrini güdən bacarıqsız, məsuliyyətsiz adamlar rəhbərlik edir. Onlar, sadəcə, amansızlığı, özbaşınalığı, zorakılığı bacarırlar və bəli, indiyə qədər bu yolla doğrudan da yuxarıların maraqlarını, ümumilikdə, siyasi hakimiyyəti də qorumağı bacarıblar. Amma indi həmin üsullar daha yeni və həm də yeni növ narazılıqlar, etirazlar yaradır. Həmin üsulların mahiyyəti isə heç kimə sirr deyil: yuxarıda dediyimiz kimi, haqsızlıq, özbaşınalıq, zor və soyğunçuluq! Bir də məsuliyyətsizlik!
Indi onların bu elədikləri əks-effekt verir! Cəbrayıl rayon icra başçısının hərəkətlərini gördünüz. Xarici işlər nazirinin bir müavini var – Araz Əzimov, bu günlərdə elə bir müsahibə verdi ki, bu açıqlamalar hansısa zamanda bütün xalqı ayağa qaldıra bilər. Bu davranışlar hər addımda xalqı daha da narazı salır, daha da hərəkətləndirir. Necə deyərlər, çəkic modelini gücləndirir, xalqdakı xofun buzlarını əridir.
Lakin onlar fərqində deyillər, elə bilirlər ki, xalqdakı xofun buzunu daha heç nə əridə bilməz. Buz demişkən, tarixdən maraqlı bir hadisə yadıma düşdü. Adətən bu hadisəni elmi məqsədlə xatırladırlar, amma bundan siyasi nəticə də çıxarmaq olar.
Ötən əsrin əvvəlində alman ekspedisiyası Cənub qütbünə səyahət etdi. Və məşhur “Qauss” gəmisi qütbdə buzlara ilişdi. Buzların arasında qalmış gəmini xilas etmək üçün partlayıcı maddələrdən, mişarlardan istifadə edirdilər, bir neçə yüz kubmetr buz qoparırdılar, lakin gəmini buzların caynağından ala bilmirdilər. Amma dinamitin və mişarların öhdəsindən gələ bilmədiyi işi gözlənilmədən günəş şüaları bacardı. Günəş vacib nöqtələrdəki buzları əridib gəmini azad etdi. Ən sərt buzlar əridi.
…Zülmün buzları da belədir, bir də görürsən azacıq istilik onu əridib yox edir.