Yaxud Əliyevlərin şəkərə bürünən zəhəri
Natiq Güləhmədoğlu
Naməlum səbəbdən alim, daha sonra elə o səbəbdən deputat olmuş Yaqub Mahmudovun baş redaktorluğu ilə “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası” adlı 2 cildlik kitab var. 2004-cü ildə nəşr olunub. O ensklopediyanı oxuyanda iki yerdə sanki, başıma qaynar su əndərdilər.
Qaynar su ilə ik təmas, Cümhuriyyəti (1918-20) əhatə edən kitabda Heydər Əliyev (1923 təvəllüdlü) barədə nəhəng bir məqalənin həsr edildiyini görəndə oldu. Güclə özümə gələndə Yaqub Mahmudov növbəti dəfə performans sərgilədi: Bu dəfə önümüzdə, İlham Əliyev bəli, yanılmadınız tandığımız İlham Əliyev, dövlət başçısı dayanırdı. O da AXC-yə həsr edilən ensklopediyanın içində idi. Başıma qaynar su ikinci dəfə belə töküldü.
***
Əliyevlərin Mahmudovun zaman maşını ilə olmadıqları dövrə səyahəti absurd olsa da, bu fəlakəti bir faktorla izah eləmək mümkün idi. Fərz eləmək olardı ki, Yaqubov “dərisi boğazından çıxarılan qardaşından ibarət alaraq” Əliyevləri olmadığı dövrə pərçim edib. Gənc nəsil xatırlamaz, axı 2004-cü il o il idi ki, İlham Əliyev alim İsmayıl Vəliyevin üstünə acıqlanaraq onu iclasdan qovmuşdu. Bu zavallı alimin günahı tarixi olduğu kimi yazmağa cəhd eləmişdi. Məsələn, yazmışdı ki, 1970-80-ci ildə Azərbaycanı “pripiska” başına götürüb, durğunluq hökm sürüb, 80-ci ilin axırlarında isə ölkəyə Ə. Vəzirov başçılıq edib. Bu sadə həqiqətləri qələmə almaq İsmayıl müəllimə baha başa gəldi. Qibleyi aləm onun sözünü ağzında kəsib otaqdan qovladı. İndiyədək xalq arasında gəzən əsatirlərə görə İsmayıl müəllimi iclasdan sonra hökumdarların şirlərinin arasına atıblar ki, vəhşilərə yem olsun. Ondan sonrasını bilmirəm, müəllim sağdırsa qəzetimizin gələn nömrəsinə açıqlamasın vermək olar. Xülasə, bu əhvalata görə o zaman Yaqub müəllimə, az-maz haqq vermişdim, demişdim ki, hökmdarın hirsli vaxtında o risk eləmək istəməyib. Onu da xəyal eləmişdim ki, inşallah belə əndirbadi əsərlər keçmişdə qalacaq, daha qabaqda bizi belə şok açıqlamalar gözləməz. Əfsus!
***
Keçən ay baxışa buraxılan “Əbədi ezamiyyət” adlı filmi seyr edəndə, keçirdiyim hissələri ifadə eləmək üçün “başıma isti su ələndi” sözləri istifadəyə yaramır. Bu dəfə məni qır qazanına atdılar. Bu cümlədən sonra yazdıqlarım hesab edin ki qır qazanından reportaj təqdimatıdır.
“Əbədi ezamiyyət” Əlimərdan Bəy Topçubaşlının rəhbərliyi altında Azərbaycan Xalq Cümhuriyyətinin Paris Sülh Konfransına yolladığı heyətin şərəfli, eyni zamanda ağır, kədərli taleyinə həsr edilib. Filmin ideyasına tək söz yaraşır: Bravo! Filmin ideya müəllifi diplomat Ramiz Abutalıbovdur. Ramiz müəllim AXC dövrü ilə bağlı zəngin tarixi arxiv sənədlərinə sahib olan şəxsdir. Ona Paris nümayəndə heyətimizin bir üzvü ilə Sovet zamanı Parisdə çalışarkən görüşmək də nəsib olub. Bu məsələlər filmdə yer alıb. Ancaq bu mövzu düşünürəm ki, rejissor Tahir Əliyevin çəkdiyi “Parisdən məktublar” və “Parisli azərbaycanlı” filmlərində daha ətraflı əks olub, maraqlananlar o filmləri tapıb izləyə bilər. Yeri gəlmişkən, Tahir Əliyev “Əbədi ezamiyyət”də Məmməd Məhərrəmovun obrazın canlandırıb, eyni zamanda o bu filmin məsləhətçilərindəndir.
***
İndi gəlin, görək müəllifi bu filmə müraciət etməyə vadar edən, özü də tənqidi qeydlərlə, nədir? “Obıvatel” hətta hirslənə də bilər ki, bu müxalif yazarlar elə hər şeyi tənqid eləməyə öyrəncəlidir, AXC dövründən film çəkməkdən gözəl nə ola bilər, bunu alqışlamaqdansa irad axtarırıq. İlk baxışda bəli, sadəlövh oxucu, tamaşaçı belə fikrə düşə bilər. Xüsusən, nəzərə alanda ki filmin baş prodüseri dövlət başçısının qızı Arzu Əliyeva, sponsoru isə “Heydər Əliyev Fondu”dur, onda işlər bir az mürəkkəbləşir, hətta çaşqınlıq yaranır: əcaba sülalə rejimi AXC irsinə gerçəkdən sahibmi çıxır?!
Keşkə belə olardı. Fəqət, belə deyil. Sübutlar özünü gözlətməyəcək. Biz adi şeylərdən başlaya bilərik. Məsələn, bu fakt yerətli deyilmi? Siz hər il Azərbaycan adlı Respublikanın doğum günün (28 may) də qeyd olunmasına baxın, hazırkı avtoritar rejimin qurucusu Heydər Əliyevin ad gününün təmtəraqlı keçirilməsinə də. Halbuki, heç Heydər Əliyev də inkar eləməmişdi ki, bu günkü Azərbaycan AXC-nin hüquqi və siyasi varisidir. AXC banisi Məhəmməd Əmin Rəsulzadənin adının BDU-dan götürülməsi, onun keçən əsrdə ucaldılan abidələrinin min bir hiylə ilə uçurulması, dağıdılmasını da yəqin, bir-bir xatırladıb uzunçuluq etməyə ehtiyac yoxdur.
***
“Rəsulzadənin adı niyə layiqincə əbədiləşdirilmir” tənqidini səsləndirəndə rejimin lakeylərinin ən tutarlı arqumenti bu olur. Deyirlər ki, AXC bir nəfərin – Rəsulzadənin əməyi deyil, hər şeyi onun adına bağlamaq ədalətsizlikdir!
“Əbədi ezamiyyət”in də o deyilən arqumenti (əslində səfsəfəni) gücləndirmək üçün çəkildiyini düşünmək olar. Nə üçün?
Düşünün, bir saatdandan artıq müddətli filmdə bir saniyə belə M. Ə. Rəsulzadənin obrazı görünmür. Bir saniyə belə o kişiyə çox görülüb (düzdü, filmin bir yerində onun Ə.Topçubaşı ilə məktubları nümayiş edilir). Dəhşət deyil, nədir bu?
İncilin bir yerində İsa peyğəmbər öz tərəfdarlarını pat vəziyyətə salan belə suallar ünvanlamışdı: Heç olarmı bəy öz toyunda iştirak etməsin? Heç olarmı ki, çırağı yandırıb üstünü örtəsən? İki min on altı ildi İsa Məsihin qoyduğu bu sualların cavabı “YOX” idi. Ancaq “Əbədi ezamiyyət” həmin suala “HƏ” cavabı verdi! Bravo!
***
Sual yaranır: Paris nümayəndə heyəti nəyin məhsulu idi? Bu möhtərəm heyət AXC-ni tanıtmaq üçün Azərbaycandan Parisə qədər məşəqqət çəkərək, niyyətinə nail olmuşdu. Amma bu gün Azərbaycana hökm edən insanlar AXC qurucularını tanımaqdan kor-korana üz çevirir. Min bir hiylə qurulur ki, M. Ə. Rəsulzadə kölgədə qalsın, görünməsin, tanınmasın. Bunun üçün cani-dildən çalışırlar, amma mümkün deyil. Ona görə də “çırağı yandırıb üstünü örtürlər”. Rəsulzadənin 40-cı plana atacaqsınızsa, yaxşı olmazmı heç AXC-dən söz salmayasınız? Amma yox, bunsuz da mümkün deyil. O nəhənglikdə Sovet İttifaqı, kommunist ideologiyası nələr etdi, amma AXC unudulmadı. Bəs onda nə etməli?
***
Onu etməli ki, həm AXC-dən danışırsan, həm də danışmamış kimi olursan. İdeyanı, dəyəri heç kimi təqdim edirsən. Bu böyük hiylədir, o hiyləni isə hələ 100 il qabaq Lenin belə ifşa eləmişdi: Böyük inqilabçıların sağlığında zalım siniflər onları daim təqib etmiş, onların təlimini ən vəhşi bir ədavətlə, ən azğın bir nifrətlə, ən həyasız yalan və iftiralarla qarşılamışlar. Öləndən sonra onları zərərsiz bir ikonaya çevirməyə, necə deyərlər, müqəddəsləşdirməyə çalışır, məzlum siniflərə “təsəlli” vermək və onları aldatmaq üçün həmin şəxslərin adını müəyyən dərəcə şöhrətləndirməyə cəhd edərək, inqilabi təlimin məzmununu çıxarıb atır, onun inqilabi kəskinliyini kütləşdirir, onu bayağılaşdırırlar.
Bəli, indi avtoritar Əliyevçi rejimin adda-budda AXC mövzusuna müraciətinin qayəsində bu fikir dayanır: “Onun inqilabi kəskinliyini kütləşdirmək, onu bayağılaşdırmaq”.
Əks fikir varsa, mən onları diqqətlə eşitməyə və yeni qeydlər etməyə hazıram.
***
Məqaləmizin əvvəlinə dönürük. Yaqub Mahmudovun qələmə aldığı Cümhuriyyət ensklopediyasına Heydər Əliyev və İlham Əliyev haqqında məqalə saldığına təəccübləndiyimi yazmışdım. İndi isə burdan bəyan edirəm: Yaqub müəllim, Allah sənin atana rəhmət eləsin! Təkrar vurğulayıram, Allah sənin ata-babana rəhmət eləsin.
Heç olmaya sənin o ensklopediyanda M.Ə.Rəsulzadə barədə də sanballı məqalə var. “Əbədi ezamiyyət”də isə Rəsulzadə yoxdur, amma Heydər Əliyev var!!! Bəli, bəli Heydər Əliyev, yapistlər boş yerə demirlər ki Heydər Əliyev zamanüstü şəxsiyyətdir. Ona görədir ki, biz onu “Əbədi ezamiyyət”də də görürük. Ax yazıq vətən!
Qardaşlar və bacılar, Heydər Əliyevin AXC-dən bəhs edən filmdə nə işi var? Sizi dayandıran olmasa, mən qorxuram “Dədə Qurqud”un yeni çəkilişinə də “ulu öndəri” hansısa formada salacaqsınız? Bu əməlin adı nədir, şəxsiyyətə pərəstiş, sevgimi? Xeyr. Sevginin nümayişinin min bir yolu var, bu heç şəxsiyyətə pərəstiş də deyil. Biz az-çox şəxsiyyətə pərəstişin pik vurduğu Stalinizmlə tanışıq. Eyni zamanda indi internetə əli çatan hər kəsin Stalin zamanında bizim tarixi şəxslərimiz ( Axundov, Sabir, Mirzə Cəlil, Zərdabi və s) barədə çəkilən bədii-sənədli filmləri izləyə bilər. İnandığınız haqqı, onların heç birində heç Stalinin bığı da görünmür.
Heydər Əliyevin Cavid, Mirzə Fətəli, AXC barədə filmlərə yerləşdirilməsinin iki cür izahı var:
Bir: Rejim anlayır ki, təbii yolla Heydər Əliyevin müsbət obraz kimi tarixdə qalması mümkünsüzdür.
İki: yaradıcı heyət bu yolla öz istedadsızlıqların pərdələyirlər.
***
Bura qədər yazdıqlarımız indi oxuyacağınız faktın yanında heç nədir. Film bilirsizmi nəylə bitir? Paris nümayəndə heyəti üzvlərinin Heydər Əliyevlə birgə Səməd Vurğunun “Azərbaycan” şeirini səsləndirməsi ilə. Vur, məni öldür!
Öz şeirində Rəsulzadəni “şarlatan”, “xain”, “vətəni satan” adlandıran bir şairinin şeirini AXC haqda filmin möhürbəndi eləmək ancaq bizimkilərdən çıxardı.
Ona görə iddia edirəm, bu insanların AXC-yə zərrə qədər də qanı qaynamır. Bu film də, Leninin izahatından başqa bir şey deyil. Olsaydı, hətta ən istedadsız rejissor, senarist heç olmaya sonluğa Rəsulzadənin “Azərbaycan” şeirini salıb, o monoton filmdə tempi dəyişib tamaşaçıda riqqət yaradardı.